Bakı və Tiflis razı olmayacaq

Abxaziyadan Ermənistana dəmir yolunun çəkilməsi ideyası baş tutmayacaq

Qondarma Abxaziya “parlamenti” Rusiya Dumasına müraciət edərək, bərabərhüquqluluq şərti ilə “respublika” ərazisindən keçib Ermənistana gedən dəmir yolunun açılması layihəsində iştirak etməyə hazır olduğunu bildirib. Bu məlumatı qondarma Abxaziya parlamentinin “beynəlxalq əlaqələr komitəsinin sədri” Astamur Loqua yayıb. “Təşəbbüs bizim komitəyə məxsusdur. Biz regionda və Dağlıq Qarabağda baş verən konfliktin həll edilməsini izləyirik. Biz nəqliyyat kommunikasiyalarının açılmasıyla bağlı baş verənləri alqışlayırıq”, – deyə o bildirib.

Qeyd edək ki, Abxaziya Gürcüstan ərazisidir. Qondarma respublikadan keçən dəmir yolu xətti bundan öncə dəfələrlə dilə gətirilib, amma Tiflis hər zaman buna ərazi bütövlüyü təmin olunmadığı üçün etiraz edib.

Mövzuya münasibət bildirən politoloq Əhəd Məmmədli "Şərq"ə açıqlamasında vurğulayıb ki, bu məsələ bir neçə il bundan öncə də Gürcüstanda gündəmdə idi. Politoloqun sözlərinə görə, o zamanlar Abxaziyadan Ermənistana gedən dəmiryolunun açılmasına gürcü iqtidarı müsbət yanaşırdı:

"Düzdür, Gürcüstanın müxalifəti bunun əleyhinə çıxırdı. Amma indi yeni şərtlər yaranıb. Bu yeni şərtlərə əsasən, artıq Abxaziya qondarma respublikanın bu cür təklifi var". 

Ekspertin fikrincə, Gürcüstan bu məsələyə razılıq versə də, Azərbaycan tərəfi razı olmayacaq:

"Çünki bu, bir qondarma tərəfə yeni bir nəfəs, legitimlik verə bilər. Hesab edirəm ki, Tiflis də müsbət yanaşmayacaq. Ümumiyyətlə, bu, Tiflisin heç maraqlarına uyğun da deyil. Azərbaycan-Ermənistan münasibətlərinin düzəlməsi üçün  yeni layihələrin Gürcüstandan yox, məhz Ermənistandan keçməsi Tiflisin maraqlarına cavab verir. Düzdür, bir çox layihələr Gürcüstan ərazisindədir və demək olar ki, artıq hansı layihələrin orada olacağı məsələsi bitib. Bu məsələdə də Ermənistan uduzub. Ona görə də hesab edirəm ki, dəmir yolunun açılması layihəsinə Azərbaycan və Tiflis razı olmayacaq".