Paşinyan “siyasi taymaut” götürə bildi

Baş nazirin yeni hədəfi növbədənkənar seçkilər vasitəsilə rəqiblərini böyük ölçüdə neytrallaşdırmaqdır


Ermənistanın Baş naziri Nikol Paşinyan Armavir vilayətində əhali ilə keçirdiyi görüşdə aprel ayında vəzifəsindən istefa verəcəyi barədə məlumat verib. Onun sözlərinə görə, bu, formal bir addım olacaq. Paşinyan əlavə edib ki, bu, növbədənkənar seçkilərin keçirilməsi ilə bağlıdır və seçkilərə qədər isə o, baş nazir vəzifələrini icra edəcək.

Mövzu ilə bağlı danışan politoloq Nurlan Qələndərli "Şərq"ə açıqlamasında bildirib ki, vətəndaş itaətsizliyi, müxalifətin etiraz aksiyaları və ordu rəhbərliyi ilə hakimiyyət arasında qarşıdurma fonunda cərəyan edən proseslər Ermənistanda siyasi xaosun dərinləşərək böhran həddinə çatmasını şərtləndirib. Politoloq qeyd edib ki, rəqiblərinə və bütövlükdə etirazçı mövqeyindən çıxış edənlərə qarşı müxtəlif təzyiq üsullarından, repressiya metodundan istifadə edən Paşinyanın sonuncu manevri növbədənkənar seçkilərin təyin edilməsi oldu:

"Beləliklə, məğlub ölkədə iqtidar bununla xaotik proseslərin və ictimai-siyasi pressinqin fonunda resurslarını səfərbər edə bildi. Nəticədə hakimiyyətinin dayaqlarını möhkəmləndirmək üçün “siyasi taymaut” götürə bildi. Artıq o, siyasi gündəmi müəyyən qədər dəyişməyə nail olub. Proseslərin məcrasını başqa yönə çevirmək istiqamətində bir neçə addım da irəliləyən Paşinyan iqtidarının yeni hədəfi növbədənkənar seçkilər vasitəsilə rəqiblərini böyük ölçüdə neytrallaşdırmaqdır". 

N.Qələndərli vurğulayıb ki, aprel ayında istefa verəcəyini və bu addımın formal xarakter daşıdığını bəyan edən Paşinyan daxili siyasi situasiyanı müəyyən qədər öz lehinə çevirə bilib:

"Müxalifətin ciddi ictimai dəstək ala bilməməsi və siyasi passivliyi Paşinyan hakimiyyətinə seçki öncəsi situasiyanı nəzarətdə saxlamağa imkan verir. Bütövlükdə isə düşünürəm ki, hazırkı iqtidar növbədənkənar seçkilərdən rəqiblərini “siyasi ofsayd” vəziyyətinə salmaqla qalib tərəf kimi çıxacaq. Amma bununla yanaşı, məğlub Ermənistanda qarşı-qarşıya duran tərəflər arasında ziddiyyətlərin davam edəcəyini, siyasi xaosun dərinləşəcəyini, konfrontasiya hallarının müşahidə olunacağını proqnozlaşdırmaq olar".