40 mini ötdü ! - Rus sülhməramlıları Qarabağa erməniləri daşıyır 

Əvəz Həsənov: "Azərbaycan hökuməti proses ərzində müşahidə aparmaq, nəzarət etmək səlahiyyətinə malikdir. Tam əminliklə heç kim deyə bilməz ki, Rusiya sülhməramlıları Qarabağa oradan çıxmış insanları aparır və kənar erməniləri doldurmurlar"


Ötən gün Ermənistandan Xankəndiyə daha 647 erməni gətirilib. İrəvandan gələn avtobusları rus sülhməramlıları müşayiət edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bununla da rus sülhməramlılarının Qarabağa qaytardığı ermənilərin sayı 40 mini ötüb. Qarabağdan qaçmış ermənilərin Rusiya sülhməramlılarının nəzarəti altında bölgəyə qaytarılması Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmır.

Əksəriyyət hesab edir ki, sadəcə müharibə günlərində Qarabağı tərk etmiş ermənilərin geri dönüşünə icazə verilə bilər. Ermənistanın müxtəlif bölgələrindən erməniləri toplayaraq Qarabağa daşımaq və süni şəkildə saylarını artırmağa çalışmaq yolverilməzdir. Həm də vurğulanır ki, 10 noyabrda imzalanmış üçtərəfli Bəyannaməyə əsasən, qayıdış prosesi BMT-nin müvafiq qurumunun nəzarəti altında həyata keçirilməlidir. 

Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru, hüquq müdafiəçisi Əvəz Həsənov isə “Şərq”ə deyib ki, BMT-nin qaçqınlar üzrə ali komissarlığı erməniləri Qarabağa daşıya bilməz. Qurum sadəcə Azərbaycan vətəndaşlarının öz yurdlarına qayıdışını təşkil edə bilər. Ekspertin sözlərinə görə, Qarabağı tərk etmiş ermənilərin geri dönüşü Rusiya sülhməramlılarının iştirakı ilə mümkündür:

“Erməni tərəfi 44 günlük müharibə zamanı Qarabağdan köç edənlərin sayının 60-70 min civarında olduğunu iddia edir. Əgər belədirsə, bu qədər adamın ağır iqtisadi vəziyyətlə üzləşmiş Ermənistanda uzun müddət qalması mümkün deyil. Həm də məlumdur ki, Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında münasibət heç də yaxşı deyil.

Ölkə daxilində istənilən vaxt ciddi qarşıdurma yaşana bilər. Bir an öncə həmin ermənilərin Qarabağa qaytarılması planlaşdırılır. Müharibə zamanı Xankəndindən qaçmış ermənilərin yenidən həmin ərazilərə qayıtmasını təşkil etmək üçün xüsusi prosedura ehtiyac yoxdur. Əgər bölgəyə Rusiya sülhməramlıları nəzarət edirsə, köçürmə işini də onlar həyata keçirməlidir.

Deyilənə görə, Qarabağı tərk edənlər daha çox qadın, uşaq və qocalar olub, indi geri qayıdanlar da onlardır. Təbii ki, Azərbaycan hökuməti proses ərzində müşahidə aparmaq, nəzarət etmək səlahiyyətinə malikdir.

Tam əminliklə heç kim deyə bilməz ki, Rusiya sülhməramlıları Qarabağa oradan çıxmış insanları aparır və kənar erməniləri doldurmurlar. Başqa ermənilərin gətirilməsi də mümkündür. Ona görə də nəzarət olmalıdır”.