“Ərdoğan Qarabağdakı vəziyyəti diqqətlə izləyir” – AKTUAL ŞƏRH 

“Bilirsiniz ki, Türkiyə sülhməramlıları Qarabağa  daxil olmalıdırlar”

“Biz Türkiyənin silahlı qüvvələrini bütün Qarabağ ərazisində, həmçinin, Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə də görmək istəyirik”

“Ümid edirik ki, belə də olacaq. Qısa müddətdə Kəlbəcər və Ağdamda olduğu kimi dediyim yerlərdə də Azərbaycanın üçrəngli bayrağı dalğalanacaq” 



44 günlük böyük Vətən savaşının əsas qəhrəmanı və qələbəmizin memarı Azərbaycan əsgəridir. Bu, birmənalı olaraq hər kəsə məlumdur. Fəqət, qardaş ölkə Türkiyənin mənəvi və siyasi dəstəyini də danmaq mümkünsüzdür. Hərbi və siyasi cəhətdən uğurların qazanılmasında, eyni zamanda xarici dövlətlərin ölkəmizə qarşı təzyiqlərinin qarşısını alınmasında qardaş Türkiyəni hər zaman yanımızda gördük. Müharibə başlayan kimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "dost və qardaş Azərbaycanın yanındayıq"deməsi əleyhimizə qalxan dövlətləri yerinə oturtdu.

Daha sonra Qarabağda gedən prosesləri yaxından izləyən Türkiyə mənəvi dəstəyini bizdən əsirgəmədi. Uğurlarımıza isə ən az bizim qədər sevindi.

Hər zamankı kimi bu gün də qardaş Türkiyə Kəlbəcər sevincimizə şərik oldu.  Razılaşmaya əsasən noyabrın 25-də Kəlbəcərdən çıxacaq olan Ermənistan silahlı qüvvələri oradan çıxar-çıxmaz Türkiyədən təbrik mesajları gəlməyə başladı. 

Türkiyənin prezidenti R.T.Ərdoğan bu gün Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışı zamanı bu sözləri deyib: “Kəlbəcər də işğaldan azad edilib, artıq Qarabağda Azərbaycan bayrağı dalğalanır”.
Türkiyə Prezidenti qeyd edib ki, hamı Dağlıq Qarabağla prosesə dəstək verməli və yeni reallıqlara uyğun addımlar atılmalıdır.

Sonra çox keçmədi ki, Türkiyə Milli Müdafiə Nazirliyinin təbrik xəbəri gəldi.
Daha sonra isə Türkiyənin Gəncədəki Baş Konsulu Zəki Öztük Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə Gəncədəki Şəhidlər Xiyabanını ziyarət edib.



Göründüyü kimi Türkiyə dost və qardaş Azərbaycana hər müstəvidə mənəvi dəstək göstərdiyini əyani şəkildə dünyaya sübut edir. Sözügedən mövzu barədə “Ağ Partiya” başqanının birinci müavini, politoloq Əhəd Məmmədli öz fikirlərini "Sherg.az"a bildirib:

"Türkiyənin ölkəmizə mənəvi-siyasi dəstəyi təkzibedilməzdir. Bu barədə prezident dəfələrlə deyib. Ümumiyyətlə, Türkiyə bu məsələlərdə siyasi, mənəvi və digər baxımından yanımızda olmasaydı, Azərbaycan üçün çox çətin olardı.

İkinci Qarabağ müharibəsində Azərbaycanın qısa müddət ərzində qələbə qazanması və  üstəlik bu riskə getməsində Türkiyənin mənəvi dəstəyi mühüm rol oynadı. Biz  bu dəstəyin davamlı olmasını gözləyirik.  Bilirsiniz ki, Türkiyə sülhməramlıları Qarabağa  daxil olmalıdırlar. Və biz Türkiyənin silahlı qüvvələrini bütün Qarabağ ərazisində, həmçinin, Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə də görmək istəyirik. Ümid edirik ki, belə də olacaq və qısa müddətdə Kəlbəcər və Ağdamda olduğu kimi dediyim yerlərdə də Azərbaycanın üçrəngli bayrağı dalğalanacaq”. 

Ekspert  qeyd edib ki, Türkiyənin hazırkı iqtidar partiyası Ədalət və İnkişaf Partiyası (AKP) hakimiyyətdə olduğu dönəmdə Azərbaycan bundan yaxşı mənada istifadə etməlidir:

“Çünki hazırda Türkiyədə iqtidarda olan istədiyimiz hakimiyyətdir. Təəssüflər olsun ki, birinci Qarabağ müharibəsi zamanı orada belə hakimiyyət yox idi və Türkiyə indiki kimi güclü, müstəqil deyildi. İndi şükürlər olsun ki, Türkiyədə istənilən milli hakimiyyət var, həm də Türkiyəmiz güclüdür, müstəqildir və əvvəlki böyüklüyünü yavaş-yavaş qaytarmaqdadır. Bundan da Azərbaycan yaxşı mənada maksimum istifadə edib öz ərazi bütövlüyünə tam nəzarət etməlidir".

Politoloq, həmçinin Ərdoğanın Kəlbəcər haqqında çıxışı barəsində də fikir bildirib:

"Ərdoğan bununla bir daha bildirdi ki, Qarabağdakı vəziyyəti diqqətlə izləyir və Azərbaycanın hər sevincinin, uğurunun yanında olduğunu dəfələrlə deyib. Azərbaycan isə belə bir dövləti, belə bir lideri yanına alıb tam istədiyi hədəfə çatmalıdır. Yəni dekabrın 1-i Laçın azad olunmalıdır. Daha sonra qalan ərazilərdə də Azərbaycanın bayrağı dalğalanmalıdır".

Ağarza Elçinoğlu