Reaksiya:“Xocalı aeroportu yalnız Azərbaycanın istəyi ilə açıla bilər”

“Xocalı rayonu və aeroportu Azərbaycanın ərazisidir”

“Dövlətimiz icazə versə və bizə lazım olsa, AZAL şirkətinin işçiləri gedib aeroportda fəaliyyət göstərə bilərlər”

“Bütün ucuşlara və işlərə də Azərbaycan nəzarət edəcək”

Rusiya sülhməramlıları Xocalı aeroportunun açılmasına çalışır. Bu barədə erməni Teleqram kanalları məlumat yayıb. Yayılan fotolardan aydın görünür ki, ətraf ərazilərdə sülhməramlıların yaşaması və yüklərin saxlanılması üçün müvafiq infrastruktur yaradılıb. Kontingentin heyəti iş aparılan ərazinin ətrafında blok-postlar qurub. Məlumatda bildirilir ki, Rusiya tərəfi Xocalı aeroportunun Moskvadan hərbi yükləri qəbul etmək üçün istifadəyə verilməsinə səy göstərir. Bununla bağlı üçtərəfli danışıqlar davam etdirilir.

Həqiqətən də Xocalı aeroportunun açılması mümkündürmü? Maraqlıdır, belə bir hal baş verərsə, aeroportun açılması hansı şərtlərlə baş tuta bilər?



Xocalı aeroportunun açılmasında yalnız Rusiya maraqlarının olmadığını deyən millət vəkili Elman Məmmədov “Sherg.az” söyləyib ki, aeroportun işləyib-işləməməsi ruslara lazım deyil:

“Rusiya guya özləri üçün bu aerportun açılmasını istəyir. Yəni bölgədə fəaliyyət göstərən sülhməramlıların təminatını asanlaşdırmaq və tezləşdirmək üçün hava yolundan istifadə etmək məqsədəuyğundur. Lakin bu heç də belə deyil. Rusiya ermənilər üçün canfəşanlıq edir. Xocalı aeroportunun açılması ermənilərin istəyi və tələbidir. Rusiyanın vasitəsilə bunu həyata keçirmək istəyirlər. Amma ermənilər və ruslar bizə qarşı 2020-ci il sentyabrın 27-nə qədər belə iddialar irəli sürə bilirdilər. Çünki danışıqlara və müəyyən məsələlərə məğlub tərəf kimi gedirdik. Lakin 44 günlük müharibə durumu dəyişdi. İndi qalib tərəf bizik. Məğlub tərəfin şərt qoyub, tələb etmək üçün nə haqqı, nə də gücü var”.

Millət vəkili qeyd edib ki, Xocalı aeroportu yalnız Azərbaycanın istəyi ilə açıla bilər:

“Xocalı rayonu və aeroportu Azərbaycanın ərazisidir. Dövlətimiz icazə versə və bizə lazım olsa, AZAL şirkətinin işçiləri gedib aeroportda fəaliyyət göstərə bilərlər. Bütün ucuşlara və işlərə də Azərbaycan nəzarət edəcək. Yalnız bu şərtlərlə Xocalı aeroportunun açılmasına baxıla bilər. Hazırda Xocalıda, onun yaxınlığında olan Xankəndində və ətrafdakı yerlərdə erməni quldur dəstələri mövcuddur. Hələ ki, müəyyən problemlərimiz var. Bu gün Moskvadan Bakıya və Gəncəyə təyyarə reysləri var. Məqsədəuyğun hesab etsək, Xocalı aeroportuna da resylər ola bilər. Lakin bu, kimlərinsə istəyi və iddiası ilə baş tutan deyil”.