Moskva həvəslənməsin! - “Türkiyə Qarabağı rus sülhməramlılarına buraxmayacaq” - ŞƏRH 

“Türkiyə sülhməramlıları mütləq Qarabağda olacaq”

 “Qardaş ölkə Qarabağla bağlı heç bir məsələni yalnız Rusiyanın öhdəsinə buraxmaq niyyətində deyil”

“Rəsmi Ankara Rusiya ilə bərabərhüquqlu səlahiyyətlərə sahibliyini qabardır”

“Rusiya da, digər ölkələr də qəbul etmək məcburiyyətindədirlər ki, Türkiyə artıq Azərbaycandadır”


Qarabağda atəşkəsdən sonra həyata keçiriləcək işlər çərçivəsində bu gün Rusiyadan geniştərkibli heyət Ankaraya gedib. “Haber Global”ın məlumatına görə, Türkiyə Milli Müdafiə naziri Hulusi Akar bu gün Rusiyadan geniş nümayəndə heyətinin Ankaraya gələcəyini və Qarabağdakı atəşkəsdən sonra görüləcək işlər barədə texniki danışıqların aparılacağını açıqlayıb. Ankaraya gələn Rusiya nümayəndə heyəti ilə Türkiyə Xarici İşlər səlahiyyətliləri arasında iş yeməyi başlayıb. Heyət günortadan sonra Milli Müdafiə Nazirliyinə gedəcək və texniki məsələləri müzakirə edəcəklər. Hərbi yüksək səviyyəli nümayəndə heyətlərinin keçirəcəyi iclaslarda taktika və texnika baxımından hansı tərəfin harada dayanacağı, neçə nəfər olacağı, hansı fəaliyyətlərin həyata keçiriləcəyi kimi məsələlər müzakirə olunacaq.

Siyasi analitik Elçin Xalidbəyli sözügedən görüşlə bağlı fikirlərini “Sherg.az”la bölüşüb:

“Rusiya Müdafiə Nazirliyinin geniş tərkibli nümayəndə heyətinin Türkiyəyə səfər edəcəyini qardaş ölkənin milli müdafiə naziri Hulusi Akar da bəyan etmişdi. Eyni zamanda Hulusi Akar onu da bildirmişdi ki, bu səfərdə əsas məqsəd kimin nə işlə məşğul olacağını və kimin Qarabağda harada duracağını müəyyən etməkdir.  Bu açıqlamadan da görünür ki, bir çox önəmli məqamlara hələ də tam aydınlıq gətirilməyib. Və müzakirələr üçün kifayət qədər ciddi mövzular gündəmdədir. Məsələn, Rusiyanın xarici işlər naziri Sergey Lavrov başda olmaqla, bəzi Kreml təmsilçiləri  guya Qarabağda yalnız Rusiya sülhməramlı qüvvələri fəaliyyət göstərəcəyini israrla vurğulayırlar.

Həmçinin Türkiyə hərbçilərinin sadəcə, ortaq atəşkəsə nəzarət və monitorinq mərkəzində yer alacaqları bildirilir. Bu, rəsmi Moskvanın istəyi və arzusudur. Türkiyə rəsmilərinin açıqlamaları isə məsələnin tamamilə fərqli məzmun daşıdığını göstərir. Belə ki, prezident Rəcəb Tayyib Ərdoğan Rusiya sülhməramlı qüvvələri Qarabağda hansı statusda olacaqsa, Türkiyə hərbi kontingentinin də eyni statusa və səlahiyyətə sahib olacağını birmənalı şəkildə vurğulayıb.

Eyni zamanda Hulusi Akar Qarabağda “oldu-bitdi” deyə bir şeyin olmadığını söyləyib. Bu iki açıqlama da birbaşa Rusiyanın siyasi rəhbərliyinə ünvanlanıb. Rəsmi Ankara bununla Kremlə mesaj verir ki, Türkiyə sizin nə etmək istədiyinizi bilir. Ancaq heç də hər şey sizin istədiyiniz kimi olmayacaq”

E.Xalidbəylinin fikrincə, Türkiyə sülhməramlıları mütləq Qarabağda olacaq:

“Yəni Türkiyə Qarabağla bağlı heç bir məsələni yalnız Rusiyanın öhdəsinə buraxmaq niyyətində deyil. Rəsmi Ankara bütün problemlərin həllində iştirak edən tərəf olduğunu və Rusiya ilə bərabərhüquqlu səlahiyyətlərə sahibliyini qabardır. Bütün bunları nəzərə aldıqda, ehtimal etmək olar ki, Ankarada Rusiya və Türkiyə sülhməramlı qüvvələrinin fəaliyyət göstərəcəkləri ərazilər dəqiqləşdiriləcək.

Bu baxımdan, Türkiyə sülhməramlı qüvvələrinin də ruslarla paralel Qarabağda yerləşdiriləcəyi qətiyyən istisna deyil. Əminəm ki, savaşdan öncə və savaşdan sonra bütün imkanları ilə Azərbaycanın yanında olan Türkiyə Qarabağı rus sülhməramlı qüvvələrinə buraxmayacaq və bu önəmli məsələdə də Azərbaycanın yanında olacaq”

Analitikin sözlərinə görə, iki qardaş dövlət arasında əməkdaşlıq daimi olacaq:

“Rusiya da, region da maraqları olan digər ölkələr də qəbul etmək məcburiyyətindədirlər ki, Türkiyə artıq Azərbaycandadır. Cənubi Qafqazda cərəyan edən və edəcək istənilən prosesdə Türkiyənin hərbi-siyasi iradəsi ön planda olacaq.

Prezident Rəcəb Tayyib Ərdoğan da son açıqlamasında Türkiyə və Azərbaycanın bundan sonra öz gələcəklərini birlikdə, ortaq şəkildə quracaqlarını bəyan edib. Ona görə də Rusiya Cənubi Qafqaza və Azərbaycana nəzarəti ələ keçirdiklərini düşünüb, qətiyyən həvəslənməsin.

Artıq Azərbaycan onların düşündüyü kimi deyil. Üstəlik, Türkiyə də həm hərbi, həm də siyasi cəhətdən artıq çoxdan Cənubi Qafqazda və Azərbaycandadır. Beləliklə, əminliklə qeyd etmək olar ki, Türkiyə sülhməramlı qüvvələri dekabrın 12-dən başlayaraq, Qarabağda fəaliyyətə başlayacaqlar. Rusiya hərbçilərinin Ankaraya səfəri çərçivəsində də məhz bu məsələdən irəli gələn məqamlar və detalların müzakirə ediləcəyi gözlənilir”.