Ermənistanda vətəndaş qarşıdurması genişlənməkdədir - ŞƏRH

"Ağır məğlubiyyət yükünü təkcə Ermənistanın bugünkü insanları deyil, gələcək nəsli də daşıyacaq"

“Ermənistanda gərgin mənəvi-psixoloji durum hökm sürür. Məğlubiyyət bu ölkədə əsaslı sosial, iqtisadi böhrana səbəb olub”.

Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili Cavid Osmanov deyib. 

Deputat bildirib ki, təcüvüzkar dövlətdə daxili qarşıdurma elə pik həddə çatıb ki, Ermənistanın rəhbər və vəzifəli şəxsləri də mövcud durumu etiraf edirlər: 

“Ermənistan uzun müddət öz arzularını reallıq kimi qəbul etmişdi. 44 günlük müharibədə işğalçı ölkənin “güclü ordu” mifi ilə yanaşı, gələcək xəyalları da məhv oldu. Ermənistan prezidenti Armen Sarkisyan açıqlamasında qeyd edir ki, Dağlıq Qarabağda əhalinin sayı 20 min nəfər azalıb. O, həmçinin Azərbaycanın informasiya və media müstəvisində müharibəyə ciddi hazırlığından da bəhs edib. Əslində prezident mövcud reallıqları sadalayır. Ermənistan böyük böhran içindədir. Sarkisyan haqlı olaraq bildirir ki, ağır məğlubiyyət yükünü təkcə Ermənistanın bugünkü insanları deyil, gələcək nəsli də daşıyacaq. Onsuz da çökmüş səhiyyə sistemi, koronavirusun geniş yayılması, müharibə itkiləri, bərbad iqtisadiyyat Ermənistanı yolun sonuna gətirib. Vəziyyətin bu cür davam etməsi düşmən ölkənin yenidən ayağa qalxmasını mümkünsüz edir”. 

C.Osmanov bəyan edib ki, bugün Ermənistanda təkcə dövlətin, deyil millətin də böhranı yaşanmadadır: 

“Müharibədə yaxınlarını itirən ailələr hər gün etiraz edir, hökuməti istefaya səsləyirlər. Digər qisim isə Paşinyanı dəstəkləyir. Ölkədə vətəndaş qarşıdurması genişlənməkdədir. Ermənistanın bu duruma düşməsinin əsas səbəbi isə onun rəhbərlərinin apardığı işğalçılıq siyasətidir. Düşmən ölkənin yeganə qurtuluşu işğalçılıq siyasətinə son qoymaq, ərazi iddialarından əl çəkmək və qonşularla normal münasibət qurmaqdır”.