Ermənistan məcburdur

"Hamının-hamıya" prinsipi, sadəcə 44 günlük müharibəyə aid deyil

Eyni zamanda indiyədək əsir və girov götürülmüş bütün şəxslər nəzərdə tutulur

Ermənistan baş nazirinin birinci müavini Tiqran Avinyan Rusiyanın ölkədəki səfiri Sergey Koprikinlə görüşüb. O, rəsmi Yerevanın Qarabağda əsir və girov düşən şəxslərin “hamını-hamıya” prinsipi ilə dəyişməyə razılaşdığını əlavə edib. Bundan başqa, Avinyan gələcəkdə əsirlərin heç bir şərt irəli sürülmədən qarşılıqlı qaytarılması üçün Bakı ilə Yerevan arasında mexanizm yaradılacağına ümid ifadə edib.

Xatırladaq ki, ötən gün Ermənistan baş naziri Nikol Paşinyan əsir və girovların dəyişdirilməsi üçün Azərbaycandan “xoş rəftar” tələb etmiş, əks halda əsirlərin dəyişdirilməsinin ləngiyəcəyini demişdi.

Lakin Ermənistanda son günlər yaşanan hadisələr baş naziri geri addım atmağa məcbur qoyub. Günlərdir Nikol Paşinyanın ofisi qarşısında əsgər valideynlərinin etiraz aksiyası keçirilir.

Valideynlər baş nazirdən müharibə zamanı əsir və itkin düşmüş erməni hərbçilərinin geri alınmasını, meyitlərinin təhvil verilməsini tələb edirlər. 

Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı deyib ki, əsir və girovların “hamının-hamıya” prinsipi ilə dəyişdirilməsi dünya praktikasında mövcuddur. QAT sədri xatırladıb ki, Rusiya və Ukrayna münaqişəsində bu metod tətbiq edilərək xeyli əsir və girov dəyişdirilib:

“Bir müddət əvvəl Rusiya tərəfi Ermənistana və Azərbaycana da bunu təklif etmişdi. Amma Yerevan hökuməti razılıq vermədi. O vaxt işğalçı ölkə özünü çox iddialı aparırdı. Paşinyanın Qarabağda, Cıdır düzündə rəqs edən vaxtları idi. 44 günlük müharibənin nəticəsi Ermənistan üçün əsl faciə oldu. Bizimlə Ermənistan arasında əsirlərin say fərqi birin yüzə nisbətinə bərabərdir.

Çox az sayda hərbçimiz ermənilərə əsir düşüb. Demək olar ki, yox səviyyəsindədir. Ancaq bizdə erməni əsirləri yüzlərlədir. Həmçinin, Ermənistanda əsgər valideynləri hər gün etiraza qalxır,  əsir düşmüş övladlarının Azərbaycandan alınmasını tələb edirlər. Çox ciddi narazılıq var”.

A.Nağı bəyan edib ki, Paşinyanın taleyi erməni əsirləri geri qaytararaq valideynlərinə təhvil verməkdən asılıdır: “Yerevan hökumətinin “yumşalması” bununla bağlıdır. İndi onlar Moskva və Bakının tələblərini yerinə yetirməyə məcburdurlar.

“Hamının-hamıya” prinsipi dedikdə təbii ki, sadəcə 44 günlük müharibədə əsir düşənlər deyil, eyni zamanda bu zamanadək əsir və girov götürülmüş bütün şəxslər nəzərdə tutulur.

Yəni Kəlbəcərdə erməni separatçıları tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin də dəyişdirilməsi mümkündür.

Yəqin ki, əsir və itkinlərlə bağlı dövlət komissiyası müvafiq siyahı hazırlayacaq. 1992-ci ildən bu yana neçə nəfərin əsir düşdüyü dəqiq bilinməlidir. İndiki vəziyyətdən maksimum istifadə etməliyik”.