Hansı peyvənd etibarlıdır? - Analiz

“Vaşinqton post” qəzeti Çinin koronavirusa qarşı Sinovac peyvəndi barədə geniş məqalə yayınlayıb. Bu peyvənd dünya bazarına çıxarılıb. Vaksin ilk dəfə hələ 2003-cü ildə SARS-a qarşı mübarizədə sınaqdan keçirilib. Ancaq ABŞ dərgisi yazır ki, vaxtilə bu peyvəndin təsdiqi üçün onu istehsal edən şirkətin rəhbəri müvafiq strukturlara rüşvət verib. Rüşvət qalmaqalı peyvəndlə bağlı müzakirələri genişləndirib. Nyu York  Universitetinin Tibb Mərkəzinin şöbəsinin müdiri Arthur Caplan deyib ki, şirkətin rüşvət tarixçəsinə sahib olması, peyvəndinə dair dərc olunmamış, araşdırılmayan məlumat iddiaları üzərində uzun bir şübhə kölgəsi yaradır.




 “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hansı peyvəndin daha etibarlı olmasına dair fikirlərini “Sherg.az”la bölüşüb:

““Vaşinqton post” qəzeti iddia edir ki, 2016-cı il məhkəmə ifadəsində Sinovac-ın qurucusu və icraçı direktoru Yin Veydonq peyvənd araşdırmalarına nəzarət edən tənzimləyici bir səlahiyyətli şəxsə və onun  həyat yoldaşına 2002-2011-ci illərdə 83.000 dollardan çox rüşvət verib. Həmin rəsmi də rüşvətin  müqabilində Sinovacın peyvənd sertifikatlarını sürətləndirdiyini etiraf etib. Məhkəmənin hökmü ilə həmin çinli rəsmi 2017-ci ildə 10 il həbs cəzasına məhkum edilib.

Buna baxmayaraq, Sinovac peyvəndini Braziliyadan tutmuş Türkiyə və İndoneziyaya qədər inkişaf etməkdə olan ölkələrə tədarükü başlayıb. Braziliyada, Sao Paulo şəhərinin qubernatoru Joao Doria bu peyvəndi ən etibarlı peyvənd olaraq adlandırıb. Bəzi məlumatlara görə sınaqdan keçirilən bu peyvəndin 97 faiz müsbət nəticə verib. Ona görə də həmin vaksinə maraq böyükdür.

Çinin özündə isə Sinovac peyvəndi ikinci yerdədir, dövlətə məxsus Sinopharm vaksinləri təcili istifadə proqramı çərçivəsində daha geniş tətbiq olunur. Can Sino və bir hərbi tədqiqat institutunun hazırladığı başqa bir Çin peyvəndi  ordunun təcili istifadəsi üçün təsdiq edilmişdir”.

 E.Şahinoğlunun sözlərinə görə, məsələyə kifayət qədər həssas yanaşmaq lazımdır:

“Bütün hallarda koronavirusun geniş miqyas aldığı ölkələrin peyvəndə ciddi ehtiyacı var. Qərb ölkələrində və Rusiyada tədricən peyvəndlənmə çalışmalarına başlayıb. Ancaq peyvəndlərin tətbiqinin çətinlikləri də var. Sınaqdan keçirilən peyvəndlərin istehsal gücü hələ zəifdir. Ona görə də kütləvi peyvəndlənmə hələ mümkün deyil.

Peyvəndlənmə ilk növbədə risq qruplarından başlanmalıdır. Digər tərəfdən istənilən sınaqdan keçirilən peyvəndin müxbət tarixçəsi olmalıdır. Yəni ilkin mərhələdə sınaqdan uğurla keçən peyvəndin tətbiqi zamanı başqa problemləri üzə çıxmamalıdır. Çünki bu halda insanların həmin peyvəndə inamı azalacaq və peyvəndin kütləvi tətbiqi zəifləyəcək, bu isə koronavirusla mübarizədə yeni problemlər yaradacaq.

Buna görədir ki, müxtəlif ölkələrin rəsmiləri və tibb ekspertlər peyvənd seçimində qərar verməkdə çətinlik çəkirlər”.