Onun hazırda dərdi Qarabağ dərdi deyil

Baş nazir seçki öncəsi səs faizini çoxaltmaq istəyir

Paşinyanın mesajlarının hamısı daxili auditoriyaya hesablanıb

Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan parlamentində çıxışı zamanı növbəti dəfə sərsəm açıqlamalar səsləndirib. O, çıxışında müharibədən sonrakı vəziyyəti dəyərləndirib. Baş nazir iddia edib ki, Ermənistan Qarabağ ərazisinin “işğaldan” tam azad edilməsi və sərhədlərinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti daxilində bərpa olunması məsələsini yenidən qaldırmalıdır. Onun sözlərinə görə, söhbət Hadrut rayonu və Şuşanın Xankəndinin nəzarəti altına alınmasından gedir. Lakin bu məsələ hərbi yolla deyil, siyasi yolla həll olunmalıdır.

Paşinyan Azərbaycanda Hərbi Qənimətlər Parkının açılışına işarə edərək deyib ki, Ermənistan bütün tribunalarda diqqəti Azərbaycandakı muzeyə yönəltməlidir. Azərbaycan Xarici İşlər Nazirliyi Nikol Paşinyanın absurd xəyallarına qısa cavab verib. Nazirlikdən vurğulanıb ki, Paşinyan növbəti sərsəmləmələri ilə diqqət çəkməyə çalışıb: “Nikol Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil”. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, “bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır” və bundan sonra heç bir “status” olmayacaq. 

Erməni baş nazirin açıqlamasını “Şərq”ə təhlil edən politoloq Əhəd Məmmədli bildirib ki, Paşinyan növbədənkənar seçki öncəsi bu cür açıqlamalar verməklə səs faizini çoxaltmaq istəyir. Analitikin sözlərinə görə, baş nazirin məqsədi iddia etdiyi kimi Qarabağ deyil:

“Paşinyan mümkün qədər özünü sığortalamağa çalışır. Revanşist düşüncədə olanları da öz cərgəsinə çəkmək üçün ara-sıra bu cür müharibə ritorikalı mesajlar verir. Öz ağlı ilə siyasi həmlələr edir və hələ də Azərbaycana düşmən olduğunu göstərir. Təbii ki, bu cür mesajların hamısı birbaşa daxili auditoriyaya hesablanıb.

Çünki baş nazir ölkədən kənarda bu tipli bəyanatlar səsləndirmir. Şübhəsiz, Hadrut və Şuşanın hansısa “sülh” yolu ilə Azərbaycandan geri alınacağını iddia etmək utopiyadır.

Paşinyan bir yandan deyir ki, Azərbaycan-Ermənistan sərhədləri 1975-ci ildəki dövrə qaytarılsın. Digər yandan isə Qarabağı almaqdan dəm vurur. Seçki öncəsi dediklərini ciddiyə almaq lazım deyil. Ermənilər ancaq müharibə yolu ilə buna cəhd edə bilərlər. Onu etməyə də cəsarətləri çatmaz.

Ermənistan istəməsə belə əvvəl-axır rəsmi Bakının yaratdığı reallıqları qəbul edəcəklər. Əgər bu cür mövzuların gündəmə gəlməyini ümumiyyətlə istəmiriksə, qısa zamanda Qarabağın dağlıq hissəsində də hərbi-siyasi yurisdiksiyamızı bərpa etməliyik”.