Ermənistan terrorçuluq fəaliyyətini davam etdirir

"Ancaq bütün cəhdlər iflasa məhkumdur" 

"Çünki sözügedən təxribat fəaliyyəti erməni silahlı birləşmələrinin qalıqları tərəfindən törədilib"

“Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı torpaqlarını işğaldan azad etməklə həm ərazi bütövlüyünün, həm də tarixi ədalətin bərpasına nail oldu. Təbii ki, bu möhtəşəm qələbə beynəlxalq hüquq normalarının müvafiq tələblərinin və Birləşmiş Millətlər Təşkilatının məlum 4 qətnaməsinin icrası baxımından mühüm əhəmiyyətə malik olmaqla yanaşı, müsbət presedent yaratdı.

Eyni zamanda, Azərbaycan regionda yeni geostrateji reallıq formalaşdırdı və hazırkı situasiya həm ölkəmizin inkişafı, həm də regionun tərəqqisi baxımından yaxşı perspektivlər vəd edir”.

Bu fikirləri politoloq Nurlan Qələndərli “Şərq”ə açıqlamasında deyib. Onun sözlərinə görə, təbii ki, Azərbaycanın qələbəsi məğlub Ermənistan və ermənipərəst dairələr tərəfindən ciddi narahatlıq və siyasi isterika ilə qarşılanmaqdadır:

“Ona görə onlar istər informasiya müstəvisində təxribatlar, istərsə də terrorçu əməllər vasitəsilə illeqal fəaliyyətlərini davam etdirirlər. İşğaldan azad olunmuş ərazilərimizdə qalan erməni silahlı birləşmələrinin terror və diversiya əməlləri bu baxımdan xüsusi qeyd edilməlidir. Üstəlik, rəsmi Yerevan beynəlxalq ictimai rəyi manipulyasiyaya məruz qoymaq üçün Azərbaycanın ünvanına əsassız iddialar səsləndirir. Şübhəsiz ki, bu cür cəhdlər iflasa məhkumdur. Çünki sözügedən təxribat fəaliyyəti erməni silahlı birləşmələrinin qalıqları tərəfindən törədilib. Azərbaycan isə 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəaları əsasında sülhün qorunub saxlanılması üçün bütün lazımi tədbirləri görür. Həyata keçirilən antiterror əməliyyatı da bunun tərkib hissəsidir”.

Politoloq vurğulayıb ki, Ermənistanın destruktiv fəaliyyəti regional təhlükəsizlik nöqteyi-nəzərindən də qəbuledilməzdir:

“İşğalçı və məğlub ölkə 44 günlük müharibənin sonuclarından ciddi nəticə çıxarmalı və dağıdıcı, təxribatçı fəaliyyətdən çəkinməlidir”.