Qarabağda “əşyaların soyqırımı” filmi: “Film nəhəngləri Azərbaycana axışacaqlar”

“Siyasi partiyalarla birlikdə Ağdamın dağıntılarını və erməni vandalizmini gözümlə gördükdən sonra ağlıma bəzi fikirlər gəldi”. 

Bu barədə millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev deyib. 

Deputat Mədəniyyət Nazirliyinə bir sıra təkliflər ünvanlayıb: 

“Təcili olaraq Prezidentlə məsləhətləşin və Hollivud qarışıq, dünya film istehsalı nəhənglərinə film çəkilişləri üçün dəvət göndərin. Onlar Qarabağda ermənilərin etdiyi vəhşilik, vandalizm, “əşyaların soyqırımı” və dağıntıları yaratmaq üçün yüz milyonlarla pul xərcləyirlər. Təklif verin ki, Qarabağda zombi, qorxu, müharibə, etnik təmizləmə, “əşyaların soyqırımı”, apokalipsis və digər mövzularda Oscar mükafatı alacaq filmlər çəkmək olar. İnanıram ki, film nəhəngləri Azərbaycana axışacaqlar. Öz film istehsalçılarımız da sakit dayanmasınlar, sponsor tapıb film çəklişlərinə başlasınlar. Bundan gözəl təbliğat olarmı? Yüz milyonlar xərcləsən, Qarabağda “əşyaların soyqırımı” filminin yaratdığı effekti almaq olmaz”.

R.Nurullayev Turizm Nazirliyinə də müraciət edib: 

“Aparıcı xarici kanallarda “Qarabağa ziyarət”, “zəfər yolu”, “dronların döyüşü” adlı reklam rolikləri yerləşdirin. Turistləri çarter reyslərlə Bakıya dəvət edin. Pandemiyanın öhdəsindən gec-tez gələcəyik, amma bu tarixi şansı əlimizdən qaçırmamalıyıq”.