Türkiyə də, Rusiya da səssiz qalmayacaq

Qarabağda erməni əhalisinin silahlandırılması yeni təxribatlara yol aça bilər

Qarabağda erməni əhalisinə silah daşımaq hüququ verilir. Separatçılar bununla bağlı “qanun layihəsi” irəli sürüb. İndiyə qədər keçmiş hərbçilərə ov tüfəngi daşımaq hüququ verilirdi. Lakin indi daha çox insanın silah daşımasına icazə verilir. Bunu özünümüdafiə məqsədilə izah edirlər. Bu da Qarabağdakı separatçı-terrorçuların əhalini “özünümüdafiə” adı altında Azərbaycana qarşı silahlandırması deməkdir. Bəs, Azərbaycan tərəfi buna görə hansı addımlar atmalıdır? Bütün bunlar regionda yeni təxribatlara yol aça bilərmi?

Sualımızı cavablandıran politoloq Tural İsmayılov "Şərq"ə açıqlamasında bildirib ki, bundan sonra, ümumiyyətlə, Ermənistanın atacağı hər bir təxribat addımı təkcə Azərbaycana qarşı yönəlmiş sayılmayacaq. Politoloqun sözlərinə görə, 10 noyabr razılaşmasından sonra Ermənistanın regionda atacağı istənilən təxribatçı və revanşist addımların hamısı həm də birbaşa Rusiya dövlətinə qarşı yönəlmiş hesab olunmalıdır:

"Qeyd edim ki, 10 noyabr sazişinin ümumi müddəalarında da bu öz əksini tapıb. Beləliklə, əgər Ermənistan bundan sonra ov tüfənglərindən əlavə hansısa silahlandırma ilə təchiz olunacaqsa və bu birbaşa Azərbaycan dövlətinə qarşı yönələcəksə, burda təkcə Ermənistan deyil, həm də Rusiya dövləti məsuliyyət daşıyacaq". 

T.İsmayılov qeyd edib ki, Azərbaycan tərəfi bununla bağlı öz bəyanatlarını dəfələrlə səsləndirib:

"Bilirsiniz ki, 10 noyabr bəyanatından sonra da  Ermənistan rəsmi dairələrinin bəzi nümayəndələri Dağlıq Qarabağa qanunsuz səfər etdi. Azərbaycanın Xarici İşlər Nazirliyi də bununla bağlı sərt bəyanatını səsləndirdi. XİN rəhbəri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri Ann Lindeni qəbul edərkən vurğuladı ki, Ermənistana tikinti maşınları ilə qanunsuz şəkildə əsgər daşınır. Erməni əsgər valideynləri də öz övladlarının Qarabağa qanunsuz şəkildə göndərilməsinə qarşı etirazlar edirdi. Ona görə də düşünürəm ki, bununla bağlı mütləq sərt addımlar atılmalıdır. Özü də təkcə bu məsələdə Rusiyaya qarşı açıq demarş yoxdur. Ağdamda birgə monitorinq mərkəzində təmsil olunan Türkiyəyə qarşı da Ermənistan müəyyən addım atmış hesab olunur". 

Politoloq əlavə edib ki, bundan sonra bizim ölkə üçün müharibə şəraiti yoxdur:

"Azərbaycan Dağlıq Qarabağ problemini artıq həll olunmuş hesab edir. Cənab prezident də dəfələrlə bütün açıqlamalarında bu məsələyə toxunub. Ona görə də Ermənistana edilən silah yardımları bizim dövlətimizə, əsgərimizə qarşı yönələcəksə və yenidən regionda  hərbi vəziyyət rejimi bərpa olunacaqsa, bunun birbaşa günahkarı, təbii ki, Ermənistan və eyni zamanda 10 noyabr razılaşmasının əməl olunmasına nəzarət edən Rusiya sülhməramlıları bir növ məsuliyyət daşıyacaqlar. Ona görə də düşünmürəm ki, hələ Ermənistan uzun müddət hansısa təxribatçı cəhdlərinə getsin. Ölkədə səslənən ümumi revanşist açıqlamalar isə daxili auditoriyanın fikrini yayındırmağa hesablanmış ucuz şoudan başqa bir şey deyil".