"6 saat mühasirədə qaldıq" - FOTOLAR

"Komandirimiz demişdi ki, mən şəhid olana qədər sizə heç nə olmayacaq"

"Biz beşinci postu alanda komandir bayrağımızı sancırdı, o an snayper gülləsi ilə alnından vuruldu"

Sentyabrın 27-si  başlayaraq noyabrın 10-da tarixi zəfərimizlə başa çatan Vətən müharibəsinin canlı şahidləri, yaşayan əfsanələri var. Onlar hələ savaşın ilk günündən qəhrəmanlıqla vuruşub, Vətənə borclarını yerinə yetiriblər.  Şübhəsiz ki, döyüşdən qayıdanların hər birində psixoloji travmalar yaranıb. Bir hissəsi də bədəninin müxtəlif nahiyələrindən xəsarət alaraq qazi kimi geri dönüb. Bir sözlə, Vətən uğrunda  qan töküb, can almaqdan çəkinməyiblər. Eynilə Mayılov Əliheydər Ələsgər oğlu kimi.

O, 7 noyabr 1995-ci il tarixində Maştağada dünyaya göz açıb. 

Əliheydər də digər silahdaşları, müharibə iştirakçıları kimi Vətənin səsinə səs verərək cəbhəyə yollanıb. Qazimiz döyüş yolunu “Şərq”ə danışıb. Əliheydər 2014-2015-ci illərdə Cocuq Mərcanlıda xidmət etdiyini, “Aprel” hadisələrindən sonra qeydiyyatdan keçdiyini, 2020-ci il sentyabrın 21-də ona çağırış gəldiyini söyləyib:

“Füzulidə döyüşə başladıq.Müharibənin 10-cu günü, oktyabrın 7-də yaralandım. O vaxta qədər iki kənd, 6 postu işğaldan azad etmişdik. Sonuncu postu alarkən, düşmən texnikalarla hücuma keçdi. Tankların üstündə bizim bayraqlarımız var idi. Bizi tələyə salmaq istəyirdilər. Sonradan anladıq ki, onlar ermənilərdir.

Atışma başladı, bizi tankla vurdular, yerə yıxıldım. Yerdən vuruşmağa davam etdim, sonra güllə ilə vuruldum.

Ondan əvvəl döyüşlərimiz yaxşı keçirdi. Tabor komandirimiz kapitan Mahmudov Cavid var idi, demişdi ki, mən şəhid olub, yaralanana qədər sizə heç nə olmayacaq.

Elə də oldu. Biz beşinci postu alanda komandir bayrağımızı sancırdı, o an snayper gülləsi ilə alnından vuruldu.

O, şəhidlik zirvəsinə ucalandan sonra şəhidlərimiz, yaralılarımız  oldu.  Ən son 6 saat mühasirədə qaldıq. Lakin postu düşmənə vermədik, canla-başla döyüşdük.

Bir neçə zabitimiz  döyüşlərdə olmuşdu, taktikaları bilirdi. Onların səyi nəticəsində düşmən geri çəkilməyə başladı. Ardınca  kömək gəldi və bizi ordan çıxartdılar”.