Türkdilli dövlətlərin birləşməsindən başqa alternativi yoxdur Politoloq

Bunu Azərbaycanın 44 günlük müharibədə qazandığı tarixi qələbə də sübut edir”

“Azərbaycanın ardınca Mərkəzi Asiyanın türkdilli dövlətləri də Türkiyə ilə hərbi ittifaqı gücləndirməyə qərar veriblər. Doğru qərardır”.

Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu özünün Facebook hesabında yazıb. Əlbəttə, türkdilli dövlətlərin birləşməsi olduqca əhəmiyyətlidir. Deməli, illər əvvəl zəifləmiş ideoloji, tarixi birlik yenidən möhkəmlənir. Beləliklə, biz xarici qüvvələrə qarşı birgə mübarizə aparmaq imkanı əldə edirik.

E. Şahinoğlu mövzu barədə daha ətraflı “Sherg.az”a danışdı:

“Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev “Qazaxıstan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında hərbi əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi haqqında” qanunu imzalayıb. Saziş hələ 2018-ci il sentyabrın 13-də imzalanıb. Sənədin əsas məqsədi Qazaxıstan və Türkiyə arasında bərabərlik və qarşılıqlı fayda prinsiplərinə əsaslanan uzunmüddətli hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsidir. İki ölkə arasındakı qarşılıqlı münasibətlər hərbi təlim və təhsil, birgə təlimlər, müdafiə sənayesi, sülhməramlı əməliyyatlar, hərbi, elmi və texniki tədqiqatlar və bir sıra digər sahələr kimi hərbi əməkdaşlıq istiqamətlərini ehtiva edir. Bundan iki gün əvvəl isə Özbəkistan prezidenti Şövkət Mirziyoyev də ölkəsinin Türkiyə ilə imzaladığı hərbi-maliyyə sazişini təsdiq edib. Türkiyənin müdafiə naziri Hulusi Akar ötən il Özbəkistana səfəri zamanı iki ölkə arasındakı hərbi əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə etmişdi. Türkiyə Azərbaycanın timsalında olduğu kimi Özbəkistan gəncləri üçün də hərbi akademiyaların qapılarını açacaq”.

Politoloqun fikrincə, bu, zərurətdən doğan birlikdir və başqa variant yoxdur:

“Ermənistan və Rusiyadakı bəlli dairələr buna görə haray-həşir salıblar ki, Türkiyə “Turan ordusu” yaradır. Adını nə qoyurlar qoysunlar, Türkiyə Azərbaycan başqa olmaqla türkdilli ölkələrlə siyasi, iqtisadi və hərbi inteqrasiyanı gücləndirmək istəyir. Bu istək qarşılıqlıdır. Çünki Azərbaycan, Qazaxıstan və Özbəkistan Türkiyənin hərbi dəstəyi sayəsində imperialist dairələrin təxribatlarından özlərini qorumaq istəyirlər. Bunun üçün isə ciddi əsas var. Rusiya prezidenti “Kim bizimlə deyilsə, bizə qarşıdır” deyirsə, türkdilli dövlətlərin Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirməkdən başqa alternativi yoxdur. Bunu Azərbaycanın 44 günlük müharibədə qazandığı tarixi qələbə də sübut edir”.