Deputatdan müjdə: “Laçın dəhlizinə də biz nəzarət edəcəyik”

“Deməli, erməni vətəndaşı, o cümlədən hərbi çağırışçısı Qarabağa gələ bilməyəcək”

“Həmçinin Laçında mütləq sərhəd- buraxılış məntəqəsi yaradılmalıdır”

“Milliyətindən asılı olmayaraq, Qarabağda xidmət edən istənilən əsgər Azərbaycanın hərbi qulluqçusu hesab ediləcək”



Ermənistandan Qarabağa müddətli həqiqi hərbi xidmət üçün əsgər göndərilməyəcək.  Bu barədə düşmən ölkə mətbuatı yazıb. Bildirilib ki, Ermənistan ordusuna qış çağırışı fevralın əvvəlində başlayıb. Müddətli həqiqi hərbi xidmətə çağırılanlar bundan sonra ancaq Ermənistan ərazisindəki hərbi hissələrdə xidmət keçəcəklər. 

Qeyd edək ki, Ermənistanda övladlarının hərbi xidmət keçmək üçün Qarabağa göndərilməsinə etiraz edən valideynlər silsilə aksiyalar keçiriblər. Görünür, rəsmi İrəvan, nəhayət, həqiqəti- Qarabağın Azərbaycan torpaqları olduğunu başa düşüb. 

Bu barədə “Sherg.az”a fikir bildirən millət vəkili Elman Məmmədov da eyni fikirdədir: 

“Şanlı qələbədən sonra  sərhədlərimizi özümüz qoruyuruq. Düzdür, Laçın dəhlizinə indi rus sülhməramlıları nəzarət edir. Prezident onların qarşısında qəti şərt qoyub: bir nəfər belə olsun əcnəbi vətəndaş Qarabağa daxil olmamalıdır.

Amma heç bir ay keçməz ki, Laçın dəhlizinə də özümüz nəzarət edəcəyik. Deməli, erməni vətəndaşı, o cümlədən hərbi çağırışçısı Qarabağa gələ bilməyəcək.

Həmçinin Laçında mütləq sərhəd- buraxılış məntəqəsi yaradılmalıdır. Yaxın gələcəkdə milliyətindən asılı olmayaraq,  Qarabağda xidmət edən istənilən əsgər Azərbaycanın hərbi qulluqçusu hesab ediləcək.

Bütün ərazilərə Azərbaycan əsgəri nəzarət edəcək və oralarda bizim gənclər xidmət çəkəcəklər”.