İmkanlar qeyri-bərabərdir

Müxalifət heç bu qədər gücsüz olmamışdı

Paşinyan tez seçki keçirib qalib olmağa çalışır və buna əmindir


Ermənistan hökumətinin başçısı Nikol Paşinyan iyunun 20-də erkən seçkilərin keçiriləcəyini açıqlayıb. Baş nazirin sözlərinə görə, martın 18-də “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyanla görüşüb.

Tərəflər mövcud daxili siyasi vəziyyətdən ən yaxşı çıxış yolunun erkən parlament seçkiləri olduğu qənaətinə gəliblər. Ermənistan müxalifəti isə erkən seçkilərdə səsvermə nəticələrinin saxtalaşdırılacağından narahatdır, lakin bəzi müxalif partiyalar yenə də seçkilərdə iştirak edəcəklər. Bundan əvvəl Ermənistanın ikinci prezidenti Robert Koçaryan da seçkilərdə iştirak etməyə hazır olduğunu elan etmişdi.

Müxalif “Vətənin xilası” hərəkatının lideri Vazgen Manukyan isə erkən parlament seçkilərində iştirakdan imtina etdiyini açıqlayıb. Üstəlik, siyasətçi 20 iyunda keçirilməsi planlaşdırılan bu seçkilərin ümumiyyətlə baş tutacağına şübhə etdiyini bildirib. Rusiyalı politoloq Sergey Mixeyev deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan erkən seçkilərdə qalib gələcəyinə inandığı üçün belə bir addım atmağa qərar verib. Lakin məğlub olduğu təqdirdə istefa verməli olacaq: “Bir tərəfdən, Paşinyan müxalifətin təzyiqi altında seçkiləri elan etdi və düşünür ki, seçkiləri qazanmalıdır. Bu, onun növbəti dövr üçün səlahiyyətlərini təsdiqləyəcək. Yəqin ki, qazanacağını düşünür, əks təqdirdə, getməli olacaq. Başqa variant olmayacağını düşünürəm”. 

Düşmən ölkədə baş verənləri “Şərq”ə təhlil edən “Atlas” Araşdırmalar Mərkəzinin siyasi eksperti Samir Hümbətov deyib ki, Ermənistanda yaşananlar cəmiyyətdəki ciddi qarşıdurmanın və parçalanmanın göstəricisidir. Analitik vurğulayıb ki, iyun ayına çox zaman qalmayıb:

“Bəs, Baş nazir Nikol Paşinyan niyə iyun ayına növbədənkənar seçkilər təyin edib? Xatırlayırsızsa, bir müddət öncə erməni xəbər saytlarında bir məlumat yayıldı. Qeyd olundu ki, keçirilən sorğularda respondentlərin 50 faizi növbədənkənar seçkilərə qatılacağını, 40 faiz isə qəti fikrini bəyan etməyib. Ümumən sorğuda iştirak edənlərin 30 faizdən çoxu yenidən Nikol Paşinyana səs verəcəyini açıqlayıb. Bu nəticələr Yerevan hökumətində arxayınlıq yaradıb. Paşinyan hökuməti ölkədə vəziyyətin kifayət qədər gərgin olmasına baxmayaraq, prosesləri nəzarətdə saxlamaq imkanına malik olduğunu düşünür.

Yəni nə qədər ki, imkan var, seçki keçirib qalib olmağa çalışır. Paşinyan həm də müxalifət düşərgəsinin hay-küyünün qarşısını almaq üçün seçki qərarı verməyə məcbur qaldı. Baş nazir fərqindədir ki, hazırda ölkədə müxalifət partiyalarının reytinqi çox aşağıdır. Bunu İkinci Qarabağ savaşının bitməsindən sonrakı dövrdə Ermənistanda baş verən siyasi proseslər və keçirilən etiraz aksiyalarında iştirak edən əhalinin azlığı aydın şəkildə göstərir”.

S.Hümmətov vurğulayıb ki, özünü müxalifətin əsas lideri hesab edən Manukyan buvaxtadək müəyyən formada manipulyasiyalar edə bilirdi. “Seçkilərə qatılaq”, “qalib olaq” kimi şüarlarla özünə tərəfdar toplayırdı:

“Manukyan ölkədəki ümumi gərgin ab-havadan öz xeyrinə istifadə edirdi. Amma bir müddət sonra bunun effektsiz olduğunu gördü. Çünki Manukyanın başçılıq etdiyi müxalifət koalisiyası bir neçə mitinq keçirtsə də, nəticə ürəkaçan olmadı. Bilir ki, Paşinyanla seçkiyə girsə və məğlubiyyətə uğrasa, müxalifətə inam tamamilə itəcək. Nəticədə Paşiniyan öz hakimiyyətini möhkəmləndirəcək. Manukyan bu səbəbə görə seçkiyə getməkdən ehtiyatlanır. Paşinyan seçki gününə kimi bütün gücü ilə çalışacaq ki, vəziyyəti özünün xeyrinə saxlasın və administrativ rıçaqlardan istifadə etməklə seçkidən qalib çıxsın. Baş nazir qısa zamanda müxalifətin toparlana bilməyəcəyinə əmindir. Ona görə də istefa vermədən seçkilər elan etməklə müxalifət üzərində öz istədiyini diktə edir. Əlbəttə, müxalifətin iddia etdiyi kimi seçkidə saxtakarlıq ola bilər. Bu hal erməni cəmiyyəti üçün normaldır. Amma seçkinin baş tutma ehtimalı mümkündür. Çox güman ki, nəticələr Paşinyanın istədiyi kimi olacaq. Əgər Ermənistanda qeyri-adi, fövqəlhadisə yaşanmasa, silahlı çevriliş cəhdi olmasa, Paşinyan hakimiyyəti yenidən öz əlinə alacaq”.