Amerika və Fransa Qarabağ müzakirələrini yenidən masaya daşımaq istəyir

İki ölkənin rəyinə görə, Rusiyanın varlığı Dağlıq Qarabağ üçün “sabitliyin pozulması riski” daşıyır

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərindən sonra qurumun fəaliyyəti yenidən müzakirə predmetidir. Çoxillik fəaliyyətsizliyi ilə yadda qalan həmsədrlərin yenidən aktivləşməsi birmənalı qarşılanmır. Ekspertlərin böyük qismi qurumun fəaliyyətinin tamamilə dayandırılmasının vacibliyini vurğulayarkən, digər kəsim Rusiya sülhməramlılarının yerinə Qarabağdakı vəziyyətin tənzimlənməsinin Minsk qrupuna həvalə edilməli olduğunu təklif edirlər.

Məlumat üçün deyək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərin nəticəsi olaraq birgə bəyanat veriblər. Bəyanatda vurğulanıb ki, fransalı həmsədr Stefan Viskonti və amerikalı həmsədr Endryu Şofer 12 və 13 dekabrda Bakıya, 13 və 14 dekabrda İrəvana səfər ediblər. Bakıda onları Prezident İlham Əliyev qəbul edib və Xarici işlər naziri Ceyhun Bayramovla görüşüblər.

İrəvanda onlar Baş nazir Nikol Paşinyan tərəfindən qəbul ediliblər və Xarici işlər naziri Ara Ayvazyanla görüşüblər. Rusiyalı həmsədr İqor Popovun səfərdə iştirakının mümkünsüzlüyünə görə Rusiyanı Bakıdakı səfiri Mixail Boçarnikov, İrəvanda isə Rusiyanın müvəqqəti işlər vəkili Aleksey Sinequbov təmsil edib. Həmsədrlər, həmçinin BQXK və BMT-nin bölgədə fəaliyyət göstərən agentliklərinin nümayəndələri ilə görüşüblər.

Fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi Anjey Kasprşik də bütün görüşlərə qatılıb. Həmçinin, birgə bəyanatda qeyd olunub ki, hər iki paytaxtda tərəflər yerində vəziyyəti dəyərləndiriblər və gələn il üçün həmsədrlərlə qarşılıqlı işlə bağlı öz gözləntilərini ifadə ediblər:

“Yeni reallıqları nəzərə alaraq həmsədrlər bölgədə sülh, sabitlik və firavanlığı təşviq etmək və həll olunmamış məsələləri həll etmək üçün tərəflərlə konstruktiv qarşılıqlı əməkdaşlığa dair dəyişməz öhdəliklərini bir daha təsdiqləyiblər.

Həmsədrlər keçirilmiş görüşlər zamanı tərəflər arasındakı gələcək müzakirələr üçün qaldırılan məsələlərə dair konkret təkliflər təqdim etməyi də vəd veriblər. Son vaxtlar itki ilə nəticələnən hadisələr barədə məlumatları qeyd edərək, tərəfləri vəziyyəti öz öhdəliklərinə uyğun olaraq sabitləşdirmək üçün əlavə tədbirlər görməyə çağırıblar. Vasitəçilər Ermənistanı və Azərbaycanı bütün əsirlərin mübadiləsini ən qısa müddətdə başa çatdırmağa və BQXK ilə koordinasiya halında qalıqların müəyyənləşdirilməsini və geri qaytarılmasını sürətləndirməyə çağırış ediblər. 
Məlum olduğu kimi həmsədrlər Ermənistana səfər çərçivəsində Qarabağdakı terrorçu başı Araik Arutyunyanla görüşmədilər. Quldur Arutyunyan həmsədrlərlə görüşə çox can atırdı. Hətta bu görüşün Xankəndində olmayacağını anladıqdan sonra İrəvana getmişdi və görüşün olacağı haqda erməni mətbuatı da yazmışdı. Lakin mənfi cavab aldıqdan sonra bu cani iddia etdi ki, guya, rusiyalı həmsədr Ermənistana gələ bilmədiyi üçün o, görüşdə iştirakdan imtina edib. Heç şübhəsiz, görüşün baş tutmaması Arutyunyanın gətirdiyi cəfəng səbəblə ələqədar deyildi. Sadəcə, diplomatlar Bakıya qayıtmaq üçün “üz yeri” qoymaqdan ötrü separatçını İrəvanda qəbul etməkdən imtina etdilər. Həmsədrlər Azərbaycan Prezidentinin xəbərdarlıqlarından sonra Xankəndinə getməyə cürət etməyiblər. 

Amma ABŞ və Fransadan olan həmsədrlərlə görüşdə həm Nikol Paşinyan, həm də XİN başçısı Ara Ayvazyan yenə də sərsəm iddialar səsləndirdilər. Bir ovuc Dağlıq Qarabağ ermənisi üçün öz müqəddəratını təyinetmə haqqından, hətta Azərbaycanın “işğal etdiyi ərazilərdən” öz qoşunlarını geri çəkməsinin vacibliyindən dəm vurdular. Halbuki, Ermənistan baş naziri Nikol Paşinyan 44 günlük müharibənin sonunda heç bir şərt irəli sürməyə cəsarət etmədən kapitulyasiya sənədinə imza atıb. Belə görünür ki, üç paytaxtın yenə də “vasitəçilik” iddiası ilə ortaya çıxması taqətdən salınmış işğalçıya toparlanmaq üçün stimul verib. Onu da xatırladaq ki, həmsədrlər regionda olarkən ermənilər Hadrutda təxribat törətdilər, Azərbaycana qarşı terror aktları həyata keçirdilər. 

Məsələ ondadır ki, həmsədrlər bu və ya digər formada Qarabağdakı proseslərdə iştirak etmək niyyətlərindən vaz keçmirlər. Minsk Qrupunun regiona səfəri də yenidən bu formatı aktivləşdirmək və bundan sonrakı siyasi mərhələdə yer almaq məqsədi güdürdü. 

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, 44 günlük müharibə bir çox reallıqları, o cümlədən münaqişənin formatı ilə bağlı vəziyyəti dəyişdirdi. Ekspertin sözlərinə görə, Avropada sülh və təhlükəsizlik məsələlərindən cavabdeh qurumun təsis etdiyi hibrid Minsk qrupu dişsiz fəaliyyəti ilə 10 noyabr razılaşmasından sonra ofsayta düşdü:

“İndi bir çoxları hələ mexanizm kimi qalan, amma predmeti aradan qalxmış Dağlıq Qarabağ münaqişəsindən sonra qurumun nə edəcəyi sualına cavab axtarır. Azərbaycan tərəfi yalnız Dağlıq Qarabağda müəyyən yerlər istisna olmaqla bütün əraziləri işğaldan azad edə bilib. Bölgəyə yerləşən Rusiya hərbçiləri yeni vəziyyətə nəzarət etsələr də, Azərbaycan Ordusuna yönəlik erməni terrorçularının fəaliyyəti davam edir. Qafqazda Türkiyə və Rusiyanın yenidən güc simvoluna çevrilməsi İran və Qərbin bölgədən qovulmasına səbəb olub. ATƏT-in Minsk qrupu çərçivəsində münaqişə barədə müzakirələri yenidən masaya daşımaq niyyəti daha çox Fransa və ABŞ-dan səslənən fikirlərdə yer alır. Burada ən vacib məqam odur ki, Amerika Qarabağ istiqamətində diplomatik yolla əks-hücuma başlayır. Dövlət katibinin siyasi-hərbi məsələlər üzrə köməkçisi Clark Cooper bildirib ki, Rusiyanın varlığı  Dağlıq Qarabağ üçün “sabitliyin pozulması riski” daşıyır. Buna görə Amerika siyasi dairələri Rusiyaya qarşı atılacaq addımları nəzərdən keçirir. Yəni, ATƏT-in Minsk qrupu don dəyişdirir və təzyiq alətinə çevrilir”. Ə.Əlibəyli vurğulayıb ki, indiki mərhələdə heç kim Azərbaycanın ərazi bütövlüyünü pozmaqla bağlı düşünmür. Amma bilinən odur ki, bir ay sonra inaqurasiya mərasiminin tortu kəsilməmiş Co Bayden sanksiyaları Moskvanın boğazına dayayacaq: “Nəinki Rusiya coğrafiyasında, rus ordusu olan bütün zonalarda ABŞ və Qərbin həmlələrini görə biləcəyik. Belə durumda Qarabağda vəziyyətə birdəfəlik nəzarəti Azərbaycan və türk ordusu ələ keçirməlidir. Əks halda işlənən senarinin mətni xoş təsir bağışlamır”. 

Siyasi şərhçi Elçin Mirzəbəyli isə həmsədrlərin bəyanatına və oradakı düzəlişlərə diqqət çəkib. Ekspert vurğulayıb ki, dəyişikliklər nəzərə çarpmayan bir formada və üslubda reallaşdırılıb: “Düzəlişdə qeyd olunur ki, “həmsədrlər və tərəflər daha pozitiv atmosferin yaradılması üçün təxribatçı ritorikaya son verilməsinin vacibliyini vurğulayıblar”. Bəyanatda bir söz dəyişdirilib və “təhrikedici ritorika” “təxribatçı ritorika” ilə əvəz olunub. Əslində “təxribatçı ritorika” mahiyyət etibarilə “təhrikedici ritorika”dan daha sərt ifadədir.

ATƏT-in Minsk qrupunun son 15 il ərzində qəbul etdiyi bəyanatlarla bağlı təcrübəni nəzərə alsaq, düzəliş yumşalmaya xidmət etməliydi, amma əskinə, sərtləşdirilib. Qənaətimə görə, düzəlişin təşəbbüskarı Ermənistan tərəfidir. Çünki hələ Azərbaycanın Tovuz rayonu istiqamətindən Ermənistanın həyata keçirdiyi hərbi təxribatdan başlayaraq, rəsmi Bakının bütün bəyanatlarında işğalçı ölkənin təhrikedici hərəkətlərindən söz açılıb. 44 günlük müharibə dövründə də Azərbaycanı sülhə məcburetmə əməliyyatlarına başlamağa Ermənistanın hərbi-siyasi təhrikedici hərəkətlərinin məcbur etdiyi dəfələrlə vurğulanıb. Bu baxımdan, Azərbaycanı müharibəyə Ermənistan rəhbərliyinin hərbi-siyasi təxribatlarının təhrik etməsi ilə bağlı yanaşma rəsmi Bakıya məxsusdur. Prosesi izləyənlərdə birmənalı olaraq, söhbətin Ermənistandan getdiyi təəssüratı yaranır. “Təxribatçı ritorika” isə ümumi ifadədir və hər iki tərəfə aid edilə bilər”.

E.Mirzəbəylinin fikrincə, Bəyanatda diqqət çəkən digər məqam “münaqişə” sözündən, ümumiyyətlə istifadə edilməməsidir. Bu isə o anlama gəlir ki, həmsədr ölkələr, indiki halda ABŞ və Fransa münaqişənin başa çatdığını, istisnasız olaraq qəbul edirlər:

“Bəyanatda söhbət, yalnız “mahiyyət üzrə yerdə qalan digər məsələlərin hərtərəfli və dayanıqlı tənzimlənməsindən” gedir. Və burada da diqqət çəkən məqam, həmsədrlərin klassik “tərəflərin qəbul edə biləcəyi” ümumiləşdirilmiş yanaşmasının “hərtərəfli və dayanıqlı” ifadəsi ilə əvəz olunmasıdır. Bu isə o deməkdir ki, həmsədr ölkələr və təbii ki, Ermənistan Azərbaycanın öz əraziləri üzərində suveren hüquqlarının təmin olunduğu reallığını qəbul edirlər. Yerdə qalan məsələlərin, yəni Azərbayacan və Rusiya prezidentlərinin, həmçinin Ermənistanın baş nazirinin 10 noyabr bəyanatında yer alan digər məqamların hərtərəfli və birdəfəlik tənzimlənməsinə ümid bəsləyirlər”.

Politoloq Məhəmməd Əsədullazadə vurğulayıb ki, Rusiya əsas moderator olaraq Minsk qrupunun iki həmsədrini kənarda saxlayıb. Bu, əsasən Ankara-Moskva və Bakı formatının əsas strateji xətti olub:

“Rusiya tərəfi həmsədrlərin regiona səfərinə qatılmadı və bu formatın artıq gündəlikdən düşdüyü mesajını verdi. Bundan əlavə, Bakıda görüşlərdə Prezident İlham Əliyev tərəfindən artıq onlara ehtiyac olmadığı açıq şəkildə bəyan edildi. Bakıdan mənfi cavab alan həmsədrlərin İrəvandakı görüşü müəyyən qədər Ermənistan üçün maraqlı idi.

Yenə də Ermənistan XİN rəhbəri Ayvazyan məntiqsiz və sülhü təhdid edən açıqlamalar verdi. Həmsədrlərə bu lazımdır ki, prosesləri gərginləşdirib, öz maraqlarını təmin etsinlər. İrəvandakı görüşlərdən də onlar əliboş qayıtsa belə, yenə də Ermənistan status məsələsini qabardır. Düşünürəm ki, bu, yeni gərginliyə və regionda deastiblaziyaya xidmət edə bilər.

Pasinyan da bunu yaxşı bildiyi üçün Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşdırılması mesajını verir. Ona görə də məhz Minsk qrupunun iki həmsədri, sadəcə, prosesdən kənarda qalmamaq üçün yeni bir status məsələsini ortaya ata bilərlər”.