Paşinyan kimi "liderlər" xalqını xoşbəxt edə bilməz

Erməni cəmiyyəti itkilərinə mat qalıblar, çünki 100 faiz aldanıblar

Ermənistan ordusunun general-polkovniki, sabiq Baş Qərargah rəisi Movses Akopyan mətbuata geniş açıqlamalar verib. O bildirib ki, Ermənistan Müdafiə Nazirliyinin Vahid İnformasiya Mərkəzi ictimaiyyəti cəbhədə baş verənlərlə bağlı əvvəlcədən məlumatlandırmalı idi: "Qaydaya görə, belə Mərkəzlər 30 faiz yalan və 70 faiz doğru məlumat yaymalı idi. Amma bizim mərkəzin yalanları 100 faizi ötüb keçmişdi. Məhz buna görə insanlar üçtərəfli razılaşma barədə eşidəndə belə çaşqınlıq yaranmışdı”.



Erməni generalın etiraflarına münasibət bildirən siyasi-şərhçi Azər Həsrət "Şərq"ə açıqlamasında vurğulayıb ki, düşmənin yalan danışması təəccüblü və yeni bir şey deyil. Siyasi şərhçi qeyd edib ki, biz illərdir ki, bütün dünyaya Ermənistan hakimiyyətinin öz xalqını aldatdığını deyirik:

"Lakin təəssüflər olsun ki, bizi dinləmək istəyənlərin sayı elə də çox deyildi. 44 günlük müharibədə dünya bir daha şahid oldu ki, Ermənistan hakimiyyətinin önündə gedənlər yalançıdır. Onlar həm dünyanı, həm də öz xalqını aldatmaqla məşğuldur. Biz də o yalanları faktlarla dünyaya yayaraq sübut edirdik ki, Ermənistan hakimiyyəti yalan danışır. Amma Ermənistan bu yalanları ört-basdır etməyə çalışırdı, yəni onlar, guya, Azərbaycanın yalan danışdığını deyirdilər. Hətta o qədər həyasızlaşmışdılar ki, noyabrın 8-də Ermənistanın işğalından azad olunmuş Şuşa ilə bağlı utanmadan açıqlama verib iddia edirdilər ki, Şuşa hələ də Ermənistanın nəzarəti altındadır. Bu gün isə onların çox yüksək səviyyəli hərbi rəsmiləri Azərbaycanın günlərdir, aylardır dediklərini öz dilləri ilə təsdiq edir. Onlar artıq açıq şəkildə bəyan edirlər ki, öz xalqlarını uzun müddət aldadıblar. Özü də 100 faizli yalanlarla".

Ekspert vurğulayıb ki, bütün bu proseslərdən erməni xalqı özünə dərs götürməlidir:

"Ermənistan xalqı nə gündə olduğunu və onlara başçılıq edənlərin kimliyini bir daha götür-qoy etməlidir. Bu gün Azərbaycan onlara çox gözəl şans verib, yəni müharibəni biz döyüşlə davam etdirə bilərdik. Bütün erməni ordusunu darmadağın etməklə, torpaqlarımızı işğaldan azad edə bilərdik. Lakin biz son anda belə onlara barış əlimizi uzatdıq. Yəni müharibəni dayandırıb, dinc yolla məsələni sona çatdırmağı seçdik. Ona görə də Ermənistan xalqı Azərbaycanın bu xoşməramlı niyyətinə uyğun yanaşma sərgiləməlidir. Yəni onların liderləri erməni xalqını xoşbəxt edə bilməyəcək. Ermənistanın xoşbəxtliyi, çiçəklənən sabahı məhz Azərbaycandan asılıdır".