“Güləbirddəki SES enerji istehsalımıza əlavə güc qatacaq”

Dünən Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva Laçın rayonuna səfər ediblər. Ölkə başçısı və ailə üzvləri Güləbird Su Elektrik Stansiyasının (SES) açılışında olublar.
Qeyd edək ki, bu layihə azad edilmiş torpaqlarda birinci elektrik stansiyasıdır. Bu baxımdan Güləbird SES-in iqtisadi baxımdan ölkəmizə verəcəyi töhfələr olduqca önəmlidir.



İqtisadçı Pərviz Heydərov “Sherg.az”a açıqlamasında söyləyib ki, Güləbirddə açılan SES işğaldan azad edilən ərzilərin elektrik enerjisi ilə təminatı baxımından dövlətin qarşıya qoyduğu planın kiçik bir hissəsi idi:

“Prezident də çıxışında qeyd etdi ki, gələcəkdə bu sahədə daha möhtəşəm addımlar atılacaq. Azad edilən ərazilərimizdə əvvəllər də SES-lər olub. Ölkə başçısı vurğuladı ki, ermənilər ərazilərimizi işğal altında saxlayanda həmin stansiyalardan istifadə ediblər.

Məhz Güləbirddəki SES-dən  faydalanıblar. Lakin Azərbaycan torpaqlarını azad etməyə başlayanda, onlar hər şeyi dağıtdıqları kimi, SES-ləri də məhv ediblər. Qısa müddətdə Güləbirddəki SES-in bərpası möhtəşəm bir addımdır.

Bu stansiyanın gücü 8 meqabatdır, amma ölkə başçısı bildirdi ki, Kəlbəcər və Laçın istiqamətində 12 belə stansiyanın yaradılması nəzərdə tutulur. Onların da toplam gücü 120 meqabata qədərdir.

Bu stansiyaların hesabına enerji əldə etmək mümkündür. Deməli oradakı kəndlərin fasiləsiz və dayanıqlı olaraq elektrik enerjisi ilə təminatı olacaq. Məsələn, Şuşaya yüksək elektrik xətləri çəkilir.

“Azərişıq” və “Azərenerji” bu sahədə fasiləsiz fəaliyyət göstərirlər. Bu da əlavə xərc deməkdir. Amma azad edilən ərazilərin təbii şəraiti o qədər böyük imkanlar yaradır ki, həmin zonanın özündə alternativ enerji mənbələrini inkişaf etdirmək mümkündür”.

P.Heydərov qeyd edib ki, Laçın çaylarındakı sular daimi və fasiləsizdir:

“Həmin çay sularından istifadə etməklə enerji əldə etmək imkanlarını gerçəkləşdirmək ölkəmizdə alternativ enerji mənbələrinin də genişlənməsi deməkdir. Bu baxımdan görülən işlər yüksək qiymətləndirilməlidir.

Azad edilən ərazilərimizdə işlər çox sürətlə həyata keçirilir. Alternativ enerji mənbəyi dedikdə məhz Güləbirddə SES-in açılmasını qeyd edə bilərik. Bu SES Azərbaycanın elektrik enerji istehsalına əlavə güc qatacaq”.