Amandı, ehtiyatlı olun!

Son dönəmlərdəki intihar hadisələrində təqlid xüsusiyyəti daha çoxdur

"Əvvəllər belə deyirdilər ki, işin var, əmək haqqı alırsan, evin var, ailən var... insana daha nə lazımdır?!"  

"İnsana lazım olan daxili məmnunluq hissi, daxili rahatlıqdır. İndi insanlarda daxili məmnunluq hissi azalıb. İnsanlar daxilən rahat deyillər" 

"Gənclər arasında fikir uyğunsuzluğu müşahidə edilir, internetdən asılılıq yüksək həddədir, valideyn nəzarət edə bilmir. Çünki çalışır, bütün günü işləyir, dörd yanımız elektron cihazlardır, hər şey o qədər sürətlə dəyişir ki, insanın psixoloji müvazinətini saxlaması çətinləşir"

Təhsil Nazirliyinin əməkdaşları intihar etmiş şagirdlərin ailələrinə baş çəkiblər.
Nazirlikdən verilən məlumatda bildirilir ki, təhsil nazirinin müşaviri Nigar Bağırlı və Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova intihar etmiş  Abşeron rayonu Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin XI sinif şagirdləri -  2004-cü il təvəllüdlü Mətanət Elşən qızı Quliyeva və Əfruz Rafiq qızı Səmədovanın ailələrinə baş çəkib, valideyn və yaxınlarına dərin hüznlə başsağlığı veriblər.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov isə bildirib ki, nazirliyin nümayəndələri Abşeron rayonu Qobu qəsəbə 2 nömrəli tam orta məktəbdə intihar faktı ilə bağlı araşdırma aparırlar. Bununla bağlı Təhsil Nazirliyi tərəfindən mətbuata açıqlama veriləcək: "Onu deyə bilərik ki, intihar edən qızlar dərslərini yaxşı oxuyan şagirdlər olub. Onlayn keçirilən dərslərdə də iştirak ediblər. Onlar birlikdə Lökbatana hazırlığa gedirdilər. Psixoloji baxımdan isə problemləri olmayıb. Elə hadisə də qızlar Qaradağ rayonu Lökbatan qəsəbəsinə hazırlığa gedən gün baş verib".
Məlumdur ki, hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib. Qızlar özlərini binanın damından ataraq intihar ediblər. Hazırda faktla bağlı istintaq aparılır. 

Qeyd edək ki, Təhsil naziri Emin Əmrullayev 11-ci sinif şagirdlərinin intiharı ilə bağlı ailələrinə başsağlığı verib və sosial şəbəkədə paylaşım edib. “Abşeron rayonu, Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin 11-ci sinfinin iki şagirdinin intiharı bizi dərindən kədərləndirir. Ailə və yaxınlarına səbr diləyirik.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. Allah rəhmət eləsin!”, – deyə nazir qeyd edib. 

Yeniyetmə qızların ölümü faciəli hadisədir. Amma yenə də hadisələrin qarşısının alınmadığının, hadisələrin ardınca gedildiyinin şahidi oluruq. Səbəblər hadisə baş verəndən sonra araşdırılır, hadisəni törədə biləcək səbəblər əvvəldən müəyyənləşib qarşısının alınması üçün hərəkətə keçilmir. Nə qədər belə davam edəcəksə, intihar faktlarının da bir o qədər çox baş verəcəyi təhlükəsi mövcuddur. Belə faciəli hadisələri önləmək üçün nələr edilməlidir? 



- Psixoloq Elnur Rüstəmov “Şərq”ə açıqlamasında intihar hallarının baş verməsini cəmiyyətdə ümumi psixoloji gərginliyin artması ilə izah etdi: 

- Bu çox faciəli hadisədir. Amma intiharların qarşısını almaq çətindir, çünki intihaları proqnozlaşdırmaq mümkün deyil. İntiharları proqnozlaşdırmaq mümkün olsaydı, intihar hadisələri baş verməzdi.

Bu, insanın daxili dünyasında, daxili aləmində baş verən dəyişiklik, təlatüm, daxildə verilən bir qərar olduğuna görə, kimin, harada, nə vaxt intihar edə biləcəyini əvvəlcədən bilmək, duymaq mümkün deyil. Düzdür, risk qrupuna aid insanlar var. Ruhi-əsəb sarsıntısı keçirənlər, müəyyən xəstəliyi olanlar, uzun müddət müalicə alanlar və sairə.

Amma iki yeniyetmənin intiharı, həm də nəzərə alsaq ki, onlar dərslərini yaxşı oxuyublar, məktəbdə nümunəvi şagird olublar, ilk baxışda problemli uşaq olmayıblar, onların intiharını daxili aləmlərində baş vermiş halla əlaqələndirmək daha doğru yanaşmadır.

Hadisə evdə baş verməyib, məktəbdə də olmayıb. Məktəbdən, evdən kənar bir yerdə baş verib. Hesab edirəm ki, son dönəmdəki intihar hadisələrində təqlid xüsusiyyəti daha çoxdur. İki yeniyetmə qızın intiharında da həmçinin. Yeniyetmələr arasında intihar halları niyə baş verir? Hesab edirəm ki, ümumiyyətlə, psixoloji gərginlik çoxdur.

Hazırkı yaşayışımız ötən əsrdən fərqlidir. Əvvəllər belə deyirdilər ki, işin var, əmək haqqı alırsan, evin var, ailən var... insana daha nə lazımdır?!  İnsana lazım olan daxili məmnunluq hissi, daxili rahatlıqdır. İndi insanlarda daxili məmnunluq hissi azalıb. İnsanlar daxilən rahat deyillər. Gənclər arasında fikir uyğunsuzluğu müşahidə edilir, internetdən asılılıq yüksək həddədir, valideyn nəzarət edə bilmir.

Çünki çalışır, bütün günü işləyir, dörd yanımız elektron cihazlardır, hər şey o qədər sürətlə dəyişir ki, insanın psixoloji müvazinətini saxlaması çətinləşir. Ümumiyyətlə, cəmiyyətdə psixo-profilaktik iş aparılmalıdır. Ailələr fərqlidir. Xəstəsi olan, qarşıdurma yaşanan, münaqişəli ailələr də var. İnsanın psixoloji durumuna bir çox faktorlar təsir edə bilir.

Məsələlərə fərdi yanaşılması vacib olduğu kimi, kompleks yanaşma da olmalıdır. Nazirlər Kabineti 2020-ci il 30 aprel tarixli qərarı ilə “Ümumtəhsil müəssisələrində psixoloji xidmətin təşkili” qaydaları təsdiqlənib. Burada təkcə uşaqlarla psixoloji iş nəzərdə tutulmur.

Təhsil alanlarla yanaşı, təhsil verənlər, rəhbərlik, valideynlər də psixoloji xidmətə cəlb edilməlidir. Valideyn övladını yaxşı tanımalıdır. Övladı ilə maraqlanmalıdır, onun maraq dairəsini bilməli, dünya görüşünə bələd olmalıdır. Uşaq hiss etməlidir və görməlidir ki, valideyni onu mühafizə etmək gücündədir. Bu məsələdə valideyn-məktəb birliyi çox vacibdir.