Şübhəniz olmasın ! - “Bəyanatdakı maddələr sona qədər yerinə yetiriləcək”

“Prezidentin siyasi iradəsi ilə ərazilərimiz terrorçulardan tam təmizlənəcək”

“Rusiya bəyanatın bütün bəndlərinin həyata keçirilməsində qarantdır”

“Dağlıq Qarabağ adlı münaqişə yoxdur və bu məsələ birmənalı şəkildə həll olunub”


Ötən həftə Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının videokonfrans formatındakı sammitində çıxış edib. Ölkə başçısı bildirib ki, Dağlıq Qarabağdakı münaqişə ilə bağlı söhbətdən artıq yalnız keçmiş zamanda danışıla bilər.
“Vladimir Vladimiroviç Putinin “Dağlıq Qarabağ münaqişəsi barədə keçmiş zamanda danışmalıyıq” fikri ilə tamamilə razıyam. Bu, artıq tarixdir”, - deyə dövlət başçısı qeyd edib.
Prezident Ermənistandakı revanşist qüvvələrə Qarabağla bağlı üçtərəfli bəyanata yenidən baxılması cəhdlərinə görə xəbərdarlıq edib. Dövlət başçısı Vladimir Putinin Qarabağa dair açıqlamasını üçtərəfli razılaşmanın həyata keçirilməsinə mane olmaq istəyən qüvvələr üçün “mühüm siqnal” adlandırıb.

Mövcud durumu “Sherg.az”a şərh edən “Azərbaycan” qəzetinin baş redaktoru,  millət vəkili Bəxtiyar Sadıqov bildirib ki, 44 günlük zəfər döyüşünün hər günü yeni uğurlarla yadda qaldı. Deputat vurğulayıb ki, Ermənistan dövləti ordusunun 80 faizinin dağıdıldığını görəndə dünyanın siyasi liderlərinə yalvar-yaxar etdikdən sonra nəticə əldə etmədikdə Rusiyanın vasitəçiliyi ilə kapitulyasiya bəyanatını imzaladı:

“Bu, Azərbaycanın şərhsiz qələbəsi idi. Bundan sonra sülhməramlılar gəlib bölgədə sülh yaradıb, rayonlarda boşaltma prosesini yerinə yetirir. Cənab Prezident konfransda da açıq şəkildə bəyan etdi ki, Ermənistan darmadağın olub. Lakin Paşinyana qarşı çıxan qüvvələr var ki, onlar münaqişənin başa çatmadığın deyirlər. Düşmən ölkədəki revanşist qüvvələr hesab edirlər ki, Paşinyan düz etməyib. Və Qarabağ ərazisi əbədi olaraq Etmənistanın tərkibində qalmalı idi. Bütün bunların hamısı onu göstərir ki, hələ də Ermənistanın ağlı başına gəlməyib”.

B.Sadıqov qeyd edib ki, cənab Prezidentin siyasi iradəsi ilə Azərbaycan ərazisində bir nəfər olsun erməni əsgəri qalmayacaq, ərazilərimiz terrorçulardan tam təmizlənəcək və bəyanatdakı bütün maddələr sona qədər yerinə yetiriləcək:

“Ermənistan və onun havadarlarının buna şübhəsi qalmasın. Azad edilən ərazilərimizdə quruculuq işləri aparılacaq. Bu işlər planlı və sistemli şəkildə gedir. Ordumuz əsas qələbəsini qazanıb, düşmənə kapitulyasiya aktını imzaladıb. Rusiya bəyanatın bütün bəndlərinin həyata keçirilməsində qarantdır. İstər Ermənistan tərəfi, istər ATƏT-in Minsk qrupu hesab edirlər ki, hələ danışıqlar masasında söhbət getməlidir. Amma  bunların heç biri baş tutmayacaq. Dağlıq Qarabağ adlı münaqişə yoxdur və bu məsələ birmənalı şəkildə həll olunub”.