SOS ! “İş yerlərində intiharlar artacaq” – Müdir və işçilər...

“Hazırda iş yerlərində rəhbər olan şəxslərin də psixologiyası normal durumda deyil”

“Rəhbərlik edən adamlar, bəlkə, daha çox həyəcan içindədir”

“Onların arasında da intihar edənləri görürük. Təəssüf ki, bu halın çoxalması gözlənilir. Çünki onlar da çətin vəziyyətdədir”


Əksər hallarda intiharların baş vermə səbəbini insanların maddi durumu ilə əlaqələndirirlər. İşsizlik və maddi sıxıntılarla üzləşən şəxslərin çıxış yolu olaraq intihara əl atdığı deyilir. Maraqlıdır ki, son günlər canına qəsd edən insanlara haqq qazandıranlar da çoxalıb. Hər kəs pandemiyanın yaratdığı ən başlıca problemin maddi sıxıntı olduğu qənaətinə gələrək, intihar edənləri qınamır. Pandemiyanın yaratdığı gərginliklərdən danışmışkən, iş yerində intihar edənlərin çoxaldığını da xüsusilə vurğulamaq yerinə düşərdi.

Məlumdur ki, koronavirus bir çox işlərinin bağlanmasına səbəb oldu. Eyni zamanda müxtəlif iş yerlərində vətəndaşların maaşının azaldığı da deyilir. Nəticədə çətin duruma düşənlər son çarəni intiharda görür.



Məsələn elə, aprelin 2-də “Azərsu” ASC-nin əməkdaşı, 1987-ci il təvəllüdlü Elxan Quliyev çalışdığı iş yerində - Səbail rayonu ərazisində yerləşən Su Kanal İdarəsində intihar edib.Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı “Sherg.az”a məlum olayın səbəbləri barədə bunları söyləyib:

“E.Quliyev əməkdaşımızdır. Səbail su kanalı idarəsində nasos qurğularının maşinsti  vəzifəsində işləyirdi. İki azyaşlı uşağı var. İntiharın səbəbi ilə bağlı bir söz deyə bilmərəm. Hər şey istintaq araşdırması nəticəsində məlum olacaq. Lakin onun işi ilə əlaqədar hansısa bir problemi olmayıb”.



Mövcud durumla bağlı “Sherg.az”a danışan sosioloq-alim Əhməd Qəşəmoğlu bildirib ki, bu məsələlərin hamısını ətraflı izah etmək üçün elmi nəzəriyyələrə ehtiyac var:

“Elmi nəzəriyyədə kifayət qədər əsaslandırılıb ki, hər hansı insanın, sosial qrupun davranışına təsir edən 4 amil var: şəxsi, genlərindən gələn xüsusiyyətlər, yaşadığı mühit, üstünlük verdiyi dəyərlər və alınan informasiyalar. Deməli, bu gün intiharın səbəblərini araşdıranda bu 4 amilə də diqqət yetirməliyik. Anadangəlmə psixoloji cəhətdən intihara meyilli insanlar var.

Onları müəyyənləşdirib, intihara meyillidilər deyə aləmə hay salmadan cəmiyyətdə iş üsulu yaratmaq olar. Çünki intihara meyillilik müxtəlif cəmiyyətlərdə ortaya çıxır, ya da çıxmır.

Qanunvericilik, ölkədə insanlar arasında münasibət mühit yaradır və insana təsir edir. Bir digər amil olan dəyərlər isə çox mühümdir. İnsanın daxili aləmi zənginləşdikcə yer üzünün problemlərini yaxın buraxmır. Əvvəllər buna maarifləndirici, mənəvi dəyərlərə əsaslanmış bədii əsərlər və həqiqi dini dəyərlər kömək edirdi. İndi isə bədii ədəbiyyat oxuyan yoxdur, normal filmlər yaranmır. Yəni insanlarda mənəviyyatı zənginləşdirən faktorlar zəifləyib”.

İş yerlərində intiharların çoxalmasına gəlincə, sosioloq vurğulayıb ki, hazırda iş yerlərində rəhbər olan şəxslərin də psixologiyası normal durumda deyil:

“Rəhbərlik edən adamlar, bəlkə, daha çox həyəcan içindədir. Onların arasında da intihar edənləri görürük. Təəssüf ki, bu halın çoxalması gözlənilir. Çünki onlar da çətin vəziyyətdədir. Bəs, kimi günahlandıraq? Deyək ki, dövlət həmin rəhbər şəxslərə ayda filan qədər maddi yardım etsin, bu da çıxış yolu deyil. Ona görə də məsələyə fərqli yanaşmaq lazımdır”.

Ə.Qəşəmoğlu problemin həlli yollarını da açıqlayıb:

“Pandemiya zamanı ilk diqqət əhalinin koronavirusa qarşı münasibətinin dəyişməsinə yönəlməlidir. Necə ki, əhali koronavirusa qarşı lazımi şəkildə davranmır bundan da pis vəziyyət gözlənilir.

Maddi durumların intihara səbəb olduğunu söyləmək yanlış fikirdir. Maddi vəziyyət sadəcə intiharın amillərindən biridir. İntiharlardan danışarkən kompleks məsələləri qeyd etmək lazımdır.

Əhalinin indiki zamanda koronavirusa qarşı lazımi davranışı olması üçün 3 istiqamətdə iş aparılmalıdır: 1. Əhali müasir tələblərə uyğun olaraq elmi metodlarla maariflənməlidir. 2. Həvəsləndirmə olmalıdır. Hansı kəndlərdə və ya bölgələrdə insanları maarfiləndirmək istiqamətində yaxşı işlər gedirsə, həmin kəndə müəyyən pullar ayrıla bilər. 3. Müasir tələblərə uyğun olaraq yüksək mədəniyyətlə inzibati təzyiqi gücləndirmək lazımdır.

Bu 3 istiqamət bir-biri ilə qarşılıqlı şəkildə həyata keçirilməlidir. Bu sahədə işlər getmədikcə vəziyyət düzələn deyil”.