Şəhid valideynləri başımızın tacıdır

Azərbaycan Türk Ocağı Bərdədə şəhid ailələrini ziyarət edib

Akif Aşırlı bildirib ki, dövlətimiz, xalqımızın Vətən uğrunda canını fəda etmiş insanları, onların ailələrini əsla diqqətdən kənarda qoymur və qoymayacaq


Türkiyə “Türk ocaqları”nın Bərdədə təşkil etdiyi yardım kampaniyası çərçivəsində Azərbaycan Türk ocağının nümayəndələri rayonun Şirvanlı kəndində bir neçə şəhid ailələrinə də baş çəkiblər. İlk olaraq şəhid gizir Əlizamin Ramazanlının yaşadığı ev ziyarət olunub. Ramazanlılar ailəsi vaxtı ilə Xocalının Kosalar kəndindən qaçqın düşüblər və Bərdə rayonunda məskunlaşıblar. Şəhidimizin atası Umud Ramazanlı övladının Hadrut və Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşdüyünü və şəhid olduğunu deyib. Şəhidimizin anası isə hər gənc kimi onun övladının da Vətən borcunu yerinə yetirdiyini bildirib: “Hər insana şəhidlik, hər anaya şəhid anası olmaq qismət olmur. Bu da bizim qismətimizdir. Mən pis olmuram, oğlumu Vətən yolunda vermişəm”. 

Şəhidimizin yaxınları deyiblər ki, Ə.Ramazanlı müharibə başlayan gündən Kosalara bayraq sancacağını deyirmiş: “Xəbərini alanda dedim anan ölsün ay bala, bir ay gec şəhid olardın, torpaqlarımızın alınmasını görərdin, bayraq sancardın, elə öz torpağında şəhid olardın”.

Yaxınlarının sözlərinə görə, Əlizamin hərbi xidməti başa vurduqdan sonra gizirlik məktəbini oxuyub. 9 ay ərzində kəşfiyyatçı kimi Azərbaycan Ordusunda xidmət göstərib. 

Azərbaycan Türk ocaqlarının sədri Akif Aşırlı vurğulayıb ki, Vətən uğrunda canını fəda edən heç bir igidin qanı yerdə qalmır və qalmayacaq: “Şəhid anaları, ataları başlarını dik tutsunlar. Şəhidlər müqəddəsdir və hər adama bu uca zirvəyə çatmaq nəsib olmur. Şəhid valideynlərinin ağrı-acılarını paylaşırıq. Başınız sağ olsun, Allah bütün şəhidlərimizə rəhmət etsin”.

Qəhrəman şəhid gizirimizin ailəsinin əsas istəyi mümkün çərçivədə Əlizamin Ramazanlının adının əbədiləşdirilməsi ilə bağlı olub. Heç şübhəsiz, igid övladlarını Vətən uğrunda qurban vermiş gözü yaşlı şəhid yaxınlarının bu arzusunu reallaşdırmaq dövlət və xalq olaraq boynumuzun borcu, şəhidimizin halal haqqıdır. Ailə üzvlərinin digər xahişi isə Şirvanlı kəndinə, daha doğrusu, bir neçə qaçqın ailəsinin yaşadığı həmin bölgəyə mavi qaz enerjisinin çəkilməsi ilə bağlı olub. Bildirilib ki, burada məskunlaşmış ailələr kasıb olduqları üçün odun tədarükü edə bilmir, qış aylarında soyuqda yatıb-dururlar. Ümid edirik ki, müvafiq qurumlar şəhid ailəsinin arzu və problemlərinə biganə yanaşmayacaq. 

Daha sonra şəhid polkovnik-leytenant, kəşfiyyat rəisi Elzamin Təhməzovun evinə gedilib. Məlumat üçün bildirək ki, şəhid polkovnikin yaşadığı küçənin başında adının əbədiləşdirilməsi üçün xatirə bulağı tikilib. Şəhidin atası Təhməzov Kamal övladının qəhrəmanlığının rayon camaatına bəlli olduğunu deyib: “Oğlum sıradan zabit deyildi.

Ordumuzun qələbələri, torpaqlarımızın azadlığı uğrunda müstəsna xidmətləri olub. Xalqımız öz igid oğullarının qiymətini layiqli şəkildə verir, qəhrəmanlıqlarını xatırlayır, unudulmağa qoymur. Bu qələbə bizə qan hesabına başa gəldi. Nə qədər oğullarımız şəhid oldular. Allah bütün şəhidlərimizə rəhmət etsin, valideynlərinə səbr versin, biz də onların içində”. 

A.Aşırlı şəhid valideynlərinin başımızın tacı olduğunu söyləyib.

Vurğulayıb ki, dövlətimiz, xalqımızın Vətən uğrunda canını fəda etmiş insanları, onların ailələrini əsla diqqətdən kənarda qoymur və qoymayacaq. Şəhidlərimizin adlarının əbədiləşdirilməsi, xatirələrinin yaşadılması üçün addımlar atılacaq. 

Son olaraq şəhid Qarayev Elyas Vəli oğlunun ailəsi ziyarət olunub. Şəhidin bacısı qardaşının Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldığını söyləyib.