Türkiyə təzyiqlərdən ustalıqla istifadə edir

“ULAK” dekabrın sonunda dənizə buraxılacaq

İstər silah istehsalında, istər yeni texnologiyaların inkişaf etdirilməsində Ankara barmaqla göstərilir

“Ares” tərsanəsi və “Meteksan Savunma” şirkətinin üzərində işlədiyi Türkiyənin silahlı sükançısız (sürücüsüz) dəniz aparatının (SSDA) ilk nümunəsi hazırlanıb. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Türkiyənin “Mavi Vətən” adlandırdığı dəniz sahəsini müdafiə etmək üçün hazırlanan bu aparata “ULAK” adı verilib. Yerli və milli istehsal olan yeni texnika saatda 65 km sürətlə hərəkət edə bilir. Eyni zamanda 400 km məsafə qət etmək gücü ilə birgə kriptolu rabitə infrastrukturu, gündüz və gecə izləmə qabiliyyətinə sahibdir. SSDA-nın atış testləri martda keçiriləcək. Bu zaman “Roketsan” istehsalı olan mərmilərdən istifadə ediləcək.

Bildirilib ki, radioelektron mübarizə mühitində düşmən birliklərinin rabitə sistemini sıradan çıxara biləcək xüsusiyyəti olan bu aparat rabitə və kəşfiyyat sistemləri ilə də təchiz olunacaq. “ULAK” dekabrın sonunda dənizə buraxılacaq.

Mövzu ilə bağlı “Şərq”ə açıqlama verən siyasi-şərhçi Azər Həsrət qeyd edib ki, son zamanlar Türkiyə yeni silahları ilə ən öndə gedən ölkələr sırasındadır:

"Son günlər Türkiyənin ətrafında baş verən hadisələr, bəzi ölkələr tərəfindən onlara edilən təzyiqlər digər tərəfdən həmin ölkənin güclənməsinə səbəb olur. Dünyanın ən aparıcı dövlətləri, xüsusən də ABŞ Türkiyəyə sanksiya tətbiq etmək, onu küncə sıxışdırmaq istəyir. Türkiyə də məcburiyyət qarşısında öz elmini, texnikasını, ümumiyyətlə, inkişaf tempini yüksəltməklə məşğuldur.

Yəni bu məcburiyyət əslində bir yandan Türkiyənin xeyrinə işləyir. Ona görə də Türkiyə bu günləri dünyanın ən öndə gedən ordularından birinə sahibdir. Dünyanın ən güclü dövlətlərindəndir.

Özəlliklə də bizim coğrafiyamızda bir nömrəli dövlətdir və faktiki söz sahibidir. Eyni zamanda bizim coğrafiyamızdan min kilometrlərlə uzaqda - Afrikada, Uzaq Şərqi Asiyada, hətta Şimali və Cənubi Amerika qitələrində Türkiyə artıq təsir etmək imkanlarına malik olan güclü bir dövlətdir. Bütün edilən sanksiyalar fikrimcə, Türkiyənin xeyrinədir.

Çünki o, bu təzyiqlərdən ustalıqla istifadə etməkdədir. İstər silah istehsalında, istər yeni texnologiyaların inkişaf etdirilməsində, istərsə də ümumiyyətlə çağdaş çağırışlarına cavab verən yeni tətbiqlərin inkişafında Türkiyə hazırda barmaqla göstərilən ölkələr sırasında öndədir”.