Mehri dəhlizinin açılması vaxtından əvvəl baş tuta bilər

"Regionda kommunikasiyaların açılmasında Azərbaycan daha maraqlıdır. Amma bu layihələr sadəcə bizim üçün deyil, Türkiyə, Rusiya, İran və Ermənistan üçün də olduqca vacibdir"



Noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanatdan 3 aydan çox vaxt keçib. Azərbaycan 30 il aktiv fazada davam edən və ən azı yüz il mövcud olmuş problemi qısa dövrdə həll etməklə dünya hərb və siyasət tarixində bir ilkə imza atdı. Ölkəmiz nə qədər güclü dövlət olduğunu bütün dünyaya, hər şeydən öncə isə düşmənə sübut etdi.

Üçtərəfli bəyanatda əksini tapan 9 maddəlik bəndlərin icra olunması da eyni uğurla həyata keçirilməkdədir. Ümumi rəylərə əsasən, ən kritik və çətin mərhələ artıq arxada qalıb. Mürəkkəb və strateji məsələ sayılan Azərbaycanın Naxçıvanla birbaşa kommunikasiyalarının bərpası məsələsi də artıq reallaşmaq üzrədir. Sonrakı mühüm məqamlardan biri isə Türkiyə-Rusiya ortaq nəzarət mərkəzinin yaradılması idi. Mərkəzin təsis olunduğu gündən çox ötməsə də, ortaq fəaliyyətin müsbət tendensiyaları müşahidə olunmaqdadır. Hazırda Qarabağda, Rusiya sülhməramlılarının nəzarəti altında olan torpaqlarımızda erməni silahlılarının təmizlənməsi prosesi gedir. Azərbaycan tərəfi proseslərə ciddi nəzarəti həyata keçirir. Hazırda azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması istiqamətində işlər görülür. Ən optimal müddətdə bu da təmin ediləcək. Önümüzdəki mərhələdə isə Laçın şəhərinə girmədən yeni nəqliyyat dəhlizinin yaradılması istiqamətində fəaliyyətə başlanılacaq. Ümumiləşdirsək, görünən mənzərə odur ki, hər şey Azərbaycanın nəzarəti altındadır və kiçik insidentlər istisna olmaqla üçtərəfli bəyanatda əksini tapan müddəalar uğurla icra olunur. 

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon danışığı zamanı da ölkə rəhbərləri Rusiya-Türkiyə Birgə Mərkəzinin işindən məmnunluğunu ifadə ediblər.

Liderlər 10 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarından irəli gələn razılaşmaların həyata keçirilməsini və regionun sosial-iqtisadi inkişafı naminə birgə səylərin koordinasiyasını müzakirə ediblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə-Rusiya Monitorinq Mərkəzi Qarabağdakı fəaliyyətini uğurla davam etdirir: “Atəşkəsin qorunması üçün birgə səylər göstərilməlidir. Ərdoğan Dağlıq Qarabağda nəqliyyat və kommunikasiya xətlərinin bərpası məsələsində türkiyəli və rusiyalı mütəxəssislərin azərbaycanlı həmkarları ilə birgə əməkdaşlıq edə biləcəyini də vurğulayıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da bildirib ki, üçtərəfli bəyanatlara əsasən regiona dinc həyat qayıdır. O qeyd edib ki, konkret nəticələrə nail olmaq üçün həm Azərbaycan, həm Ermənistan, eləcə də qonşu region ölkələri vahid mövqedən çıxış etməlidirlər:

“Dağlıq Qarabağda son günlərdə vəziyyət stabildir. Atəşkəsin pozulması halı qeydə alınmayıb. Rusiya sülhməramlıları 27 postda müşahidə aparır”. 
Bu arada Rusiya və Ermənistan XİN başçıları da Qarabağla bağlı razılaşmanın həyata keçirilməsini müzakirə ediblər. Məlumata görə, Ermənistan Xarici işlər naziri Ara Ayvazyanın qısa işgüzar səfəri zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmalarının həyata keçirilməsinin bütün aspektləri barədə hərtərəfli müzakirə aparılıb. Vurğulanıb ki, əsas diqqət hərbi əsirlərin mübadiləsi, humanitar yardım, regionda nəqliyyat əlaqələrinin bərpa edilməsi, habelə baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrupu vasitəsilə səylər kontekstində məsələlərin müzakirəsinə ayrılıb. Görüş zamanı Cənubi Qafqazdakı vəziyyət nəzərə alınmaqla regional və beynəlxalq gündəmin aktual məsələləri müzakirə edilib. 
Vurğuladığımız kimi, hazırda ciddi müzakirə mövzusu olan Naxçıvanla Azərbaycan arasında quru yolun salınması  bölgənin uzunmüddətli blokadasını sonlandırmaqla yanaşı, Azərbaycanla Türkiyə arasında alternativ quru yolu olacaq. Bəzi ekspertlər hesab edir ki, iqtisadi və logistik baxımdan çox böyük əhəmiyyətə malik bu dəhliz “Böyük İpək” yolunun əhəmiyyətli parçasına çevrilə, hətta Bakı-Tiflis-Qars dəmiryoluna alternativ ola bilər. Mehri dəhlizi və BTQ layihəsi isə yükdaşımalar üçün yeni imkanlar yaratmaqla bölgə dövlətlərinin iqtisadiyyatına müsbət təsir göstərəcək. Dəmiryolunun Naxçıvan sərhədinə qədər uzadılması Türkiyə üzərindən keçən böyük bir dairəvi yolun əmələ gəlməsi deməkdir. Bu da təkcə bölgədə yerləşən ölkələrin iqtisadiyyatına deyil, eyni zamanda digər dövlətlərin də iqtisadiyyatına ciddi təsir edəcək amil olacaq. 

Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev “Şərq”ə açıqlamasında deyib ki, Rusiya və Türkiyə prezidentlərinin mütəmadi telefon danışıqlarında daha çox Mehri dəhlizinin açılması müzakirə olunur. Professorun sözlərinə görə, liderlər 11 yanvar üçtərəfli razılaşmasında nəzərdə tutulan dəhlizlə bağlı müddəanın necə və hansı müddətə həyata keçirilməsi ilə bağlı müzakirələr aparırlar:

“Ermənistanda bəzi siyasi qüvvələr revanşist mövqedən çıxış edə bilərlər. Amma düşmən ölkənin dəmiryol sistemi bütünlüklə Rusiyanın əlindədir. Hətta Baş nazir Nikol Paşinyan hakimiyyətdən getsə belə, bu ideya Rusiya tərəfindən mütləq reallaşdırılacaq. Əgər Ermənistan israrında davamlı olarsa, üçtərəfli razılaşmanın şərtlərinə əməl etməkdə tərəddüd edərsə, Putinin də dediyi kimi, bu addım ermənilər üçün intihar olar. Əslində Ermənistanın prosesdə iştirakdan imtinası Moskvanı çətin vəziyyətdə qoyar və rus sülhməramlıları bölgədən avtomatik çıxmaq məcburiyyətində qalar. Azərbaycan Ordusu isə Xankəndi və ətrafına daxil olaraq bölgədə bir nəfər belə erməni silahlısının qalmasına imkan verməz. Bu reallığı Ermənistan və Rusiya çox gözəl başa düşür. Məsələ ondadır ki, Ermənistanı prosesdən çəkməkdə, anlaşmaları pozmağa sövq etməkdə Qərb ölkələri daha çox maraqlıdır. İnanmıram ki, Qərb dövlətləri nəyəsə nail olsunlar. Rusiya kommunikasiya məsələsində çox qətiyyətli, hətta aqressiv siyasət nümayiş etdirir. Ümumiyyətlə, Moskva və Ankara həm 10 noyabr, həm də 11 yanvar üçtərəfli razılaşmalarının həyata keçirilməsi üçün çox ciddi fəaliyyət sərgiləyirlər”. 
C.Nuriyev vurğulayıb ki, üçtərəfli format dörd tərəflə əvəzlənib: “Qarabağdakı proseslərdə Türkiyə aktiv rol oynayır. Çox güman ki, bu formata Gürcüstan və İran da qoşulacaq. “Altılıq” formatının reallaşmasına mane olmağa nə Qərb ölkələrinin, nə də Ermənistandakı revanşistlərin gücü çatacaq. Çünki bölgədə kommunikasiyaların açılması, Mehri dəhlizinin yaradılması bütün ölkələr üçün ideal variantdır. Bununla həm də Rusiya Aralıq dənizinə çıxış əldə edər. İndiki məqamda bu faktor Moskva üçün hava-su kimi lazımdır. “Şimal axını”na sanksiyalar tətbiq edilir, ABŞ Prezidenti Co Baydenlə Rusiya rəhbərinin münasibətləri kəskinləşir. Rusiya Avropa bazarlarına ancaq Azərbaycan və Türkiyə üzərindən açıla bilər. Regional layihələr İranın da maraqlarına uyğundur. Tehran fars körfəzində sərbəst olsa da, digər regionlara çıxış imkanları məhduddur. Azərbaycan da İran üzərindən Fars körfəzinə çıxmaqda maraqlıdır”. 

Cümşüd Nuriyev Mehri dəhlizinin açılmasının vaxtından əvvəl baş tutacağını söyləyib:

“Prezident İlham Əliyev Horadiz-Ağbənd yolunun təməlqoyma mərasimində buna işarə etdi. Dəmir yolunun çəkilişi 2 il ərzində nəzərdə tutulmuşdusa, belə görünür ki, xəttin çəkilişinə 1 ildən artıq vaxt sərf olunmayacaq. Həm də nəzərə alaq ki, əvvəl belə bir dəmiryol xətti fəaliyyət göstərib. Əgər Azərbaycan 100 kilometrlik Şuşa yolunu rahatlıqla açırsa, bu məsafədən az olan dəmir yolunu daha qısa zamanda və asanlıqla inşa etmək mümkündür. Təbii olaraq, regionda kommunikasiyaların açılmasında Azərbaycan daha maraqlıdır. Amma bu layihələr sadəcə bizim üçün deyil, Türkiyə, Rusiya, İran və Ermənistan üçün də olduqca vacibdir”. 

Siyasi şərhçi Anar İmanov da “Şərq”ə bildirib ki, Putin və Ərdoğan kimi nəhəng siyasətçilərin vacib saydığı bütün məsələlər gec-tez həll olunacaq. Ekspertin sözlərinə görə, Ermənistan biabırçı məğlubiyyətlə barışmaq istəmədiyini hər fürsətdə desə də, arzuladığı hər hansı təxribat cəhdi elə beşikdəcə boğulacaq:

“Hazırda Putinlə Ərdoğan arasında sıx əməkdaşlıq var. Ölkə liderləri gələcəyi düşünərək regionun bütün problemlərini həll etməyə çalışırlar. Həm Rusiya, həm də qardaş Türkiyə Azərbaycanı haqq mübarizəsində dəstəkləyir, ölkəmizə böyük dəstək nümayiş etdirirlər. Rusiyanın Ermənistanı dəstəkləməsi işğalçı dövlətdə faşist çalarların çiçəklənməsinə gətirib çıxardı. Njde kultu və “Soros” kimi Kremli narahat edən ciddi məqamlar üzə çıxdı. Putin Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən məmnundur. Yaxınlarda, Rusiya jurnalistləri ilə qapalı görüş keçiriən Kreml rəhbəri üç məsələ ilə qürur duyduğunu açıqlayıb. Putin Qarabağ probleminin həllində imzasının olmasından fəxrlə danışıb. Yəni indiki reallıq regionun bütün ölkələrinin ürəyincədir. Bu reallığı Ermənistanda hər hansı mənfur, faşist qüvvə pozmağa, zədələməyə çalışarsa, regionun bütün ölkələri tərəfindən böyük və ciddi reaksiya ilə qarşılaşacaq. Azərbaycan Cənubi Qafqazın inkişafı üçün əlindən gələni edib və edəcək. Ölkəmiz tərəfindən kommunikasiyaların bərpası inkişafa yeni təkan verir. Yaxın perspektivdə region daha da inkişaf edəcək və bu inkişafdan bütün ölkələr bəhrələnəcək”.