Prezidentin Şuşadan səsləndirdiyi fikirlər, etdiyi xəbərdarlıqlar tam hədəfinə dəyib - Partiya sədri

“Prezident İlham Əliyevin Şuşadakı hər hərəkəti, hər sözü bir ismarıc, xəbərdarlıq idi”. 

Bu sözləri “Sherg.az”a Milli Həmrəylik Partiyasının sədri, Birinci Qarabağ Müharibəsinin iştirakçısı Əlisahib Hüseynov deyib. 



Partiya rəhbəri bildirib ki, dövlət başçısının xəbərdarlıqları Ermənistanda revanşa, qisasa can atan, yenidən müharibənin alovlanmasından dəm vuran rəsmilərə, siyasi qüvvələrə ünvanlanmışdı: 

“Prezident bildirdi ki, bu gün Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər yenə də baş qaldırmağa çalışırlar, lakin onlar dəmir yumruğu unutmamalıdırlar. Revanşizm hissləri Ermənistana baha başa gələ bilər. Dövlət başçısının bu dəfəki xəbərdarlığı məhz Şuşadan etməsi tamamilə fərqli anlam daşıyır və daha böyük təsir gücünə malikdir. 27 il işğal altında qalandan sonra Azərbaycan Ordusunun Şuşanı savaş yoluyla azad etməsi revanşistlərə ən yaxşı cavabdır və Prezident bunu birmənalı şəkildə vurğuladı. Azərbaycan torpaqlarında törədilən vəhşiliklərin əsas müəlliflərinin Koçaryan-Sarkisyan cütlüyünün olduğunu qeyd edən Prezident onların bu əməllərinə görə cavab verməli olacaqlarını vurğuladı”. 

Ə.Hüseynov vurğulayıb ki, düşmən ölkədə Azərbaycanın dövlət başçısının ismarıclarını, xəbərdarlıqlarını doğru-düzgün dəyərləndirən, rasional yanaşma sərgiləyən fərdlər və qüvvələr də var: 

“Bu isə bir daha onu göstərir ki, Prezident İlham Əliyevin Şuşadan səsləndirdiyi fikirlər, etdiyi xəbərdarlıqlar tam hədəfinə dəyib. Ermənilər miskin və məğlub Nikol Paşinyanın, hakimiyyətə can atan Vazgen Manukyan, Edmon Marukyan kimi revanşistlərin, yenidən səfir olmağın xiffətini yaşayan Mikael Minasyan (Serj Sərkisyanın kürəkəni - red) kimi xəyalpərəstlərin xəstə təfəkküründən doğan zəhərli fikirləri deyil, məhz İlham Əliyevin ismarıclarını, xəbərdarlıqlarını müzakirə etməlidirlər. Düzgün nəticələr çıxartmalı, ağıllı mövqe nümayiş etdirməlidirlər ki, vitse-spiker Lena Nazaryan demişkən, “region sonda nəhayət insani sifətə malik olsun”. Ermənilər öz faşist mahiyyətlərindən, millətçi hədəflərindən, revanşist çağırışlarından əl çəkib insanlığa qayıtmalı, insani sifət almalıdırlar. Ermənistanın yeganə çıxış yolu budur”.