Lukaşenkonun Bakı səfəri: Qovluqda nələr var? – AKTUAL İZAH

 Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Azərbaycana rəsmi səfərdədir. Belarus Prezidentinin mətbuat xidmətinin məlumatına görə, iki gün davam edəcək səfər çərçivəsində Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə iki görüş keçirəcək. İlk görüş səfərin birinci günü baş tutacaq. Bu qeyri-formal görüşdə liderlər Azərbaycanla Belarus  arasındakı münasibətlərin əsas istiqamətlərini və strateji qarşılıqlı münasibətləri müzakirə edəcəklər.
Danışıqların rəsmi hissəsi isə aprelin 14-də baş tutacaq. Dövlət başçılarının görüşü təkbətək və geniş tərkibli nümayəndə heyətinin iştirakı ilə keçiriləcək. Görüşdə ticari-iqtisadi əlaqələrin genişləndirilməsi və əməkdaşlığın yeni məzmunu müzakirə olunacaq. Tərəflər sənaye kooperasiya məsələlərini, qida istehsalı və təchizatı, kənd təsərrüfatı məhsullarının emalı sahəsində cari və perspektivli layihələrin reallaşmasını nəzərdən keçirəcəklər. Həmçinin səhiyyə, elmi-texniki, təhsil və turizm sahələrində əməkdaşlıq da müzakirə olunacaq.


 
Politoloq Natiq Miri “Sherg.az”a açıqlamasında görüşün əhəmiyyətini belə qiymətləndirdi: 

“Belarusda son prezident seçkilərindən sonra Qərbin tətbiq etdiyi məhdudiyyətlər ölkə üçün müəyyən çətinliklər yaradır. Xüsusilə iqtisadi böhran yaşanmaqdadır. Belarusun dostların köməyinə ehtiyacı var.

Əlbəttə, görüşdə iqtisadi əməkdaşlıq, o cümlədən enerji daşıyıcılarının və ələlxüsus neftin Belarusa satışı müzakirə oluna bilər. Çünki Rusiya ilə Belarus arasında münasibətlərin loyallaşması sadəcə söz səviyyəsindədir. Əslində isə Kremlin Belarusa güzəştə getmək fikri yoxdur.

Amma Azərbaycana inanılır, etimad göstərilir. Ona görə ki, rəsmi Bakı Belarusa hər zaman öz dost əlini uzadıb. İkinci bir tərəfdən, müdafiə sənayəsi ilə bağlı bəzi məqamlar gündəmə gələ bilər. Bilirsiniz ki, Azərbaycan Belarusdan müasir raket kompleksləri alıb. Və biz həmin silahların effektivliyini 44 günlük savaşda gördük.

Belarus kimi dost dövlətlər müharibə vaxtı birmənalı olaraq Azərbaycanı dəstəklədilər. Bu nöqteyi-nəzərdən  sözegedən səfəri dostluq görüşü hesab edirəm. Ümumiyyətlə, post-sovet məkanında dostlarımız nə qədər çox olarsa, o qədər yaxşıdır”.