Siqaretin qiyməti bahalaşacaq 

"İnsanlar daha ucuz siqaretlərə qaçacaqlar"


"Bu da bazarda saxta malların həddindən artıq çoxalmasına səbəb olacaq"

Azərbaycanda istehsal olunan siqaretlər və onun əvəzediciləri və elektron siqaretlər üçün mayeyə tətbiq edilən aksiz dərəcələri artırılır. Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə görə, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin hər 1000 ədədinə tətbiq edilən 31 manat aksiz dərəcəsi 35 manata, elektron siqaretlər üçün mayenin hər litrinə tətbiq edilən aksiz dərəcəsi 20 manatdan 220 manata qaldırılacaq.

İqtisadçı-ekspert Rauf Qarayev "Şərq"ə bildirib ki, tütün məmulatlarının həm istehsalı, həm də idxalı üzrə aksiz dərəcələrinin artırılması daxili bazarda tütün məmulatlarının qiymətinə təsir edəcək. Ekspert bildirib ki, bu, vergi baxımdan ilk növbədə büdcəyə əlavə gəlir gətirəcək:

"Amma digər tərəfdən isə rəqabətə dözməyən sahibkarlar sıradan çıxacaq. Bəzi sahibkarlar isə vergidən yayınmaq üçün müxtəlif üsullara əl atacaqlar.

Tütün və alkoqollu içkilərin qiyməti qalxması nəticəsində insanlar daha ucuz içkilərin və ya tütün məhsulları istifadəsinə başlayacaqlar. Bu da bazarda saxta malların həddindən artıq çoxalmasına səbəb olacaq.

Qeyd edim ki, hətta Vergi Məcəlləsinin 190 maddəsinə əsasən, elektron siqaretlər aksizli mallar siyahısında olsalar belə, elektron siqaretlər üçün maye – hər litrinə 20 manat daha yuxarı qiymətə yəni 220 manata qədər artırılması nəzərdə tutulub.

Təsəvvür edin ki, 11 dəfə aksiz dərəcəsi artırılır. Vergi Orqanının rəsmiləri bunu belə əsaslandırır ki, vergi rüsumunun artırılması səmərəliliyin inkişafıdır. Sual meydana gəlir. Hansı səmərəliliyin?

Əksinə, bu, monopoliyanın daha da inkişaf etməsinə töhfə verir. Kiçik sahibkarlar isə buna dözümsüzlük nümayiş etdirərək ya sıradan çıxacaqlar, ya da ki, qanundan kənar yollara əl atacaqlar".