Gürcüstan qazandı, üzlər güldü

Rusiya beynəlxalq məhkəmənin hökmlərini icra etməyə məcburdur

Strasburqda yerləşən Avropa İnsan Haqları Məhkəməsi “Gürcüstan Rusiyaya qarşı” dövlətlərarası işi üzrə yekun qərar qəbul edib. Məhkəmə Gürcüstanın mövqeyini təmin edərək Avropa İnsan Haqları Konvensiyasının 6 maddəsinin pozulmasına görə Rusiyanı məsul tərəf kimi tanıyıb. Bununla belə, məhkəmənin Böyük Palatası 8-12 avqust tarixlərində müharibənin aktiv fazası zamanı baş verən hadisələrin Rusiyanın yurisdiksiyasında olmadığını əsas gətirərək Gürcüstan tərəfinin müvafiq iddiasını təmin etməyib.

Gürcüstan Prezidenti Salome Zurabişvili Strasburq məhkəməsinin bugünkü qərarının Gürcüstan üçün tarixi önəm daşıdığını bəyan edib. Xatırladaq ki, Gürcüstan 2008-ci il avqustun 11-də Rusiya ilə 6 maddədən ibarət atəşkəs razılaşmasının imzalanmasından 1 gün sonra AİHM-ə müraciət ünvanlayaraq Rusiyanı atəşkəsi pozmaqda ittiham edib. Bununla əlaqədar indiyədək məhkəməyə 700-dək dəlil təqdim edilib. 

Qərarı “Şərq”ə təhlil edən millət vəkili, hüquqşünas Tahir Kərimli bildirib ki, Rusiya beynəlxalq hüququn və İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasını qəbul edib. Deputatın sözlərinə görə, Avropa İnsan Haqları Məhkəməsinin qərarı Rusiya üçün məcburi xarakter daşıyır:

“Konstitusiya istisna olmaqla beynəlxalq məhkəmələrin qərarları istənilən yerli istansiyasının qərarından üstün sayılır. Bu baxımdan Rusiya beynəlxalq məhkəmənin hökmlərini icra etməyə məcburdur. Sözsüz ki, Moskva qərara siyasi prizmadan yanaşacaq və prosesi mümkün qədər uzadacaq. Bunu Qərbin Kremlə növbəti təzyiqi kimi təqdim edəcək. Lakin AİHM-nin istənilən qərarı beynəlxalq əhəmiyyətə malikdir. Həmçinin, dünya və postsovet ölkələri üçün önəmlidir. Bu cür qərarlar presedent yaratmaq gücündədir və Rusiyanın içində olduğu digər problemlərdə analoji nəticənin çıxmasına imkan verə bilər. Məsələn, gələcəkdə Dnestryanı bölgələr və Krım məsələsi ilə bağlı işə baxılanda prosedur uzun çəkməz və indiki qərar əldə rəhbər tutular. Təbii ki, qərar ilk növbədə Gürcüstan üçün hüquq müstəvisində böyük qələbədir. Rusiya üçün isə mənfi imicdir”.