“Baydenin növbəti hədəfi Ərdoğandır” - Türkiyə qarşıdurmaya gedəcəkmi? 

“Ankara ilə Moksvanın münasibətlərinin son dönəmlər yüksələn xəttlə inkişaf etməsi də məlumdur”

“Lakin Türkiyə NATO ölkəsi olduğunu nəzərə alaraq, yenə də balanslı siyasət yeridəcək”


ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putini “qatil” adlandırıb. Dövlət başçısı jurnalist Corc Stefanopulosa müsahibəsində Kremlin ABŞ prezidenti seçkilərinə müdaxiləsindən danışıb. O, Rusiyanın bunun hesabını ödəyəcəyini söyləyib.
Baydenin sözlərinə görə, yanvarda Putinlə telefon danışığı zamanı Rusiya prezidentini seçkilərə müdaxilə təsdiqini tapacağı halda sərt addımlar atılacağı barədə xəbərdar edib. Dövlət başçısı konkret hansı addımlardan söhbət getdiyini deməyib. Bəlkə də, Bayden məhz mümkün sanksiyalara eyham vurur. Çünki bir neçə gün əvvəl ABŞ-ın Rusiyaya qarşı sanksiyaları həyata keçirəcəyi haqda məlumat yayılmışdı.

Stefanopulosun “Putini qatil sayırsınızmı?” sualına Bayden konkret cavab verib. ABŞ prezidenti “bəli” deyib. Bu isə, bəlkə də, “bardağı daşıra son damla” oldu…

Politoloq Azər Rəşidoğlu iki supergüc arasındakı münasibətlərin necə inkişaf edəcəyinə dair proqnozlarını “Sherg.az”la bölüşdü:

 “Məlum olduğu kimi, Putin xarakterinə uyğun davranaraq bunu cavabsız qoymadı və dərhal məsləhətləşmələr apararaq səfirini geri çağırdı. Fikrimcə, münasibətlər artıq “Soyuq müharibə” mərhələsinə çatıb. Qarşılıqlı əlaqələr yaxın zamanda daha da gərginləşəcək. Rəsmi Vaşinqton hər vəchlə sanksiyaları artırmağa çalışacaq. Və Kreml buna adekvat addımlar atacaq”.

A.Rəşidoğlu Türkiyənin proseslərə münasibətindən də danışdı: 

“Azərbaycanın baş verənlərə açıq mövqe sərgiləyəcəyini düşünmürəm. Rəsmi Bakı neytrallığını qorumağa çalışacaq. Baydenin Türkiyə prezidenti Ərdoğana münasibəti də məlumdur. Hətta növbəti hədəfin Ərdoğan olacağını da istisna etmirəm. Üstəgəl, Ankara ilə Moksvanın münasibətlərinin son dönəmlər yüksələn xəttlə inkişaf etməsi də məlumdur. Lakin Türkiyə NATO ölkəsi olduğunu nəzərə alaraq, yenə də balanslı siyasət yeridəcək və ABŞ-la açıq qarşıdurmaya getməyəcək”.