Gələn qonağa "yox" deməzlər

Əgər ATƏT-in rəhbərliyi, həmsədrlər Qarabağda daşın üstünə daş qoymağa gəlirlərsə, buyursunlar

"İmkan yaradaq, Qarabağdakı humanitar məsələlərə, quruculuq işlərinə öz töhfəsini versinlər. Bölgənin dirçəldilməsində iştirak etsinlər"


ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin Xarici işlər naziri Ann Linde Azərbaycan və Ermənistana səfər etmək niyyətindədir. Bu barədə xanım Linde özünün “Twitter” səhifəsində yazıb. Linde Minsk qrupunun həmsədrləri və Anjey Kasprşiklə Azərbaycan və Ermənistana gözlənilən səfəri ilə bağlı görüş də keçirib. Vəziyyət elədir ki, artıq Azərbaycan ictimaiyyəti ümumiyyətlə Minsk qrupu, həmsədr sözünü eşitmək belə istəmir. Haqlı olaraq qurumun və vasitəçilərin fəaliyyəti tənqid olunur. Həmsədrlərin 30 ilə yaxın müddətdə müsbət nəticəyə nail olmaması onların nə qədər əhəmiyyətsiz olduqlarını təsdiqləmək üçün kifayət edir. Həm də ortada münaqişə-filan yoxdur.

Azərbaycan öz hərbi-siyasi imkanları ilə torpaqlarımızı işğaldan azad edərək bölgədə yeni reallıqlar formalaşdırdı. Hər şeyə rəğmən, bəzi ekspertlər hesab edirlər ki, Qarabağdakı humanitar proseslərdə və quruculuq işlərində müəyyən qədər ATƏT-ə yer vermək, onların da iştirakına imkan yaratmaq lazımdır. Onların fikrincə, əsasən Qərb ölkələrindən ibarət bir strukturun regiondakı proseslərə cəlb olunması Rusiya faktorunun neytrallaşmasına xidmət etmiş olar. 

Gözlənilən səfəri “Şərq”ə dəyərləndirən siyasi şərhçi Fuad Heydər vurğulayıb ki, ATƏT-in Minsk qrupunun uzunmüddətli fəaliyyətinin rəsmi Bakı üçün zərrə xeyri olmayıb. Analitikin sözlərinə görə, münaqişənin həlli ilə bağlı vasitəçilik missiyasını öz üzərinə götürmüş vasitəçilər 28 il ərzində heç nə ilə yadda qalmadı:

“Həmsədrlərin vaxtaşırı regiona mənasız səfərlərinin heç bir səmərəsi olmadı. Onlar hər zaman işğalçı Ermənistanın təcavüzkar siyasətinə, onun beynəlxalq hüququ kobud surətdə pozmasına, hərbi cinayətlərinə göz yumdular. Prezident İlham Əliyev də həmsədrlərlə görüşündə bu reallığı qarşı tərəfin diqqətinə çatdırdı. Ötən bir il ərzində bölgədə vəziyyət tamamilə dəyişib.

“Dağlıq Qarabağ münaqişəsi”nin mövcud olmaması regionda fərqli mühit formalaşdırıb. Halbuki, həmsədr ölkələrin liderləri münaqişənin hərbi həllinin olmadığını iddia edirdilər. Lakin Azərbaycan problemi hərbi-siyasi üsullarla 44 gündə həll etdi. Həmsədrlərin böyük həssaslıqla qoruduqları status-kvo Azərbaycan hökumətinin iradəsi, xalqın əzmi, həmrəyliyi, bütün qüvvələrin səfərbər olması sayəsində dəyişdirildi. ATƏT-in, yaxud Minsk qrupunun siyasi yöndə edə biləcəyi bir iş qalmayıb. Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli anlaşmalarda əks olunmuş müddəalar qardaş Türkiyənin də iştirakı ilə ardıcıl reallaşdırılır”. 

F.Heydər bəyan edib ki, bundan sonrakı proseslərin əsas istiqaməti iqtisadi layihələrin, nəqliyyat dəhlizlərinin, kommunikasiyaların qurulması yönündədir:

“Əgər ATƏT-in və ya həmsədrlərin bununla bağlı çalışmaq niyyətləri, təklifləri varsa, buyurub gəlsinlər. Onsuz da vasitəçilərin bölgəyə bütün səfərləri onların öz təşəbbüsləri ilə baş tutur. Heç kim onları Azərbaycana dəvət etmir. Amma gəlmək istəyən qonağa da “yox” deməzlər. İmkan yaradaq, Qarabağdakı humanitar məsələlərə, quruculuq işlərinə öz töhfəsini versinlər. Bölgənin dirçəldilməsində iştirak etsinlər”.