"Bu dərəcədə dəhşətli vandalizmi təsəvvürümə gətirmirdim"

Partiya sədri Qarabağa ayaq basanda sarsılıb


Xəbər verdiyimiz kimi, Azərbaycanda fəaliyyət göstərən siyasi partiya rəhbərlərinin işğaldan azad edilən Ağdam şəhərinə səfəri baş tutub. Partiya sədrlərini Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev müşayiət edib. Nümayəndə heyəti Ağdamda 30 ilə yaxın müddət ərzində ermənilər tərəfindən törədilmiş vəhşilik və dağıntılarla tanış olublar. Siyasi təşkilat rəhbərləri şahidi olduqları erməni vəhşiliklərindən dəhşətə gəldiklərini bildiriblər. 

İşğaldan azad edilmiş rayonlarımıza səfər barəsində fikirlərini “Şərq”lə bölüşən Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, erməni vəhşiliyi nəticəsində viran qalmış şəhər və kəndlərdəki real vəziyyətlə yerində tanış olublar. Partiya rəhbəri bildirib ki, 30 illik işğal mənzərələrinə baxmaq üçün özünü psixoloji cəhətdən hazırlasa da, həmin torpaqlara ayaq basanda gerçəkdən sarsılıb:

“Ağdamın erməni vandalları tərəfindən yerlə-yeksan edildiyini, tamamilə dağıdıldığını bilirdim. Ancaq bu dərəcədə dəhşətli vandalizmi təsəvvürümə gətirmirdim. Gördüklərimdən heyrətə gəlmişəm. Bu dərəcədə vəhşilik, barbarlıq olarmı, ilahi? Ağdam müharibə zamanı yox, məhz işğal dövründə dağıdılıb, talan edilib. Yarıuçuq divarlar, xarabalıqlar əsla bombalar, mərmi partlayışları nəticəsində bu hala düşə bilməzdi.

Ermənilər işğalın verdiyi fürsətdən istifadə edib buranı sadəcə talan ediblər. Əllərinə keçən hər şeyi daşıyıb aparıblar. Bu isə onların dilənçi və qəsbkar xislətindən irəli gəlir.

Həm də Şuşa ilə bərabər Ağdamın da biz azərbaycanlılar üçün müqəddəs bir məkan olduğunu bildikləri üçün belə ediblər. Yəni ki, bizə qarşı etnik-milli zəmində nifrətlərinin, düşmənçiliklərinin əvəzini Ağdamdan çıxıblar. Bizə psixoloji travma yaşatmaq məqsədilə Ağdamın daşını daş üstə qoymayıblar. Ağdamı bu hala yalnız insanlıq hissindən və bəşəri dəyərlərdən məhrum olan vəhşi bir qəbilə sala bilərdi. Ermənilər məhz qəbilədir və sürü psixologiyasının daşıyıcılarıdır. Kim bu həqiqətə əmin olmaq istəyirsə, getsin Ağdamdakı erməni işğalının izlərini canlı-canlı izləsin”. 

Partiya sədri ermənilərin törətdikləri vəhşiliklə bağlı beynəlxalq təşkilatlara da səslənib:

“Milli Həmrəylik Partiyası olaraq ermənilərin Qarabağda törətdikləri vəhşiliklərə göz yuman, bu işğalçı qüvvəni hələ də mədəni millət hesab edən bütün beynəlxalq təşkilatların rəhbərlərinə və Ermənistana havadarlıq edən dövlətlərin liderlərinə səslənirik. Onları Ağdama və işğaldan azad edilmiş digər ərazilərimizə dəvət edirik. Buyurub gəlsinlər və hətta alman faşizminin qəddarlığını da kölgədə qoya biləcək erməni faşizminin törətdiyi dəhşətləri öz gözləri ilə görsünlər. Dünya bu vəhşiliklərə mütləq hüquqi və siyasi qiymət verməlidir. Eyni zamanda erməni faşizmini himayə edənləri də hər kəs tanımalıdır”.