Şuşa əməliyyatı dünyanın diqqətində: “Unikal müharibə üsulu...”

“Əsgər və zabitlərimizin döyüşü ilə bağlı dərin təhlillər aparılacaq”

“Çünki Şuşaya qədərki döyüşlər Azərbaycanın müasir silahları ilə bağlı idisə, ordumuz Şuşada qəhrəmanlıq göstərərək qalib gəldi”

“OrdumuzunŞuşaya daxil olma metodu böyük araşdırmalara səbəb olacaq”


Xəbər verdiyimi kimi, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev işğaldan azad olunan Ağdam şəhərinə səfər edib. Səfər zamanı Ağdam məscidinin qarşısında çıxış edən Prezident Şuşanın azad olunmasına da toxunub. Ali Baş Komandan qeyd edib: 

“Bu gün bir çox ölkələrdə, inkişaf etmiş ölkələrdə bizim təcrübəmiz öyrənilir. Bu gün bu məsələ ilə məşğul olan bir çox ekspertlər qeyd edirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıb. Biz ordumuzun döyüş potensialını hər zaman gücləndirirdik. Çünki tam aydın idi ki, təkcə silahlarla qələbə qazanmaq mümkün deyil. Bayrağı qaldıran, bayrağı düşmənin mövqeyinə sancan, azad edilmiş torpaqlara sancan əsgərdir, zabitdir. Bizim əsgər və zabitlərimiz aslan kimi vuruşdular. Şəhidlər verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların valideynlərinə Allah səbir versin! Yaralı hərbçilərimiz var, onlar da sağalırlar. Onların bir çoxu artıq sağalıb. Allah onlara şəfa versin! Biz qəhrəman əsgər və zabitlərimiz hesabına qələbə qazanmışıq. Təkcə Şuşanın işğaldan azad edilməsi əməliyyatı, əminəm ki, tarixdə əbədi qalacaq. Demək olar ki, yüngül silahlarla dərədən, meşələrdən, dağlardan keçərək əlbəyaxa döyüşdə düşməni məhv etdik, Qarabağın tacı olan Şuşanı azad etdik”.



Ölkə başçısının fikirlərini yüksək qiymətləndirən ehtiyatda olan polkovnik Şair Ramaldanov “Sherg.az”a bildirib ki, vətən müharibəsində qazandığımız qələbə Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazılacaq. Onun sözlərinə görə, bundan sonra da gələcək nəsillərimiz əsrlər boyu Ali Baş Komandanın rolunu, ordumuzun şücaətini danışacaqlar. Polkovnik vurğulayıb ki, xalqımız vətən müharibəsində böyük zəfər çaldı:

“Bu qələbə ölkəmizin gələcəyi üçün böyük əhəmiyyətə malikdir. Bəlkə də, qələbənin əhəmiyyətini hələ tam şəkildə dərk edə bilmirik. İllər keçdikdə bunun fərqinə varacağıq. Ordumuzun bütün istiqamətlərdə apardığı əməliyyatlar digər ölkələrin də diqqətini cəlb etdi. Azərbaycan Ordusu qısa zamanda düşmənin müdafiə mifini qıraraq, irəliləməyə nail oldu. Cənab Prezident hərbi əməliyyatlara beynəlxalq səviyyədə ola biləcək müdaxilə və maneələri aradan qaldırmaq üçün siyasi iradə göstərdi, bu riskləri minimuma endirməyə nail oldu. Ordumuzun 21-ci əsrin tələblərinə uyğun olan yeni müharibə üsulu seçdi”.

Ş.Ramaldanovun sözlərinə görə, alınmaz qala sayılan Şuşanın azad olunması  ordumuzun məharətini bir daha göstərdi:

“Şuşa uğrundakı hərbi əməliyyatlar kifayət qədər unikal idi. Şuşaya qədərki döyüşlər Azərbaycanın müasir silahları ilə bağlı idisə, ordumuz Şuşada qəhrəmanlıq göstərərək qalib gəldi. Əsgər və zabitlərimizin döyüşü ilə bağlı dərin təhlillər aparılacaq. Cənab Prezident də Şuşa uğrundakı döyüşlərə xüsusi diqqət çəkdi. Çünki peşəkar döyüşçülərimiz silahdan istifadə etməyərək, məhz öz əlləri ilə canları bahasına Şuşanı azad etdi”.

Polkovnik söyləyib ki, Şuşanı əsgər və zabitlərimizin misilsiz qəhrəmanlıq və peşəkarlığı nəticəsində azad etdik:

“Yalnız qəhrəmanlıqla qələbə qazanmaq olmur. Məhz ordumuzdakı döyüş hazırlığı, kadrların bilik və bacarıq potensialı üstünlüyümüz idi. Fikrimcə, Şuşa ilə bağlı hələ çox tədqiqatlar aparılacaq. Əlbəyaxa döyüşlər, yaşayış məntəqlərinin düşməndən təmizlənməsi, sıldırım qayalardan keçərək, Şuşaya daxil olma metodu böyük araşdırmalara səbəb olacaq. Ordumuzun bu möhtəşəm qələbədən sonra keyfiyyət baxımından daha da inkişaf edəcək”.