MÜHÜM TƏKLİF: “Anti-terror hərbi birləşməsi yaradılmalıdır”

“Fikrimcə, ordu rəhbərliyi bu vəzifəni xüsusi təyinatlı qoşunlara həvalə edib”

Azərbaycan xüsusi təyinatlılarının Türkiyədə təlimləri davam edir. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi "Twitter" hesabında məlumat yayılıb. “Qəhrəman Azərbaycan Ordusu hərbçilərinin İspartada yerləşən Terrorla Mübarizə üzrə Təlim və Tədris Mərkəzi Komandanlığında xüsusi təyinatlı təlimləri davam edir” - deyə, məlumatda qeyd edilir.



 Hərbi ekspert Ramil Məmmədli “Sherg.az”a açıqlamasında birgə hazırlıqların əhəmiyyətini belə qiymətləndirdi: 

“Bütün təlimlər ordunun döyüş qabiliyyətini artırmaq məqsədilə keçirilir. Bu baxımdan indiki hazırlıqlar da istisna deyil. Ümumiyyətlə, iki qardaş ölkə arasında illərdir ki, hərbi təlimlər keçirilir. Sözügedən əməkdaşlıq Azərbaycan - Türkiyə birliyini nümayiş etdirməklə yanaşı, həm də düşmənə mesajdır”.

R.Məmmədli, həmçinin silahlı qüvvələrdə xüsusi təyinatlı qoşunun rolu barədə də danışdı: 

“Quru hücumlarında bu qoşun növünün xüsusi rolu var. Əlbəttə, müasir dünyada anti-terror əməliyyatları çox vacibdir. Düzdür, bu təlimləri məhz hansısa əməliyyatlarla əlaqələndirmək doğru olmaz.

Lakin anti-terror hərbi birləşməsi yaradılmalıdır. Fikrimcə, ordu rəhbərliyi bu vəzifəni xüsusi təyinatlı qoşunlara həvalə edib”.