Baydendən sərt ritorika: Rusiya və İrana əzələ nümayişi

Azər Rəşidoğlu:“ABŞ supergüc, təkqütblü dövlət iddiasındadır”

“Supergüclər arasında ziddiyətli hal Azərbaycan üçün müsbət haldır”


ABŞ-da administrasiya dəyişiləndən sonra çox ciddi siyasi proseslər baş verir. Prezident Con Bayden “post”una keçər-keçməz öz rəqiblərinə ultimatum göndərib. O, Kremlin Krımı ilhaqını əsla tanımayacağını söyləyib. Bayden, həmçinin Rusiyanın işğal siyasətinin qarşılığında Ukraynanın yanında olacağını deyib. Həmçinin dövlət başçısının rəsmi Tehranın ünvanına dedikləri də ciddi müzakirələrə səbəb olub. O, Suriyadakı son aviazərbələri fonunda İrana “ehtiyatlı olmağı” tövsiyə edib.

Suriyadakı son bombardmanla ABŞ-ın İrana nə kimi siqnal göndərmək istədiyi ilə bağlı jurnalistlərin sualına Bayden - “Cəzalandırılmamış şəkildə addım ata bilməyəcəksiniz”, - deyə cavabını verib: “Ehtiyatlı olun”.



 Politoloq Azər Rəşidoğlu Baydenin sözügedən bəyanatlarını “Sherg.az”a təhlil etdi:

 “Əslində hazırkı dövlət başçısı hakimiyyətə gəlməzdən əvvəl bu barədə demişdi. O, ABŞ-ın əvvəlki gücünü bərpa edəcəyinə söz vermişdi. ABŞ supergüc, təkqütblü dövlət iddiasındadır. Amma böyükmiqyaslı savaşın başlayacağına inanmıram. Müəyyən müddətdən sonra tərəflər bir-biriləri ilə danışıqlara gedəcəklər”.

A.Rəşidoğlu, həmçinin region ölkələri ilə ABŞ-ın münasibətlərinin Azərbaycana təsirindən də danışıb:

 “Biz həmin tərəflərin hər biri üçün önəmli siyasi fiquruq. Balanslaşdırılmış siyasət yeritsək, həmin güc sahiblərinin hər birinin rəğbətini qazana və vəziyyətdən öz xeyrimizə istifadə edə bilərik. Supergüclər arasında ziddiyətli hal Azərbaycan üçün müsbət haldır”.