Sonuncu pisliklərini də gördük

Kəlbəcərdəki erməni vandallığını beynəlxalq media işıqlandırdı

İşğal olunmuş Kəlbəcərdən çıxan zaman vurduqları ziyan hesablanacaq. Ermənistan hakimiyyəti bunun qarşısında cavab verməli olacaq. Ermənilər beynəlxalq hüquq qarşısında cavab verməli, təzminat ödəməlidirlər və ödəyəcəklər də


Kəlbəcər işğal olunandan sonra qanunsuz şəkildə rayona yerləşdirilən ermənilər azərbaycanlılara məxsus evlərdə yaşayırdı. İndi rayonu tərk edərkən, həmin evləri yandırır, “biz yaşamırıqsa, heç kim yaşamasın” prinsipi ilə davranırlar. Bununla yanaşı, meşələri qırır, yandırır, bütün infrastruktura od vururlar. Vandalizm hərəkətləri ermənilərin mahiyyətini aşkar şəkildə göstərir. Beynəlxalq media tərəfindən yayılan foto və videolarda da bu vəhşilik öz əksini tapır.

Rusiyanın “RBK” agentliyinin Kəlbəcərdəki müxbiri Aleksandr Atasuntsev yazır ki, ermənilər gedərkən evləri və meşələri qəsdən yandırdırırlar, hətta məktəb binasına da od vurulub. BBC-nin reportajında isə evi yandıran erməni belə deyir: “Mən yaşamıramsa, heç kim yaşamasın”. Beynəlxalq medianın yaydığı görüntülərdən də məlum olur ki, ermənilər təhlükəsiz şəkildə atəşə məruz qalmadan rahatlıqla Kəlbəcərdən çıxır. Hətta rahat şəkildə evlərin damına, unitaza qədər söküb aparırlar.

“Srutnik Ermənistan”ın çəkiliş qrupu Kəlbəcərdən çıxan erməni əhalisinin fotolarını yayıb. Fotolarda aydın görünür ki, ermənilər əsasən bütün əşyalarını yük maşınlarına yükləyərək, daşıyırlar, mal-qaranı da rahat şəkildə apara bilirlər. Bundan əlavə, sosial şəbəkədə paylaşılan digər bir fotoda isə ermənilərin Kəlbəcərin Yeni Erkeç kəndində Birinci Qarabağ savaşında ölən döyüşçülərinə qoyduqları abidəni sökdükləri əks olunub. Onlar hətta meşələri belə yandırmaqdan çəkinməyiblər.

Bu, 27 il öncə Kəlbəcərin işğalı zamanı ermənilərin azərbaycanlılara qarşı vandallığını xatırladır. 1993-cü ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub, 500-dən artıq dinc sakin həlak olub, yüzlərlə insan girov və ya itkin düşüb. Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı erməni ordusu tərəfindən qarət olunub. 27 il öncəki vəziyyətlə bu gün baş verənlər arasındakı fərq iki ölkə, iki xalq arasındakı fərqdir. 

Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov deyib ki, qeyri-qanuni məskunlaşan ermənilər Kəlbəcərdən çıxarkən öz mənfur ənənələrinə sadiq qalaraq vandallıq edir, evləri yandırır, təbiətə ziyan vururlar, yenə də öz xislətlərini göstərirlər. Bütün dünya anlamalıdır ki, ermənilər Kəlbəcərə müvəqqəti gəlib məskunlaşmışdılar və orada heç bir ev tikməyiblər.

Orada kəlbəcərlilər yaşamışdı və kəlbəcərlilər öz evlərini, ev əşyalarını salamat qoyub çıxmışdılar. Amma ermənilər bu gün çıxanda o evləri yandırırlar, dağıdırlar:

“Bütün dünya bu barbarlığı görməlidir və lazımi qiymət verməlidirlər. Ermənilər düşünməsinlər ki, bu barbarlıqları cavabsız qalacaq. 30 il müddətində işğal olunmuş ərazilərimizə dəymiş zərər, o cümlədən dağıdılmış evlər, yaşayış binaları, təbiətə vurulan ziyan və bu gün də mülki obyektlərə atılan atəşlər, dağıntılar, işğal olunmuş Kəlbəcərdən çıxan zaman vurduqları ziyan hesablanacaq.

Ermənistan hakimiyyəti bunun qarşısında cavab verməli olacaq. Ermənilər beynəlxalq hüquq qarşısında cavab verməli, təzminat ödəməlidirlər və ödəyəcəklər də”. 

Millət vəkili Musa Quliyev də bildirib ki, erməni vandallığı yeni bir şey deyil. Deputatın sözlərinə görə, ermənilər uzun illər işğal altında olan bütün torpaqlarımızı məhv edib, dağıdıblar:

“Ermənilər işğal etdikləri rayonlarımızda salamat bina qoymayıblar. Ağacları doğrayıb, meşələri yandırıb, flora və faunanı məhv ediblər. Sularımızı və çaylarımızı zəhərləyiblər.

Bu gün çıxmaq məcburiyyətində qaldıqları üçün bizə qarşı sonuncu pisliklərini edirlər. Kəlbəcərdə, Laçında və digər rayonlarda bu cür vandal addımlarla istəyirlər ki, guya, Azərbaycana ziyan vursunlar.

Erməni sakinləri və Ermənistan dövləti anlamalıdır ki, onların bu vandallığı və vəhşiliyi cavabsız qalmayacaq. Azərbaycana vurduqları maddi və mənəvi zərərin hesabını ödəməyə məcburdular.

Təzminat üçün biz beynəlxalq məhkəmələrə müraciət edəcəyik. Onlar çox ciddi şəkildə bunun əvəzini və cavabını verəcəklər”. 

Deputat qeyd edib ki, hər şey yenidən qurulacaq və abadlaşdırılacaq: “Bütövlükdə Qarabağ torpağına yeni nəfəs gələcək və bu bölgəni turizm mərkəzinə çevirəcəyik.

Biz Ermənistan dövlətinə təzminat davasını açacağıq. Ermənilər bu vandal addımları atan zaman fikirləşməlidirlər ki, bunun hesabını Azərbaycana ödəyəcəklər.

Əsas odur ki, torpaqlarımızı geri qaytardıq, ərazi bütövlüyümüzü təmin etdik. Cənab prezidentin müəyyən etdiyi proqram üzrə bərpa işlərinə başlayacağıq.

Amma erməni vandalizminə qarşı beynəlxalq ictimaiyyət də öz fikirlərini bildirməlidir. Xarici jurnalistlər oraya gedib, imkan daxilində çəkilişlər edib, erməni vəhşiliyini bütün dünyaya göstərməlidirlər.

Biz də əlimizdə olan erməni vandalizimi ilə bağlı materialları dünya ictimaiyyətinə çatdırmalıyıq ki, görsünlər ki, biz bu illər ərzində necə vəhşi toplumla mübarizə aparmışıq”.