Ermənilər yeni müharibə qorxusu yaşayır

10 noyabr razılaşmasına əməl olunmasa, Azərbaycan yaxın günlərdə Qarabağda antiterror əməliyyatlarına başlaya bilər

Ermənistanda son günlər Qarabağda yeni müharibə olacağı barədə ciddi təşvişlə müşahidə olunan müzakirələr gedir. Yazın gəlişi ilə Azərbaycanın bəzi güzəştlərdən imtina edəcəyi, xüsusilə Qarabağda qalan erməni ordusunun tör-töküntüləri və terrorçulara qarşı əməliyyat keçirəcəyi iddia edilir. Əslində ermənilərin bu təşvişi heç də təsadüf deyil.

Məlum olduğu kimi martın 15-dən 18-dək Azərbaycan Ordusu 10 min canlı qüvvə, yüzlərlə hərbi texnika, aviasiya və PUA-ların iştirakı ilə anti-terror təlimləri keçirəcək. Bununla yanaşı, Azərbaycan İsraildən 2 milyard dollar məbləğində silah alınması ilə bağlı müqavilə imzalayıb. Həm də Prezident İlham Əliyev Ermənistanın Zəngəzur dəhlizinə mane olmaq cəhdləri haqda “onları buna məcbur edəcəyik” ifadəsini işlədib. Separatçı Arutyunyanın “müşaviri” Tiqran Abramyan erməniləri sakitləşdirməyə çalışıb. O iddia edib ki, yaxın perspektivdə Qarabağda hərbi əməliyyatlar istisnadır, amma uzaq perspektivdə mümkündür. Abramyan yaxın müddətdə hərbi əməliyyatların yenilənməsini rus sülhməramlılarına görə istisna edib. O bildirib ki, Rusiya yeni hərbi toqquşmaya imkan verməyəcək. Qeyd edək ki, Qarabağda, rus sülhməramlılarının məsuliyyət zonasında erməni silahlılarının “postlarda” qulluq keçdiyinə dair videolar paylaşılıb. Bu isə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata ziddir. Bəyanata görə, erməni silahlı birlikləri Azərbaycan ərazisini qeyd-şərtsiz tərk etməlidir. Erməni ordusunun 10 noyabr bəyanatından sonra Azərbaycan ərazisini tərk etməyən silahlıları terrorçulardır. Buna görə də Ermənistanda Azərbaycan Ordusu və DTX-nin antiterror əməliyyatı keçirə biləcəyi və bunun aprelə qədər mümkünlüyü haqda ciddi iddialar səsləndirilir. 

Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev “Şərq”ə bildirib ki, Azərbaycan Qarabağ müharibəsindəki Zəfəri ilə regionda real hərbi-siyasi vəziyyət yaradıb. Ekspertin sözlərinə görə, 10 noyabr bəyanatı sülh müqaviləsi olmasa da, ümumilikdə tərəflərin imzaladığı şərtləri yerinə yetirməsi üçün bütün imkanları yaradıb:

“Razılaşmanın bütün bəndləri yerinə yetirilərsə, gələcəkdə yekun sülh müqaviləsi bağlana bilər. Lakin Ermənistanın revanşist qüvvələri regionda sabitliyin yaranmasında maraqlı deyil. Onlar Nikol Paşinyanı məğlubiyyətin əsas səbəbi olaraq görür və hərbi situasiyanın Ermənistanın xeyrinə dəyişə biləcəyi ilə bağlı absurd iddialarla çıxış edirlər. 44 günlük müharibənin gedişində Ermənistan müttəfiqləri tərəfindən hərtərəfli yardım almasına baxmayaraq, böyük məğlubiyyətə uğradı və müdafiə sistemi tamamilə çökdü. Bundan sonra Ermənistan ordusunun ortabab səviyyəyə çatması üçün normal iqtisadi inkişaf şərtləri daxilində ən azı 20 il vaxt tələb olunur. Azərbaycan Ordusu isə 44 günlük müharibənin gedişatında nəinki zəiflədi, əksinə, hərbi taktiki potensialını dəfələrlə artırmağa nail oldu. Təbii ki, bu nailiyyətlər qorunub saxlanılmalıdır. Ona görə də mütəmadi olaraq böyük masştablı hərbi təlimlərə ehtiyac var”. 

Politoloqun fikrincə, hərbi təlimlər Azərbaycan ordusunun hərbi qüdrətini və taktiki potensialını artırmaq üçün nəzərdə tutulub:

“Rusiya və Ermənistandakı revanşist qüvvələrin hay-küy salaraq guya yeni müharibəyə hazırlaşdığımızı iddia etməsinin əsası yoxdur. Ancaq 10 noyabr razılaşmasının tələbləri yerinə yetirilməsində təxribat xarakterli hərəkətlər olarsa, 10 minlik təlim heyəti Qarabağda antiterror əməliyyatlarına başlaya bilər. Ermənistan öz pozucu hərəkətlərinin gələcəkdə baş verə biləcək məntiqi cavabını Azərbaycan tərəfinin müharibəyə hazırlaşmağı kimi qələmə verməyə çalışır. Eyni zamanda rəsmi Rusiyanın təlimlərlə bağlı verdiyi “Azərbaycan Ordusunun təlimləri sabitliyə və təhlükəsizliyə risk yaratmır” bəyanatı gələcəkdə öhdəliklərin yerinə yetirilməsi üçün onların üzərinə məsuliyyət qoyur. Nəzərə çatdırım ki, Ermənistan da 7500 nəfərlik heyətlə təlimlərə başlamaq barədə qərar qəbul edib. Ermənistanın iqtisadi durumuna baxsaq, indiki məqamda hərbi təlimlər mümkün görünmür. Bunun üçün hazırda Ermənistanın siyasi-hərbi və iqtisadi imkanları çox məhduddur”.