Azərbaycan, Türkiyə və Böyük Brityaniyanın qırmızı xətti: “Zəngəzur dəhlizi...”

“Azərbaycan ciddi şəkildə irəliləməkdədir”

“Ola bilsin ki, yaxın günlərdə Kərki və Qazaxın 7 rayonunun qaytarılması ilə əlaqədar masaya otursunlar”


Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli Feysbuk hesabında mühüm bir məqamı qeyd edib. O, bildirib ki, demarkasiya nəticəsində Ermənistanın 40 kəndi və Qeqarkunik rayonu Azərbaycan əsgərinin nəzarəti altına düşdü. Məsələ ilə bağlı “Sherg.az”a daha ətraflı danışan Ə.Əlibəyli bildirib ki, 10 noyabr üçtərəfli bəyanatından sonra sərhədlərin dəqiqləşdirilməsi prosesi baş verdi:

“Bu, onunla əlaqədar idi ki, Kəlbəcər və Laçının qaytarılması, ondan əvvəl Cənub rayonlarının işğaldan azad edilməsi Ermənistanla sərhədin tamamlanmasını başa çatdırdı.

Ondan sonrakı proses müddətində Sovet dönəmində mövcud olmuş şərti sərhədlərin müəyyən edilməsi prosesinə start verildi. Bu zaman “GPS” sistemindən belə istifadə etdilər.

Qeqarkunik vilayəti tam olaraq Göyçə gölünün sahillərini əhatə edən bir vilayətdir. Onun böyük bir hissəsi Gədəbəy və Daşkəsən, müəyyən hissəsi Tovuz rayonuna tərəf, bir hissəsi isə Kəlbəcər istiqamətinə, oradan da üzü aşağı Qubadlıya qədərki istiqamətləri əhatə edir. Beləliklə, Ermənistanın 40 kəndi və Qeqarkunik rayonunun ərazisi sərhəd bölgəmizə çevrilir.

Faktiki olaraq sərhəd bölgəsinə çevrildikləri üçün də, istər-istəməz Azərbaycan əsgərlərinin nəzarətinə düşmüş sayılır. Qeqarkunik vilayətindən danışanda, anlaşıqlı olsun deyə mütləq tarixi adlarımıza müraciət etməliyik. Qeqarkunik adlanan bölgənin mərkəzi Göyçənin digər sahilidir, ona Kəvər elləri deyirlər”.

Kərki kəndi və Qazaxın 7 rayonun qaytarılması məsələsinə gəlincə, ekspert vurğulayıb ki, bunun üçün sərhədlərin demarkasiyası gözlənilirdi:

“Sərhədlərin müəyyən edilməsi artıq başa çatdı. Lakin növbəti mərhələni gözləməliyik.

Bu, təkcə Qazaxın kəndləri ilə bağlı deyil, həm də hazırda Dağlıq Qarabağda cəmləşən 2 mindən artıq erməni terrorçusunun taleyinin müəyyən edilməsidir.

Rusiyalı sülhməramlıların “çətiri” altına sığınan təxribatçılarla bağlı problem Zəngəzurdan keçən dəhliz məsələsinin qısa müddətdə həllini tapması ilə aradan qalxacaq. Bu məsələnin həllini tapmasına heç bir qüvvə mane ola bilməz.

Çünki Azərbaycan, Türkiyə və Böyük Brityaniyanın əsas qırmızı xətti Zəngəzurdan keçən dəhlizdən ibarətdir. Azərbaycan ciddi şəkildə irəliləməkdədir. Ola bilsin ki, yaxın günlərdə Kərki və Qazaxın 7 rayonunun qaytarılması ilə əlaqədar masaya otursunlar”.