Gərginliyi yaradan "Qarabağ klanı"dır

"Aciz duruma düşən revanşist qüvvələr vəziyyətdən çıxış yolu kimi “günahkar” ovuna çıxıblar"

"Əgər Paşinyan müxalifətin təzyiqlərinə rəğmən, hakimiyyətini saxlaya bilərsə, erməni xalqı da rifaha qovuşmaq şansı əldə edər"

Azərbaycanın zəfəri ilə yekunlaşan müharibədən üç aya yaxın vaxt keçsə də, Ermənistanda hələ də revanşist düşüncədə qalanlar, savaşın yenidən başlanmasını arzulayan kəsimlər var. Ermənistanda bəzi avantürist qüvvələr və onların nəzarətindəki media qurumları onsuz da acınacaqlı durumada olan erməni xalqının düzgün seçiminə kömək etmək əvəzinə, dövləti növbəti fəlakətə doğru sürükləməyə cəhd edirlər. Məsələ ondadır ki, erməni siyasi dairələrində, ekspert çərçivəsində faktiki heç nəyi qalmayan bir dövlətin təzədən toparlanaraq Azərbaycana qarşı müharibəyə başlayacağına, “itirilmiş torpaqları” geri alacağına ümid bəsləyənlər var. Həmin qüvvələr sülhdən, qonşu ölkələrlə əməkdaşlığı təcili şəkildə bərpa etməkdən daha çox, yeni müharibə imkanlarından dəm vururlar.

Guya, 44 günlük müharibəni uduzan erməni xalqı, hətta erməni ordusu yox, fərasətsiz Baş nazir Nikol Paşinyan və onun hökumətidir. Təsadüfi deyil ki, belə təbliğatın önündə 2018-ci ilin mayında hakimiyyətdən devrilmiş “Qarabağ klanı”, revanş hissi ilə alışıb-yanan keçmiş xunta rejimi dayanır. Əvvəllər arxa planda dayanırdılarsa, artıq açıq formada siyasi mübarizəyə qoşulurlar. Hətta daha həyasız tələblərlə gündəmə gəlməyə çalışırlar. Ermənistanın XİN başçısı Ara Ayvazyan Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lemuanla görüşdə bildirib ki, Azərbaycanın antiterror əməliyyatı zamanı həbs etdiyi 62 erməni diversantı azad edilmədən regionda kommunikasiyaların bərpa edilməsi qeyri-mümkündür. Lemuan isə bəyan edib ki, üçtərəfli bəyanat bir sıra məsələləri gündəmə gətirir, amma gündəmə gətirilməyən məqamlar var. Onun düşüncəsinə görə, bəyanatda əksini tapmayan digər məqamlar Minsk qrupu çərçivəsində həll olunmalıdır. Ermənistan tərəfinin əsassız iddiasına görə, Azərbaycanda 235 nəfərə qədər “əsir” var. Guya, onların böyük hissəsi 10 noyabr 2020-ci il bəyanatından sonra “yoxa” çıxıb.

Halbuki, ələ keçirilən nə qədər terrorçu varsa, hamısı üçtərəfli razılaşmaya zidd olaraq torpaqlarımızda qalan, yaxud sonradan Azərbaycana göndərilən diversantlardır. Yerevan hökuməti isə 10 noyabr anlaşmasına qanunsuz şərt qoşur, əsassız tələblər irəli sürür. Hətta daha da irəli gedərək 11 yanvarda Moskvada əldə edilmiş razılaşmaya, Rusiya Prezidenti Vladimir Putinin imzası olan sazişə qarşı gedərək nəqliyyat-kommunikasiyaların açılmasının yalnız erməni terrorçuların azad olunması ilə mümkün olduğunu bəyan edirlər. Ancaq əslində ermənilərin özlərinə də yaxşı bəllidir ki, Mehri yolunun açılması 3-5 erməni diversantın taleyi ilə bağlı deyil və olduqca mühüm məsələdir. Yanvarın 30-da Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində baş tutan görüş, aparılan müzakirələr və əldə olunan razılaşmalar da göstərir ki, ermənilər arasında regional əməkdaşlığa qarşı çıxanlar olsa da, bu, nəyisə dəyişmək gücündə deyil. Moskva görüşündə əldə edilmiş razılaşmaya əsasən, regionda tamamilə yeni geoiqtisadi mənzərə yaranacaq və nəqliyyat kommunikasiyaları reallaşdırılacaq. Məlumdur ki, Mehri vasitəsilə Türkiyə-Naxçıvan-Azərbaycanın əsas hissəsi, Azərbaycan vasitəsilə Ermənistan-İran və Ermənistan-Rusiya nəqliyyat xətlərinin bərpası nəzərdə tutulub. Düşmən ölkədə mövcud reallığı dərk edən, erməni xalqının rifahının hansı addımlardan asılı olduğunu anlayan sağlam düşüncəli siyasilər də var. Məsələn, “Vətəndaş Müqaviləsi” partiyasını təmsil edən deputat, Ermənistan parlamentinin xarici siyasət komitəsinin üzvü Anuş Beqloyan deyib ki, erməni xalqına növbəti müharibə lazım deyil: “Ermənistanda çoxlu sayda müxtəlif siyasi qruplar var. Amma mən hamını hakim partiyanın, hakimiyyətin, XİN-in, Baş nazirin ofisinin və parlamentin nümayəndələrini dinləməyə çağırıram.

Qisasçılıq və ya hər hansı hərbi əməliyyatlar Ermənistanın və erməni xalqının istədiyi şey deyil”. Beqloyan etiraf edib ki, Ermənistan mətbuatının monitorinqi nəticəsində hakimiyyətin revanşizm mövqelərində olduğu təəssüratı yarana bilər, lakin bu tamamilə yanlışdır. Xarici siyasət komitəsinin üzvü erməni xalqını “gələcəyə baxmağa”, bu və ya digər ərazinin tarixən kimə məxsus olduğu barədə “əbədi müzakirələrdən” imtina etməyə çağırıb. İzah edib ki, belə mənasız yanaşmalar nəticədə müharibəyə gətirib çıxarır. Deputat həmçinin bildirib ki, region ölkələri onun gələcəyi ilə bağlı bütün məsələləri müstəqil həll edə bilərlər. Bunun üçün bütün iştirakçıların etibar etdiyi regional təhlükəsizlik strategiyasını işləyib hazırlamaq lazımdır: “Bunun üçün bizə kənardan hər hansı qüvvələrin olması lazım deyil”. Xatırladaq ki, daha öncə Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan və Ermənistan parlamenti sədrinin müavini Lena Nazaryan da oxşar tezislərlə çıxış etmişdi. Nazaryan bəyan etmişdi ki, ermənilərin bir hissəsinin Qarabağ müharibəsində məğlubiyyətə görə revanş götürmək arzusu ziyanlıdır və bunun əvəzində Azərbaycanla uzunmüddətli və hətta daimi sülh əldə etmək lazımdır. Əslində revanşçı qüvvələrin Ermənistanda ciddi dəstək görmədiyi göz qabağındadır. İnsanlar “birləşmiş müxalifət”in təşkil etdiyi, Koçaryan-Sarkisyan klanının isə pərdəarxası dəstək verdiyi etiraz aksiyalarına qoşulmaq istəmirlər. 

Politoloq Tofiq Abbasov  “Şərq”ə bildirib ki, Ermənistanı ağır vəziyyətə gətirib çıxaran “Qarabağ klanı”nın addımları olub. Siyasi təhlilçi vurğulayıb ki, “Qarabağ klanı”nın ideoloji və maliyyə qidası ABŞ və Avropa ölkələrində yerləşmiş erməni diasporasından gəlirdi:

“Koçaryan-Sarkisyan klanı Qarabağ münaqişəsi ölüm-dirim məsələsi sayırdı. Yeni ərazi iddiaları, “Böyük Ermənistan” xülyası ilə toplumu idarə edir, insanları təzyiq altında saxlayırdılar. Bu yolla müxalifəti neytrallaşdırırdılar. Lakin Azərbaycan tərəfi 30 illik problemi hərbi və siyasi gücü ilə həll etdi. Aciz duruma düşən revanşist qüvvələr vəziyyətdən çıxış yolu kimi “günahkar” ovuna çıxıblar. Təbii olaraq ilk növbədə Baş nazir Nikol Paşinyanı ittiham edir, onu erməni xalqının düşməni kimi qələmə verirlər. “Qarabağ klanı” Manukyanın 17 qondarma partiyadan ibarət müxalifət blokuna qatılması qərarını alıb. Məqsəd onları öz tərəflərinə çəkmək və revanş iddialarını daha da gücləndirməkdir”. 
T.Abbasovun sözlərinə görə, əgər müxalif qüvvələr növbəti dəfə “Qarabağ klanı”nın oyuna gəlsə, Ermənistan son zərbəni alacaq: “Revanş cəhdləri Ermənistanı irəliyə yox, geriyə aparır. Əgər Paşinyan müxalifətin təzyiqlərinə rəğmən, hakimiyyətini saxlaya bilərsə, erməni xalqı da rifaha qovuşmaq şansı əldə edər. Mühaşidələr göstərir ki, erməni xalqı baş naziri devirməyə tələsmir. Bu da ondan xəbər verir ki, erməni ictimaiyyəti qonşu ölkələrlə kommunikasiyaların bərpasının, nəqliyyat dəhlizlərinin açılmasının tərəfdarıdır. Paşinyan nə vaxtsa gedəcək, bütün hakimiyyətlərin sonu var. Amma kommunikasiyalar, yollar, iqtisadi layihələr qalacaq və ilk növbədə erməni xalqının faydasına olacaq. Ermənistanın nicat yolu Moskvadakı üçtəfərli görüşün bütün tələblərinə riayət etmək və dolayı yolla Paşinyanı dəstəkləməkdir. Erməni xalqı ölkəni dağıdan, viran qoyan “Qarabağ klanı”nın vədlərinə etimad etmirsə, öz qətiyyətini ortaya qoymalı, sülh və əməkdaşlığa üstünlük verməlidir. Ümid edirik, ermənilər bu dəfə Koçaryan-Sarkisyan cütlüyünün tələsinə düşməyəcək. Sağlam düşüncə tələb edir ki, dövlətə və xalqa bəla gətirən siyasi kursdan, mazaxist yanaşmalardan birdəfəlik uzaq durmaq lazımdır”. 

Siyasi şərhçi Anar İmanov isə “Şərq”ə bildirib ki, Ermənistandakı ikili yanaşmalar Yerevan hökumətinin iç üzünü açır. Onun sözlərinə görə, Ermənistanın indiki fəaliyyəti onu məhvə doğru aparır:

"Zəif rəhbərlik heç kimə həqiqəti qəbul etdirə bilmir. Düzgün başa salmır ki, əvvəlki siyasət ölkəni darmadağın edəcək. Rəsmi Bakıdan ancaq sülh dolu mesajlar göndərilir, qonşuluq siyasətindən danışılır. Ermənistan isə israrla onu məhvə aparan yoldan imtina etmir və qonşularla sülh şəraitində yaşamamaq üçün əlindən gələni edir. Bu günlərdə hakim partiyanı təmsil edən deputat Anuş Beqloyanın iştirak etdiyi konfransda Azərbaycanla sülh haqda bəzi fikirləri səsləndirdiyi, qisasdan imtina yolunu təklif etdiyi üçün Ermənistanda etiraz aksiyası keçirildi. 44 günlük dərsi anlamayan, qəbul etməyənlər Ermənistan parlamentinə zibil dolu çantalar atıblar. Ermənistanda bəziləri düşünür ki, əvvəlki kimi hərəkət etsələr, hər şey keçmişdəki kimi olacaq, hamı onları dəstəkləyəcək. Əfsuslar ki, həyat ermənilərə heç nə öyrətmir. Anlamırlar ki, artıq vəziyyət dəyişib, regionda Prezident İlham Əliyevin yaratdığı yeni reallıq var. Bu reallıqda nə qisasa, nə də faşizmə yer qalıb. “62 terrorçu qaytarılsın, Naxçıvana yolu açaq” - çox gülünc yanaşmadır. Ermənilər fakt qarşısındadır, bu mövzu müzakirə olunmayacaq, hər şey Azərbaycanın istədiyi kimi olacaq. Çünki müzakirə, danışıqlar vaxtı bitdi. 30 ilə yaxın nəticəsiz danışıqlar 44 günlük müharibə ilə sonlandı və bu savaşda Azərbaycan qalib gəldi. Ermənistanda bəziləri bunu qəbul etmək istəməsə belə fakt faktlığında qalır. Bundan qaçış yoxdur”. 

Analitik vurğulayıb ki, Ermənistanın daha ciddi problemləri var:

“Ağlı kəsən hər kəs ölkəni tərk edir, əsasən Rusiyaya qaçır. İnsanların heç nəyə ümidi qalmayıb, onlar indidən ölkənin gələcəyini görmürlər. Çünki onlar öz faşistlərini, “qisas” arzuları ilə yaşayanları bizdən daha yaxşı tanıyırlar və bilirlər ki, gec-tez indiki siyasət, həmin faşistlərin fəaliyyəti Ermənistanı tamamilə məhv edəcək. Ölkədə bir qrup parazitdən başqa heç kim qalmayacaq. Ermənistan dalandadır və görünən budur ki, bu vəziyyət xeyli vaxt davam edəcək”.