Bayden Rusiyaya “barış əli” uzatdı? – “Güzəşt olmayacaq”

ABŞ prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Dövlət başçıları bir sıra regional və qlobal əhəmiyyətli məsələləri müzakirə edib. Bayden ABŞ-ın maraqlarına uyğun olaraq Rusiya ilə stabil və proqnozlaşdırıla bilən münasibətlər qurmaq məqsədinin olduğunu təsdiqləyib. O, ABŞ və Rusiyanın qarşılaşdığı məsələlərin tam spektorlarının müzakirəsi üçün qarşıdakı aylarda üçüncü ölkədə görüş-sammit keçirməyi təklif edib.

Bundan başqa, C.Bayden Krımda və Ukrayna ilə sərhəddə Rusiya ordusunun gücləndirilməsindən narahatlığını ifadə edərək, ABŞ-ın bu ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə dair sarsılmaz öhdəliyinin olduğunu vurğulayıb. ABŞ prezidenti Rusiyanı gərginliyi azaltmağa çağırıb.



Telefon danışığına dair fikirlərini “Sherg.az”la bölüşən politoloq Elçin Xalidbəyli bildirib ki, ABŞ və Rusiya arasında qarşıdurma təhlükəli həddə çatıb. Analitik vurğulayıb ki, siyasi faktorlar üzərindən intensivləşən ziddiyyətlər artıq hərbi-siyasi xarakterli qarşıdurmaya çevrilib:

“Baydenin Kreml sahibi Vladimir Putini “qatil” adlandırmasından sonra ABŞ və Rusiya arasında münasibətlər “soyuq müharibə” mərhələsinə keçib. Bu mərhələdən real müharibə təhlükəsinə isə o qədər böyük məsafə yoxdur. Yəni, iki nəhəng nüvə dövləti arasında silahlı toqquşma ehtimalı olduqca ciddiləşib.

Xüsusilə də, Ukrayna böhranı ABŞ-Rusiya qarşıdurmasına savaş təhlükəsi qatır. Çünki hər iki nəhəng dövlət Ukrayna sərhədləri ətrafında olduqca böyük hərbi qüvvə cəmləşdirib. Üstəlik, ABŞ Rusiya qarşıdurmaya artıq NATO-nu da ortaq etməyə nail olub. Bu, o deməkdir ki, hər an həmin hərbi qüvvələr savaş meydanında qarşılaşmaq məcburiyyətində qala bilərlər.

Təbii ki, belə vəziyyətdə qarşıduran tərəflər təhlükəli situasiyadan çıxış yolu tapmaq məcburiyyətindədirlər. Əslində hər iki tərəfə də Ukrayna ucbatından bir-biriylə savaşa girmək qətiyyən sərf etmir. İndiyə qədər Ağ Ev hərbi-siyasi təzyiqlərlə Rusiyanı geri çəkilməyə məcbur edə biləcəyinə ümid bəsləyirdi. Ancaq məlum oldu ki, Kreml heç bir halda, geri çəkilmək niyyətində deyil. Ukrayna böhranında Rusiyanın “sonuncu qala”sını müdafiə etmək niyyətindədir.

Ona görə də, prezident Bayden nəhayət ki, Rusiya ilə hərbi-siyasi qarşıdurma ilə ABŞ-ın şərtlərini Kremlə qəbul etdirməyin mümkün olmayacağı qənaətinə gəldi. Nəticədə, Rusiyanı siyasi təzyiqlərlə geri çəkilməyə sövq etmək üçün növbəti dəfə cəhd göstərməyə çalışır. Belə anlaşılır ki, prezident Co Bayden Kreml sahibi V.Putinlə üz-üzə görüşdə ABŞ-ın şərtlərini Rusiyaya qəbul etdirməyin mümkünlüyünə ümid bəsləyir”. 

E.Xalidbəylinin sözlərinə görə, hər halda, Bayden Rusiya ilə münasibətləri ABŞ-ın maraqlarına uyğun şəkildə qurmaq niyyətində olduğunu vurğulayıb:
“Ancaq unutmaq olmaz ki, ABŞ-ın maraqlarının Rusiyanın mənafeləri ilə kəskin ziddiyyət təşkil edir. Deməli, Bayden ABŞ-la stabil münasibətlər xatirinə Rusiyanın öz maraqlarından vaz keçə biləcəyinə inanır. Halbuki Kremlin belə güzəştlərə hazır olduğuna inanmaq olduqca çətindir. Əgər, bu, mümkün olsaydı, Ukrayna böhranı ətrafında qarşıdurmaya Rusiya bu qədər kəskin reaksiya verməzdi.
Baydenin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayaraq, Rusiyanı regionda gərginliyi azaltmağa çağırması da maraq doğurur. Çünki Ukraynanın ərazi bütövlüyünə yalnız separatçı Donbas bölgəsi deyil, həm də Rusiya tərəfindən ilhaq olunmuş Krım yarımadası da daxildir. Bu baxımdan, ABŞ və Rusiya arasında yaxın vaxtlarda siyasi anlaşmaların ola biləcəyi o qədər də inandırıcı deyil. Xüsusilə də, iki ölkə arasında ABŞ-ın maraqlarına uyğun münasibətlərin qurula biləcəyi real görünmür”.

Politoloq qeyd edib ki, Bayden-Putin görüşünün ABŞ-Rusiya münasibətlərində müsbətə doğru ciddi dəyişikliklərə yol aça biləcəyi qətiyyən inandırıcı görünmür:

“Böyük ehtimalla bu görüş sayəsində Ağ Ev Kremli növbəti dəfə sınağa çəkməyə çalışa bilər. Bu sınaq Ağ Evin gözlədiyi nəticəni verməzsə, onda hadisələrin əsasən iki variant üzrə inkişaf edə biləcəyini düşünmək olar. Birinci variant odur ki, qarşıduran tərəflər heç bir halda anlaşa bilməyəcəklər və dünya ABŞ-Rusiya müharibəsi təhlükəsi ilə qarşı-qarşıya qalacaq.

İkinci variantdasa, hər iki tərəf qüvvələr nisbətinin rəqiblərin bir-birinə qarşı mütləq üstünlük qazanması üçün yetərli olmadığını qəbul etməli olacaqlar. Bu haldasa, hər iki tərəf savaşdan yayınmaq üçün qarşılıqlı güzəştlər çərçivəsində geri çəkiləcəklər.

Ukrayna ətrafındakı böhranlı situasiya müvəqqəti olaraq, dondurulacaq və daha sonra ümumiyyətlə, arxa plana keçiriləcək. Ardıncasa, ABŞ və Rusiya dünyanın siyasət məkanında bir-birinin maraqlarını nəzərə almaqla, öz hədəflərini reallaşdırmağa cəhd göstərəcəklər.

Yəni prezident Co Baydenin Kreml sahibi V.Putinlə görüşmək istəyi Ağ Evin Rusiya ilə savaşa aparan qarşıdurma mühitindən çıxış yolu axtarması kimi də dəyərləndirilə bilər”.