Prezidentdən MDB-nin iclasında mühüm mesaj: “Türkiyə və İtaliyanın adını çəkməsi...”

“Ölkə başçısı gələcəkdə bizə qoşulmaq istəyənlər üçün qapının açıq olduğunu da göstərdi"


"Prezident İlham Əliyevin MDB-nin iclasında səsləndirdiyi fikirlər yetkin bir siyasətçinin cəsarətli çıxışı idi".

Bu sözləri "Sherg.az"a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib.

Politoloq bildirib ki, dövlət başçısının çıxışı Azərbaycanın milli maraqlarına tam uyğun  qurulmuşdu:

"Çıxışın əsas mahiyyəti son günlər Qarabağ ətrafında süni şəkildə formalaşdırılan fikirləri və niyyətləri diqqətə çatdırmaq idi. Çünki Rusiya prezidentinin çıxışlarında tez-tez münaqişənin yaranma səbəbini "Sumqayıt hadisələri" ilə əlaqələndirməsi və "sülhməramlı" general Rustəm Muradovun separatçı Arayik Arutyunyanla qucaqlaşması heç də xoş niyyətlərdən xəbər vermir. Bunlar bilərəkdən əzələ nümayişi göstərməkdir. Rusiya mediası və aparıcı informasiya mərkəzləri müharibə başlayandan bu günə qədər anti-Azərbaycan təbliğatını bir dəqiqə də olsa dayandırmayıblar".

Analitik vurğulayıb ki, Putinin Qarabağın mövcud olmayan "statusu"nun saxlanması ehtimalından danışmasına cavab olaraq Prezident İlham Əliyev Rusiyann əməkdaşlıq etdiyi Koçaryan, Sarkisyan və Arutyunyan üçlüyünü cinayətkar adlandırdı:

"Prezident çıxışı zamanı çox maraqlı gediş edərək Qarabağda məğlub etdiyi ordunu Paşinyan deyil, Koçaryan və Sarkisyanın yaratdığını bildirdi. Bu bəyanat Paşinyanı devirmək üçün yenidən Koçaryan, Sarkisyan və Arutyunyan üçlüyündən yararlanmaq istəyən Rusiyaya bir tərs sillə idi. Prezident İlham Əliyevin çıxışındakı dost ölkə ritorikası və "işğaldan azad edilmiş ölkələrdə yalnız bizə dost olan və mövqeyimizi dəsətəkləyən ölkələrin kompaniyaları abadlıq işlərini görəcəklər" deməsinin ardından Türkiyə və İtaliyanın adını çəkməsi anlayan üçün mühüm mesaj idi. Bununla yanaşı Prezident gələcəkdə bizə qoşulmaq istəyənlər üçün qapının açıq olduğunu da göstərdi".