Qarabağın iqtisadi dirçəlişi üçün planlar qurulur

Türkiyə şirkətlərinin bölgədə tekstil fabrikləri qurmasını bəyan etməsi orda məskunlaşacaq vətəndaşlarımızın məşğulluğunu təmin edəcək
 

Qarabağ tarixən aqrar region olub. Yurdumuzun bu dilbər bölgəsində kənd təsərrüfatının demək olar bütün sahələri inkişaf etmişdi. Taxılçılıq, üzümçülük, maldarlıq, baramaçılıq. Qarabağ həm də pambıqçılıq regionu idi. Azərbaycanın neçə-neçə əmək qəhrəmanları məhz Qarabağ torpağında xarüqələr yaradırdılar. 

Ulu Öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışmağa başladığı vaxtdan Azərbaycan iqtisadiyyatı da dirçəlməyə başladı. Sovet dövrünün insanları yaxşı xatırlayar ki, o illərdə xüsusilə pambıqçılıq vüsət almışdı. Həm də məhz Qarabağ bölgəsində. Həmin dövrün sosialist əməyi qəhrəmanı fəxri adını alan pambıq ustalarının əksəriyyəti, bəlkə də hamısı Qarabağ bölgəsindən idi. 1981-ci ildə isə Azərbaycanda pambıq tədarükü tarixdə özünün ən yüksək göstəricisinə - 1 milyon tona çatdı. 

Sonrakı illər barədə qısaca xatırlada bilərik ki, mövcud sistemin dağılmasına gətirib çıxaran yenidənqurma sovetlər birliyinin hər yerində iqtisadiyyata da mənfi təsirlərini göstərdi, o cümlədən Azərbaycanda da kənd təsərrüfatında əldə edilmiş uğurların tənəzzülü başladı. Pambıq sahələri getdikcə azaldı, məhsuldarlıq aşağı düşdü. Xain qonşularımız ermənilərin Azərbaycana ərazi iddiaları ilə başlanan və işğal fakti ilə nəticələnən Qarabağ savaşı isə bu bölgəni faktiki ölü zonaya çevirdi. 

Cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən Vətən müharibəsi isə ümidlərimizi yenidən dirçəldib. Prezident öz çıxışlarında, həmçinin işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı Qarabağın yenidən qurulacağını, abadlaşacağını, iqtisadi inkişaf mərhələsinə qədəm qoyacağını hər dəfə bəyan edir. 

Bu inamı yaradansa Qarabağda işğala son qoyulması ilə təxminən eyni vaxtda quruculuq işlərinin başlanmasıdır. Hansı işlər ki, vaxt itirmədən icra edilə bilər, Azərbaycan vətəndaşı o işlərin başlandığını artıq görür. Bölgələrin elektrik enerjisi, içməli su ilə təmin edilməsi, yolların tikintisinə başlanması, mobil rabitə, tele-radio yayımının təşkili, bir sıra dövlət orqanlarının, rəsmi strukturların yerlərdə formalaşması, inzibati binaların tikilməsi və bərpası. Bunlar atılan ilk addımlardır. Bölgənin iqtisadi dirçəlişi üçün də layihələr hazırlanır, planlar qurulur, müxtəlif təkliflər irəli sürülür. Cənab Prezident çıxışlarında Azərbaycana dost, qardaş ölkələrlə Qarabağda iqtisadi-ticari, mədəni sahədə əməkdaşlıq ediləcəyini bildirmişdi. Hazırda bir sıra dövlətlər tərəfindən Qarabağa dair iqtisadi əməkdaşlıq təkliflərinin artıq irəli sürüldüyünü, dövlətlərin Qarabağa necə böyük maraq göstərdiyinin şahidiyik. Birinci növbədə əlbəttə ki, qardaş Türkiyənin təklifləri nəzərə alınır.           
 
Ölkələr Qarabağda işləmək istəyir 
 
Bir müddət öncə Türkiyə Sahibkarları Birliyinin məlumatında bildirilirdi ki, Türkiyənin tekstil şirkətləri Qarabağda tekstil sənayesi yaratmağı düşünür. Əlbəttə, işğaldan azad olunmuş Qarabağda sənaye müəssisələrinin yaradılması regionun iqtisadi inkişafına təkan verəcək amildir. 
Bir neçə gün öncə Bakıda səfərdə olarkən Türkiyə Cümhuriyyətinin Tüm Kalkınma İş Adamları və Girişimcilər Dərnəyinin İdarə Heyətinin sədri İlhami Öztürk bildirdi ki, Türkiyə şirkətləri işğaldan azad edilmiş ərazilərdə tekstil fabriklərinin qurulması üçün  investisiya qoymağı nəzərdə tutur. Bu qurum bir çox sahələrdə fəaliyyət göstərir, lakin ilk mərhələdə tekstil sahəsinə yatırım etməyi düşünür. Azərbaycanda tekstil fabrikinin tikintisinə dair Azərbaycan Sahibkarlar Konfederasiyası ilə ilkin müzakirələrə də başlanılıb artıq. TÜMKİAD-ın sədri İlham Öztürk deyib ki, bu layihənin icrası ilə bağlı detallar görüşlərin nəticəsindən bəlli olacaq: "Tekstil fabrikinin tikintisi ilə bağlı ilk etapda 50 mln. ABŞ dolları məbləğində investisiya nəzərdə tutulur. Biz həm də öz təcrübəmizi yerli iş adamları ilə bölüşmək niyyətindəyik. Azərbaycanda tekstil fabrikinin tikintisi həm də ixracata müsbət töhfə verəcək. Belə ki, istehsal olunacaq məhsul Rusiya, Ukrayna və digər ölkələrə ixrac oluna bilər. Görüşlərin nəticəsi olaraq, fabrikin hansı bölgədə tikiləcəyinə dair qərar veriləcək". 

Xatırladaq ki, bundan öncə Şimşek Erhan adlı Türkiyə Respublikası vətəndaşı Azərbaycanda “SMM Tekstil” Məhdud Məsuliyyətli şirkəti açmışdı. Şirkət 5 avqust 2019-cu il tarixində dövlət qeydiyyatına alınıb və şirkətin nizamnamə kapitalı  50 000 manatdır. Qeyd edək ki, “SMM Tekstil” şirkəti 2006-cı ildə Türkiyədə dövlət qeydiyyatına alınıb və Baş ofisi İstanbul şəhərində yerləşir. Məlumdur ki, Türkiyə tekstil sənayesində dünyada öncül yerlərdən birini tutur, daxili tələbatı ödəməklə yanaşı, ixrac tələbatını da ödəyir.  Türkiyə tekstil sənayesi dünyada tanınan və artıq məşhurlaşmış  bir neçə brendlərə malikdir. Belə bir tanınan şirkətlərin Qarabağda sənaye müəssisələri yaratması bölgənin iqtisadi inkişafında müsbət rol oynayacaq.     
 İran İslam Respublikasının da 30 şirkəti Qarabağ bölgəsində iqtisadi əməkdaşlıqda  maraqlı olduğunu bildirib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqlamasında bildirilir ki, Xudafərində yeni bir körpünün tikilməsi və gediş-gəlişin artması yeni bazarların yaranmasına gətirib çıxacaq. Məsələn, Təbriz şəhəri azad olunmuş ərazilərə yaxındır. Artıq yaxın zamanda qarşılıqlı danışıqlar aparmaqla birgə müəssisələrin fəaliyyətini təşkil etmək olar. Bunlar qida, tekstil, turizm və digər sektorlar da ola bilər. İrandan gələcək turistlər, Bakıya gəlib-getməkdənsə, azad olunmuş ərazilərə daha çox üz tutacaqlar.

Digər qonşu ölkə Rusiya ilə də daha çox kənd təsərrüfatı sahəsində yeni qarşılıqlı işlər qurula bilər.

Tekstil sənayesi əhalinin gəlirlərini artıracaq
 
İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında bildirdi ki, Türkiyə şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə tekstil fabriklərinin qurulması təklifi ilə çıxış etmələri bölgədə iqtisadi yüksəlişə təkan verəcək, doğma torpaqlarda məskunlaşacaq vətəndaşların məşğulluğunu təmin edəcək: 

- Sənaye müəssisələri iqtisadi inkişaf üçün güclü əsasdır. Sənaye müəssisələri yeni iş yerləri deməkdir, sənaye müəssisələri əhalinin məşğulluğunun təmini deməkdir. Əhalinin gəlirlərinin artması, ailə büdcəsinə gəlirlərin daxil olması deməkdir. Hansı tərəfdən baxarsaq baxaq, bu, çox gözəl, sərfəli, Qarabağ üçün, ümumilikdə ölkəmiz üçün uğurlu nəticələrə hesablanan perspektivli təkliflərdir. Türkiyə müəssisələrinin tekstil sənayesi sahəsində böyük təcrübələri var.

İnanıram ki, Türkiyə şirkətləri Qarabağda fəaliyyətə başlayacağı təqdirdə bölgənin iqtisadi inkişafı sürətlənəcək, əhalinin gəlirləri artacaq. Eyni zamanda tekstil sənayesi pambıqçılığı da inkişaf etdirəcək. Qarabağ bölgəsi, bilirik ki, məhsuldar torpaqlardır. Qarabağ bölgəsi Azərbaycana 1 milyon pambıq vermiş nəhəng kənd təsərrüfatı zonasıdır.

Məlum səbəblərdən pambıqçılıq sahəsi geriləmişdi. Amma son illərdə hökumət çalışırdı ki, bu sahədə irəliləyişə nail olsun. İqtisadiyyatda, sənayedə əsas amil xammala malik olmaqdır. Dünya ölkələri öz iqtisadiyyatlarını ücüncü dövlətlərdən xammalı alıb emal edib təkrar həmin ölkələrə satmaqla gücləndirir, ağlasığmaz gəlirlər əldə edirlər.

Təsəvvür edin ki, bir ölkə pambıq istehsal edir, onu xammal olaraq başqa bir ölkəyə ixrac edir, o ölkənin sənayesi isə həmin xammaldan parçalar, müxtəlif geyim əşyaları istehsal edib tanınan brendlər adı ilə ölkələrə ixrac edir. Onlar çox qazanır, yoxsa xammal satan ölkə? Əlbəttə, hazır məhsul istehsalçısı olanlar. Bir halda ki, Azərbaycanın pambıq istehsalını dirçəltmək imkanları var, artıq geniş Qarabağ əraziləri, bir vaxtlar ağ pambığı ilə məşhur olan bölgələr öz əzəli sahiblərinə qovuşub, elə etməliyik ki, xammalı da özümüz istehsal edək. Pambıqçılığın iqtisadiyyata təsiri böyükdür. Kiçik bir misal çəkim; Dünya bazarında 1 kiloqram pambığın qiyməti 1-2 ABŞ dolları arasıdır.

2019-cu ilin ilk doqquz ayında pambıqçılıq fermerlərə və şirkətlərə, ümumiyyətlə, Azərbaycana 111 milyon dollar gəlir gətirib. Mahlıc, pambıq ipliyi, pambıq yağı ixrac edilib. İndi təsəvvür edin ki, bu göstəricilər torpaqlarımızın 20 faizi işğal altında olduğu dövrə aiddir. Bu hesabla işğaldan azad olunmuş torpaqlarda pambıqçılığın inkişafı görün, bizə hansı üstünlükləri yarada bilər.

Bu, təkcə tekstil sənayesini inkişaf etdirməyəcək, toxuculuq, parça sənayesini də qaldıracaq. İplik istehsalı xalçaçılığı da inkişaf etdirəcək. Görün, sənayenin nə qədər sahəsi inkişaf edə bilər. Bütün bunlar ilk növbədə yeni iş yerləridir.

Məlumdur ki, illərlə doğma yurd-yuvasından didərgin düşmüş vətəndaşlarımız artıq evlərinə qayıdır.  Əhalinin məşğulluğunu təmin etmək ən ümdə məsələdir. Sənaye müəssisələrinin yaradılması əhalinin məşğulluğunun təminatında aparıcı rol oynayacaq. Sənaye müəssisələri, orada istehsal olunan mallar Qarabağın, Azərbaycanın adını dünyada daha da tanıtdıracaq, əhali də gəlir əldə edəcək, daha yaxşı, daha təminatlı şəkildə yaşayacaqlar. Yəni Qarabağda sənaye müəssisələrinin açılması hansı tərəfdən baxsaq, xeyirlidir, uğurludur, perspektivlidir.  
Türkiyənin təcrübəsindən istifadə olunarsa, yerli bazarın inkişafı da təmin edilər.  

Azərbaycan brendləri formalaşar. Bu məsələnin siyasi-ideoloji tərəfləri də var. Azərbaycan dünyaya göstərməlidir ki, torpaqlarını, ərazisini işğaldan azad edə bilirsə, iqtisadi cəhətdən yüksəltməyi də bacarır. İnsanlarının sosial təminatını da həyata keçirməyə qadirdir.