Dövlətə dəstək verək ! - “Azad edilmiş ərazilərlə bağlı planlar reallaşsın”

Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılacaq. Dəyişiklikdə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı cərimələrin artırılması nəzərdə tutulur.
Məlumdur ki, karantin rejimi və qoruyucu vasitələrdən istifadəyə dair tələblərin pozulması qarşılığında müvafiq cərimələr tətbiq edilir. Vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə ediləcək.

Məcəllənin hazırkı variantı isə belədir: fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.

Millət vəkili Ramil Həsən cərimələrin artırılmasının nə dərəcədə effektiv olacağı barədə “Sherg.az”a açıqlama verib.
Parlament üzvü bildirib ki, Milli Məclisin sabahkı iclasında gündəliyə çıxarılan məsələlərdən biri də karantin qaydaları ilə bağlı cərimələrin artırılmasıdır:

“Əvvəllər də belə bir fikir söyləmişdim ki, cərimələrin artırılması ilə bağlı verilən qərarlar büdcəni cərimələr vasitəsilə doldurmaq məqsədi daşımır. Azərbaycan dövlətinin və müvafiq qurumların marağında deyil ki, vətəndaş cərimə ödəsin. Dövlətimizin marağı yoluxanların sayının azalması, xəstəxanaların boşalsması və qarşımızdakı kritik sayılan 3 ay ərazində ölənlərin sayı minimuma endirilməsidir. Nə qədər ki, xəstələrin sayı çoxdur, bu durum müəssisələrin işləməsinə böyük əngəl törədir, iqtisadi və sosial cəhətdən dövlətin həyata keçirmiş olduğu layihələrin yubadılmasına səbəb olur”.

R.Həsən qeyd edib ki, cərimələrin artırılması ilə bağlı təkliflərin hər biri vətəndaşlara sosial məsuliyyət hissini aşılayıb, verilən qaydalara ciddi şəkildə əməl etməyə yönləndirməkdən ibarətdir:

“Vətəndaş qanunu pozmursa, başqalarını da yoluxdurmaqdan çəkinərək, sosial məsuliyyətini dərk edib tələb olunan qaydalara əməl edirsə, onun üçün cərimələrin neçə manat olmasının fərqi yoxdur. Əlbəttə ki, məsuliyyət hissini itirən şəxslərlə bağlı maddi çətinlik meydana çıxır. Düşünürəm ki, cərimələrin həcmi ilə bağlı fərq vətəndaşların məsuliyyət hissinin daha da artırılması, maskadan istifadə olunma və digər qaydalara riayət etməyə təkan verəcək.

Hər birimiz dövlətin bu sahədəki addımlarına dəstək verək ki, koronavirus bəlasının növbəti dalğası tezliklə bitsin, iş yerləri yenidən bərpa edilsin və əhali sosial həyatına geri dönə bilsin.

Eyni zamanda dövlətimiz işğaldan azad edilmiş ərazilərimizlə bağlı infrasturuktur layihələrini, inkişaf konsepsiyasını, əhalinin yaşayış və həyat standartlarının yüksəldilməsi ilə bağlı bütün planları həyata keçirə bilsin”.