İşğaldan azad olunan bütün bölgələr yenidən dirçələcək

"Azərbaycan xalqı birliyi və ölkə başçının ətrafında sıx birləşməsi, ordumuz isə bu birlik və bərabərlikdən, həmçinin inamdan aldığı güc ilə 44 gün ərzində əsl vətənpərvərlik nümunəsi sərgilədi. “Vətən torpağından pay olmaz” ifadəsini bir daha sübut edən ordumuz işğalçı düşmənə sarsıdıcı zərbələr endirərək hər gün xoş xəbərlə xalqımızı bir az daha qürurlandırdı. 44 günlük münaqişə artıq Azərbaycan, Rusiya və Ermənistanın 3 tərəfli Bəyanatı əsasında Azərbaycanın mütləq qələbəsi ilə yekunlaşmışdı. Erməni silahlı qüvvələri Bəyanata əsasən müəyyən edilən tarixlərə əsasında Azərbaycan Respublikasına məxsus işğal etdiyi ərazilərindən çıxarılmaqdadır. Hansı ki, bu şərt münaqişənin həlli yolunda illərdir davam edən danışıqlarda bir neçə dəfə Ermənistan rəhbərliyinə ölkəmiz tərəfindən təklif edilmişdir. Görünür bu yolun qəbulu üçün hərbi-siyasi yolun tətbiqi zəruri idi".

Bu sözləri "Şərq"ə açıqlamasında millət vəkili Şahin Seyidzadə deyib. Parlament üzvü bildirib ki, Bəyanatın imzalanmasından müəyyən qədər vaxt keçməkdədir. Artıq sazişdə qeyd edilən şərtlərin və icra olunmalı proseslərin birinci mərhələsi baş tutub:

"Azərbaycanın işğal altında olan Ağdam rayonundan erməni silahlı qüvvələri tamamilə çıxarıldı. 30 illik münaqişənin 44 gün ərzində qələbə ilə yekunlaşması kimi, Ağdam rayonunun da danışıqlarla heç bir itki verilmədən azad olunması sözsüz ki, tarixi anlardan növbətisidir. Ağdam XX əsrin 90-cı illərinin əvvəlində baş tutan Qarabağ müharibəsinin ən çox şəhid verən rayonlarından biri olmuşdur. Lakin 20 noyabr 2020-ci il tarixində qətiyyətli formada yeridilən siyasətin nəticəsi oalraq heç bir hərbi əməliyyat keçirilmədən azad edildi. İmzalanan 3 tərəfli bəyanata əsasən artıq Azərbaycanın ərazilərinin azad olunmasının ilk addımları atıldı. II Dünya müharibəsindən sonra, XX əsrin son yarısı XXI əsrin əvvəlinə nəzər salan zaman nadir hallardan birinin Azərbaycan tarixində yaşandığını görürük. Qeyd edilən dövrə nəzər yetirən zaman dünyada baş tutan fərqli münaqişələrin gedişatı və yekunlaşmasında çox nadir görülən bir hal vardır. İşğalçı tərəf heç bir güllə atmadan işğal etdiyi torpaqları tamamilə geri qaytarır. Bu hər tərəfli sevindirici haldır. Çünki həm torpaqlarımız işğaldan azad olunur, həm də bu proses şəhid və itkilər olmadan həyata keçirilir".

Ş.Seyidzadənin sözlərinə görə, Azərbaycanın üçün çox əhəmiyyətli olan bölgələrdən biri olan Ağdamın ölkə rəhbərliyinin qətiyyəti və dönməzliyi ilə bu formada azad olunması həqiqətən də qürurvericidir:

"Təəssüfləndirici bir hal vardır ki, erməni silahlı qüvvələri 30 il ərzində işğalçılıq siyasi yeritdikləri ərazilərdə infrastruktur və resursları talan etməklə məşğul olduğu üçün hazırda işğaldan azad olunan bölgələrimizdə ciddi işlərin görülməsinə zərurət var. Amma artıq dəqiqliklə deyə biləcəyimiz bir məqam var ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də çıxışlarında bir neçə dəfə qeyd etdiyi kimi, işğaldan azad olunan bütün bölgələr yenidən dirçələcək, həyat və infrastuktur yenidən qurulacaq".