Kitabların kitabı nəşr olundu

İlahiyyatçı: "İzahlı dini terminlər lüğətinin nəşr olunması çox mühümdür"


Ölkəmizdə hər il din sahəsində çox sayda əsər nəşr olunur. Təbii ki, dini nəşrlərin elmi və linqvistik keyfiyyətinin artırılması üçün vahid terminologiyanın yaradılması vacib idi. Məhz bu səbəbdən də Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tərəfindən “İzahlı dini terminlər lüğəti” nəşr olunub. Lüğət Azərbaycan İlahiyyat İnstitutu müəllim heyəti tərəfindən hazırlanıb.

Terminlər əlifba sırası ilə verilib, lüğəti və terminoloji mənaları izah edilib. Qeyd edək ki, lüğət hazırlanarkən yalnız islam dini ilə əlaqəli terminlərin deyil, həmçinin digər böyük dünya dinlərində də istifadə olunan əsas ifadələrin izahı verilib. Terminlərin şərhləri və izahında həm yerli, həm də xarici ölkələrdə çap olunmuş elmi-dini ədəbiyyatlardan istifadə olunub.

Həmçinin kitabın hazırlanması zamanı Azərbaycan, ərəb, türk, ingilis, rus və fars dillərində yazılmış müxtəlif lüğətlərdən, ensiklopediyalardan, eləcə də təfsir, hədis, fiqh, kəlam, təsəvvüf, fəlsəfə, tarix, antropologiya, dinlər tarixi, din sosiologiyası, din psixologiyası, din fenomenologiyası və başqa sahələrdəki kitablardan istifadə olunub.

İlahiyyatçı-alim Hacı Atif İsmayılov "Şərq"ə açıqlamasında bu nəşrin çox təqdirəlayiq olduğunu diqqətə çatdırıb. İlahiyyatçı-alim qeyd edib ki, izahlı dini terminlər lüğətinin nəşr olunması çox mühümdür:

"Ümumiyyətlə, dini mənbənin əsas qaynağı "Qurani-Kərim"ə söykənir. Dini hökmlər "Qurani-Kərim"dəki qanunlara əsaslanır. Bildiyimiz kimi, "Qurani-Kərim" ərəb dilində olduğu üçün burada bəzi sözlər terminoloji məna daşıya bilər. Bəzən şəriət sahibinin ərəb dilində istifadə etdiyi hər hansı bir kəlmənin də terminoloji mənası olur. Bu sözlərin hər birinin mənasının dəqiq bilinməsi çox vacibdir. Buna görə də belə bir kitabın nəşri çox mühüm idi".
Aynurə Pənahqızı