Qarabağa qanunsuz səfər...

Ermənistanda revanşist çağırışlar getdikcə artır

Ayvazyanın davranışlarına birbaşa Rusiya münasibət bildirməlidir

"Çünki bu addım üçtərəfli bəyanatı kölgə altına salır və separatizmin alovlandırılması xarakteri daşıyır"


Xəbər verdiyimiz kimi Ermənistan Xarici işlər naziri Ara Ayvazyan Xankəndiyə gələrək separatçıların nümayəndələri ilə “görüşlər” keçirib. Ayvazyan qondarma rejimin “xarici işlər naziri” David Babayanla müxtəlif “sənədlərə” imza atıb. XİN rəhbəri separatçılarla gələcək fəaliyyət və layihələr barədə müzakirələr aparıb. Ayvazyanın Rusiya sülhməramlılarının qoruduğu Laçın dəhlizindən keçərək torpaqlarımıza gəlişi ölkə ictimaiyyətinin kəskin etirazına səbəb olub. Azərbaycan Xarici İşlər Nazirliyi “səfər”lə bağlı rəsmi açıqlama yayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, Ara Ayvazyanın Qarabağa səfəri rəsmi Bakı ilə imzalanmış 10 noyabr razılaşmasının kobud şəkildə pozulmasıdır.

Vurğulanıb ki, qanunsuz səfər və qondarma qurumun nümayəndələri ilə görüşlər hərbi əməliyyatların dayandırılmasından sonra bölgədə sülh, təhlükəsizlik və əməkdaşlığın yaradılmasına uyğun gəlmir: “Xatırladırıq ki, məhz Ermənistan baş naziri 10 noyabr tarixli bəyanata imza atıb və bu xüsusda hökumət üzərinə öhdəliklər götürüb. Bu öhdəliklərin rəsmi İrəvan tərəfindən pozulması təxribatdır və daxili auditoriyaya hesablanmış bu kimi əməllər bölgədə vəziyyətin normallaşmasına xidmət etmir. Ermənistan rəsmiləri əsassız xülyalardan çıxış etməməli, bölgədə yaranmış yeni reallığı qəbul etməlidir. 10 noyabr tarixli birgə bəyanatın icrasının təmin olunması və bölgədə yaranmış yeni təhlükəsizlik formatı, eləcə də əməkdaşlıq imkanlarından çıxış edərək addımların atılması sülh və təhlükəsizlik şəraitində birgəyaşayışa töhfə verə bilər. Bunun əksi isə gərginliyi alovlandırmaq cəhdindən başqa bir şey deyil”. 

Ayvazyanın Qarabağa gəlməsi 44 günlük müharibədən sonra Yerevanla separatçılar arasındakı ilk təmas deyil. Yanvarın 3-də Ermənistan baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Yerevanda keçirilən Təhlükəsizlik Şurasının iclasında separatçıların başı Araik Arutyunyan da qatılmışdı.

Paşinyan Arutyunyanla görüşündə Dağlıq Qarabağda humanitar və təhlükəsizlik məsələlərindən söz açmış və onlara hər cür dəstək verəcəyini söyləmişdi. Halbuki, Arutyunyanla bağlı Azərbaycanda cinayət işi qaldırılıb və barəsində beynəlxalq axtarış elan olunub. 10 noyabr razılaşması da tələb edir ki, Paşinyan Qarabağın baş terrorçusunu “rəsmi şəxs” statusu daşıyan adam kimi başda əyləşdirməsin, həbs edərək Azərbaycana təhvil versin. Dəfələrlə Rusiya sülhməramlılarının rəhbərliyi ilə görüşən və “toxunulmaz” olduğu qənaətinə gələn Arutyunyan o qədər arxayınlaşıb ki, hətta “struktur dəyişiklikləri” ilə məşğul olmağa başlayıb. O, 4 yanvarda cinayət ortaqlarından biri Masis Mailyanı “xarici işlər naziri” vəzifəsindən azad etməklə bağlı “fərman” imzalayıb və onun yerinə David Babayanı “təyin” edib. Bundan başqa Vaqram Baqdasaryan “maliyyə naziri” vəzifəsindən azad olunub. Qriqori Martirosyan “dövlət naziri-maliyyə naziri” oyuncaq postuna təyinat alıb. 

Məlumat üçün onu da bildirək ki, Ayvazyandan sonra Ermənistanın əmək və sosial məsələlər naziri Mesrop Arakelyan da Qarabağ bölgəsinə, Xankəndiyə gəlib. Arakelyan Xankəndidə separatçı-terrorçu Araik Arutyunyanla görüşüb. O, Ermənistanın Qarabağ ermənilərinə dəstəyin “prioritet məsələsi” olaraq qaldığını deyib: “Ermənistan hökuməti Qarabağ ermənilərini dəstəkləmək üçün yeni proqramlara başlamağı planlaşdırır. Müharibə nəticəsində evsiz qalan və Ermənistana sığınan ermənilərin sosial problemləri həllini tapacaq”.

Qarabağda yenidən fəallıq nümayiş etdirənlər sadəcə separatçılar deyil. Onlara dəstək verənlər də xüsusi aktivlik sərgiləyirlər. Barəsində cinayət işi açılmış və beynəlxalq axtarışa verilmiş rusiyalı “jurnalist” Semyon Peqov da Azərbaycanı hiddətləndirmək niyyətindən əl çəkmir. Növbəti dəfə təxribatçı əməllərə yol verən Peqov Qarabağdan video yayıb. Şuşa-Xankəndi yolu üstündə təmas xəttində çəkiliş aparan Peqov Qarabağ haqqında sənədli film çəkəcəyini və regiona yenidən gəlməyi planlaşdırdığını deyib. Rusiyalı jurnalistin hərəkətləri Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb. Qarabağda sərbəst gəzən və açıq-aşkar Azərbaycanın suverenliyini pozmağa çağıran Peqovun nəyə arxayın olması suallar yaradıb. Maraqlıdır ki, Peqovun bu davranışları Azərbaycan Baş Prokurorluğunun rusiyalı həmkarlarına müraciət etməsinə və ona qarşı cinayət işi açılmasına rəğmən baş verir. Prosesləri şərh edən analitiklərin fikrincə, nə Ermənistan, nə də qondarma rejim baş verənlərdən dərs çıxarıb. Görünür, arxalarındakı gücə güvənən Yerevan hökuməti və separatçılar məhz bundan ürəklənərək təxribatçı addımlarını davam etdirirlər. Əslində, Qarabağdakı qondarma rejimlə Ermənistan hakimiyyəti arasındakı sıx əlaqələr və təmaslar hamıya məlum idi. Ancaq 44 günlük müharibədən və ələlxüsus 10 noyabr Bəyanatından sonra Paşinyan hökumətinin separatçılarla əməkdaşlığı heç cür normal qarşılana bilməz. Açıq-aydın görünür ki, həm Ermənistanda, həm də Qarabağda revanşist çağırışlar var. Lakin Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi Ermənistan yenidən müharibəyə cəhd edərsə, təxribatlarını davam etdirərsə, Azərbaycan bunun qarşısını daha qətiyyətlə alacaq. 

Millət vəkili, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu “Şərq”ə deyib ki, Ermənistanda revanşist çağırışlar getdikcə intensiv hal alır. Deputatın sözlərinə görə, son günlər bu istiqamətdə fəaliyyət müşahidə olunmaqdadır:

“10 noyabr birgə Bəyanatının şərtlərinə dəqiq əməl olunması bütövlükdə regionun təhlükəsizliyi baxımından çox önəmlidir. Təəssüflə qeyd etmək lazımdır ki, Ermənistan təxribatçı mövqeyindən vaz keçmir. Yerevan hökumətinin davranışlarından aydın görünür ki, Ermənistan Azərbaycana ərazi iddialarını saxlamaqdadır. Qarabağa yönəlik təxribatlar bütövlükdə regionda sülhün və təhlükəsizliyin təmin olunmasına ciddi təhdid yaradır. Xarici işlər naziri Ara Ayvazyanın səsləndirdiyi fikirlər ötən ilin sentyabrın 27-nə qədər Ermənistan rəsmilərinin sərgilədiyi mövqeyə bənzəyir. İndi səslənən fikirlərin gələcəkdə sözdən əmələ keçmə ehtimalını nəzərdən qaçırtmamalıyıq. Ermənistan rəhbərliyi istənilən təxribatın onlara baha başa gələcəyini unutmamalıdır. 44 günlük müharibəni qaçılmaz edən məhz bu cür davranışlar idi. Əgər Yerevan hökuməti separatçılara dəstəyindən və əvvəlki iddialarından ək çəkməzsə, şanlı Ordumuz Ermənistanın başına növbəti dəfə dəmir yumruq endirməli olacaq. Nəzərə alaq ki, regionda sülhməramlı qüvvələr də var. Üçtərəfli Bəyanatın şərtlərinə əməl olunmasının məsuliyyəti birbaşa onların üzərindədir. Rusiya sülhməramlıları erməniləri razılaşmaya uyğun hərəkətə məcbur etməlidir”. 

Parlament üzvü vurğulayıb ki, bu cür təxribatlar gözləniləndir:

“Ermənilərin xislətinə yaxşı bələdik. Ermənistan hakimiyyəti öz qonşuları ilə dinc-yanaşı yaşamağa hazır deyil. Rəhbərlik anlamır ki, mənasız ərazi iddiaları və təxribatlar ermənilərin sonunu yaxınlaşdırır, düşməni daha pis vəziyyətə qoyur. Yaxşı olar ki, Ermənistan dövləti sağlam məntiqə əsaslanaraq, ilk növbədə öz təhlükəsizliyini təmin etsin və qonşularla əməkdaşlığa üstünlük versin. Ayvazyanın davranışlarına birbaşa Rusiya münasibət bildirməlidir. Çünki bu addım üçtərəfli bəyanatı kölgə altına salır və separatizmin alovlandırılması xarakteri daşıyır”. 

E.Mirbəşiroğlunun fikrincə, Ermənistan rəhbərliyinin bir sıra addımları sırf daxili auditoriyaya hesablanıb:

“Paşinyanın siyasi karyerasının sonu yaxınlaşır. Baş nazir heç bir halda sonadək hakimiyyətdə qala bilməyəcək və çox pis formada siyasi karyerası sonlanacaq. Ona görə də separatçılarla əməkdaşlıq görüntüsü yaradaraq özünə dividend qazanmaq istəyir”. 

Milli-Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Natiq Miri isə “Şərq”ə vurğulayıb ki, Yerevan hökuməti Qarabağdakı separatçılarla əlaqə quraraq, Dağlıq Qarabağın hələ də “müstəqil” subyekt olduğunu göstərməyə çalışır. Siyasi şərhçinin sözlərinə görə, Ermənistan rəhbərliyi gələcəkdə qondarma rejimə “status” əldə etmək üçün hərəkətə keçib:

“Paşinyanın addımları buna hesablanıb. Ermənistanda gərgin vəziyyət hökm sürür. Azərbaycan 44 günlük Vətən müharibəsinin nəticəsindən sonra Dağlıq Qarabağa hansısa “status” verməyəcəyini qəti elan edib. Dövlət başçısı İlham Əliyev ölkə ictimaiyyətinə dəfələrlə və birmənalı bildirib ki, bundan sonra “status” məsələsi müzakirə olunmayacaq. Rəsmi Bakının qətiyyətli mövqeyi təkcə Yerevan hökumətini deyil, onları himayə edən Rusiyanı da narahat edir.

Moskva fərqindədir ki, status məsələsi həllini tapmadıqca, erməniləri Qarabağa daşımaq və uzun müddət burada saxlamaq mümkün olmayacaq. Kreml məhz bu məqsədlə Ermənistana və Qarabağa yönəlik stimullaşdırıcı addımlar atır.

Yeni doğulan uşaqlara verilən müavinətlərin artırılması, gələcəkdə Qarabağ ermənilərinə rus pasportlarının veriləcəyi söz-söhbəti bu planın tərkib hissəsidir. Məqsəd erməniləri Qarabağa cəmləmək və onları “status” iddiası ilə çıxış etməyə sövq etməkdir.

Ancaq hazırda erməniləri buna razı salmaq asan deyil. Qarabağ erməniləri Ermənistan, yaxud Rusiyanın himayəsi altında yaşamaqda heç bir perspektiv görmürlər və evlərini sataraq bölgəni tərk edirlər”.