Ermənilər məğlub baş naziri dəyişməyə çalışacaq

Ancaq Paşinyanın əvəzlənməsi sayəsində erməni ideoloqlarının istəklərinin həyata keçməsi mümkün görünmür

Çox yaxın gələcəkdə ermənilər vəziyyətlə barışmağa məcbur olacaqlar

Paşinyan hakimiyyətini saxlamaq və yaratdığı siyasi situasiyanı stabilləşdirməyə çalışacaq

Ermənistan Prezidenti Armen Sarkisyan xalqa müraciət edib. Sarkisyan Milii Məclisi və hökuməti növbədənkənar parlament seçkilərinə hazırlaşmağa çağırıb. Onun sözlərinə görə, Ermənistan müharibədə həm döyüş meydanında, həm də diplomatik arenada uduzub: “Cəmiyyətimiz çalxalanır. Yaralı iqtisadiyyat nəhəng sosial problemlərlə yüklənib. Qarabağdan böyük insan kütləsinin axını nəticəsində humanitar fəlakət baş verib. Biz reallığı görməzdən gələrək adi tərzdə yaşayışımızı davam etdirə bilmərik”.

Sarkisyan deyib ki, son günlər ərzində parlamentdəki və parlamentdənkənar qüvvələrlə, ictimai qruplar və fərdlərlə bir neçə görüş keçirib, diaspora nümayəndələri ilə telefon söhbətləri aparıb. Mütləq əksəriyyətin fikri belədir - hökumət buraxılmalı, Nazirlər Kabinetinin səlahiyyətlərinə xitam verilməli və erkən parlament seçkiləri keçirilməlidir. Erməni prezident əmindir ki, müharibənin bitməsinə baxmayaraq, xalq yeni sınaqlar dövrünə qədəm qoyur və hər bir səhvin faciəvi nəticələri ola bilər. Görüşlər və məsləhətləşmələrin nəticələrinə əsasən, prezident Sarkisyan hesab edir ki, vəziyyətdən yeganə ləyaqətli çıxış yolu növbədənkənar parlament seçkilərinin keçirilməsidir. 

Ümumiyyətlə, kapitulyasiya sənədinə imza atdıqdan sonra Paşinyan hökumətinə qarşı etirazlar və ittihamlar  güclənməkdədir. Ötən gün İrəvanın Azadlıq meydanında 17 müxalifət partiyasının iştirakı ilə mitinq keçirilib. Aksiya iştirakçıları Paşinyanın istefasını və müvəqqəti hökumətin formalaşdırılmasını tələb ediblər. 

Düşmən ölkədəki gərgin siyasi vəziyyəti “Şərq”ə təhlil edən Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib ki, hazırda erməni cəmiyyətini ən çox düşündürən məsələ Dağlıq Qarabağ üçün müəyyən “status” əldə etməkdir. Məğlub Paşinyan isə indiki şəraitdə həm beynəlxalq səviyyədə, həm də daxildə nüfuzunu itirdiyi üçün bu formatda danışıqlara hazır deyil. Hətta buna cəhd etsə belə uğurlu nəticə gözlənilmir:

“Prezident İlham Əliyev bütün parametrləri ilə Paşinyanı məğlub edərək düşmənin üzərində üstünlük qazanıb. Ona görə də erməni cəmiyyəti ilk növbədə məğlub baş naziri dəyişmək üçün çalışacaq ki, yeni rəhbər daha inamlı hadisələrin içərisinə girə bilsin. Lakin Paşinyanın əvəzlənməsi sayəsində erməni ideoloqlarının istəklərinin həyata keçməsi mümkün görünmür. Azərbaycan tərəfi Dağlıq Qarabağın statusunun günün mövzusu olmadığını dəfələrlə dilə gətirib.

İki ay öncə problemin həlli üçün Azərbaycanın da razılaşdığı prinsiplər üzrə proses həyata keçirilsəydi, indi vəziyyət tamamilə başqa cür olardı. Baş verənlər Ermənistanın və onun havadarlarının seçimi idi və reallıq artıq başqa vəziyyəti diktə edir. Bütün bunlara baxmayaraq, Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasına və həbs olunmasına qədər proseslər davam edə bilər”. 

Politoloq vurğulayıb ki, Levon Ter-Petrosyandan sonrakı Ermənistan rəhbərləri birbaşa rusiyayönlü olmaqla yanaşı, həm də “Qarabağ əsilli”dirlər. Bu klan həm də rüşvət və korrupsioner rejim kimi yaddaşlarda qalıb:

“Klanın yenidən hakimiyyətə gəlməsinin perspektivi yoxdur. Hətta Ermənistan Prezidenti Armen Sarkisyanın da Paşinyanı istefaya çağırması səmimi deyil və erməni cəmiyyətinin şok vəziyyətində kütləvi etirazına yönəlmiş çağırışdır. Hesab edirəm ki, çox yaxın gələcəkdə ermənilər vəziyyətlə barışmağa məcbur olacaqlar. Paşinyan hakimiyyətini saxlamaq və yaratdığı siyasi situasiyanı stabilləşdirməyə çalışacaq.

17 partiyanın onun istefasını tələb edən bəyanatla çıxış etməsi vəziyyəti bir qədər mürəkkəbləşdirsə də, Paşinyan müxalifəti təqib etməkdə davam edir. Ermənistan Ali Məhkəməsinin müxalifət liderlərinin həbsinə razılıq verməməsinin ardından Paşinyan çox təhlükəli bəyanat verərək Qarabağda döyüşən hərbiçiləri Yerevana, ona dəstək verməyə çağırdı. Bu, baş nazirin hakimiyəti asanlıqla təhvil vermək niyyətindən uzaq olduğunun sübutudur.

Həmçinin, Qərb və Fransadan ciddi dəstək alan Paşinyan kadr dəyişikliyinə gedir və nazirləri vəzifədən uzaqlaşdırır”.