Butulkanı əsərə çevirən QIZ – FOTOLAR

Gülbəs Ayvaz: “Dindarlar və yaşlı nəsil məsələyə bir az tənqidi yanaşırlar”

“Soruşurlar ki, niyə limonad yox, məhz şərab butulkası? Hər dəfə bunu izah etməkdən yorulmuşam”

“Bu iş mənim üçün həm də gəlir mənbəyidir. Tənqidlərə rəğmən, sifariş ən çox məhz butulka üzərindəki rəsmlərlə bağlıdır”

“Bu günədək heç vaxt sağlam, peşəkar tənqid eşitməmişəm”

Qabiliyyət hər kəsdə var. Əsas məsələ onu üzə çıxara bilməkdir. Sevindirici haldır ki, müasir dövrdə Azərbaycan gənclərinin xeyli hissəsi öz bacarıqlarını kəşf etməyi bacarırlar. Əlbəttə, bu, ən azından asudə vaxtın səmərəli keçirilməsi baxımından səciyyəvidir. Belə gənc istedadlardan biri də Gülbəs Ayvazdır. O, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb.

Deməli, müxtəlif rəsm əsərləri, o cümlədən portretlər, peyzajlar çəkməsi təəccüblü deyil. Təəccüblü olan isə rəsmlərin şüşə butulkalar üzərində çəkilməsidir. Başqalarının istifadəyə yararsız hesab etdikləri boş şüşə butulkalar Gülbəs Ayvazın yaradıcılıq alətidir. Yəqin, siz də heyrətləndiniz, eləmi?

Onda, gəlin, Gülbəs xanımın “Sherg.az”a müsahibəsini oxuyaq və onu daha yaxından tanıyaq.

-Nə vaxtdan etibarən bu hobbi ilə məşğul olursunuz?

-Bu işi 2018-ci ildə Caharşah emalatxanasında öyrəndim. Şüşə mənə yad material olduğu üçün ilk vaxtlar çətinlik çəkirdim. Elə bilirdim ki, alınmayacaq. Lakin tədricən maraq yarandı. Qrup yoldaşımın təkidi ilə başlasam da, onun dediklərini yox, öz istədiklərimi edirdim. Əl işlərim sosial şəbəkələrdə maraqla qarşılandıqca daha da həvəslənirdim.

-Ailənizin, ətrafdakıların reaksiyası necə oldu?

-Doğmalarım mənə dəstək verdilər. Amma dindarlar və yaşlı nəsil nümayəndələri məsələyə bir az tənqidi yanaşırlar. Soruşurlar ki, niyə limonad yox, məhz şərab butulkası? Hər dəfə bunu izah etməkdən yorulmuşam. Özləri bilər. Kim necə istəyir, elə də düşünsün. 

-Belə əsərlərə tələbat nə qədərdir?

 -Əslində bu iş mənim üçün həm də gəlir mənbəyidir. Tənqidlərə rəğmən, sifariş ən çox məhz butulka üzərindəki rəsmlərlə bağlıdır.

-Nə kimi tənqidlər…? Sizi nədə ittiham edirlər?

-Tənqid edənlər rəsmdən və incəsənətdən xəbərsiz adamlardı. Sosial şəbəkələrdə paylaşdıqlarım təsadüfən rastlarına çıxır və öz ağıllarına uyğun münasibət bildirirlər. Aydındır ki, standart, qəlibləşmiş düşüncə var: içki şüşəsində rəsm çəkilirsə, burda əxlaqsızlıq təbliğ edilir. Amma mənim üzərinə rəsm çəkdiyim şüşənin içki şüşəsi olub-olmamasının heç bir önəmi yoxdur. Sadəcə şərab şüşəsi üzərində daha rahat rəsm çəkmək olur. Məni ittiham edənlər sənəti, o cümlədən rəsmi anlamırlar.

Bu günədək heç vaxt sağlam, peşəkar tənqid eşitməmişəm. Məsələn, heç kim  rəngdən yaxşı istifadə etməməyimlə bağlı bir söz deməyib. Bayaq söylədiyim ittihamları səsləndirənlər isə mənim üçün küçədə dayanıb qızlara söz atan oğlanlarla eyni cərgədədirlər. Mənasız suallara cavab verməkdən yorulmuşam.

-Mövzuları, ornamentləri necə, nəyə uyğun seçirsiniz?

-Adətən hansısa şəxsləri çəkirəm. Lakin, əlbəttə, sifarişçinin istəklərini də nəzərə alıram. Naxışlar təsvir etməyi də bacarıram.

-Gələcəkdə hansı mövzuları işləmək barədə düşünürsünüz?

-Mən anı yaşayan biriyəm. Gələcəklə bağlı çox plan qurmağı sevmirəm. Odur ki, nə olacağını bilmirəm. Konkret anda nə istəyirəmsə, onu da edirəm.