Sarkisyan Gürcüstanda böyük səhv buraxdı

"Zurabişvili belə məqamda düzgün hərəkət edib və Sarkisyanın qeydlərini paylaşmaqla onun mesajlarını heçə endirib"

Ermənistan Prezidenti Armen Sarkisyan Gürcüstanda səfərdə ikən prezident sarayının fəxri qonaqlar kitabında yazı ilə yanaşı Türkiyədəki Ağrı dağının konturları ilə rəsm çəkib. Bu fakt Gürcüstan Prezidenti Salome Zurabişvilinin həmin səhifənin fotoşəklini sosial şəbəkədə paylaşmasından sonra məlum olub. Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Ermənistan Prezidenti Armen Sarkisyanın Tiflisə rəsmi səfəri çərçivəsində əl atdığı təxribata münasibət bildirib.

Diplomat Tvitter hesabında Ağrı dağının Türkiyədə ən hündür dağ olduğunu yazıb. Yazqan statusunu gürcü və erməni dillərində də paylaşıb: “Sadəcə əmin edirəm ki, faktlar karikaturistik diplomatiyada itmir”.

Ermənistan prezidentinin təxribatçı addımını “Şərq”ə təhlil edən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev bildirib ki, Ermənistan prezidentinin bu cür addımları gözləniləndir. Professorun sözlərinə görə, ermənilər daim öz xislətlərinə uyğun hərəkət ediblər:

“Harada təhsil alması və ya işləməsi ermənilər üçün vacib deyil. Gözlərini açandan onların beyninə yeridilir ki, “türk sənin düşmənindir”. Bütün erməni uşaqlarının başını “böyük Ermənistan” xülyası ilə doldururlar və onları türklərə nifrətlə böyüdürlər.

Baxmayaraq ki, ermənilər Türkiyəyə XIV əsrdən Mesopotomiyadan (İraq – red) gəlməyə başlayıblar. Amma o qədər həyasızdırlar ki, getdikləri hər yeri “öz torpaqları” zənn edirlər.

Türkiyənin şərq torpaqlarını ələ keçirmək ermənilərin çoxdankı arzusudur. Məqsəd İrəvanın qonşuluğuna gələrək Qarabağa yiyələnməkdir. Ona görə də özlərini “ən qədim xalq” kimi təqdim etməyə çalışırlar.

Hətta ötən gün bir erməni iddia edirdi ki, guya insan yaradılışının kodu ermənilərdir, əgər onlara nəsə olsa, bütün bəşər məhv olacaq. Sarkisyan da bu ağılda olan ermənilərdən biridir.

Ermənistan prezidenti elə zənn edir ki, Gürcüstan səfərində Ağrı dağının konturlarını çəkməklə Türkiyənin şərqi onların olacaq. Sarkisyan böyük səhv buraxıb və fikirləşməyib ki, Gürcüstan prezidenti onun qeydlərini sosial şəbəkədə paylaşa bilər. Zurabişvili ağıllı gediş etməklə Sarkisyanı çətin vəziyyətə salıb”. 

C.Nuriyevin qənaətincə, Sarkisyanın məqsədi sadəcə Ağrı dağının onlara məxsus olmasını qabartmaq deyil:

“Ermənistan prezidenti həm də Gürcüstana mesaj verir ki, sizin Türkiyə ilə yaxınlaşmağınız yanlış seçimdir. Vurğulamaq istəyir ki, həm Ermənistan, həm də Gürcüstan xristian ölkələrdir. Yəni Tiflis öz dindaşı Yerevanla əməkdaşlıq etməlidir, nəinki müsəlman Türkiyə ilə.

Zurabişvili belə məqamda düzgün hərəkət edib və Sarkisyanın qeydlərini paylaşmaqla onun mesajlarını heçə endirib. Əslində bu hərəkət diplomatik səhvdir. Amma Zurabişvili diplomatik demarş edib və bununla öz etirazını bildirib. Ermənilərdən çox şey gözləmək olar.

Nəzərə alaq ki, Armen Sarkisyan Ermənistanda ən dişsiz siyasətçilərdən biridir. Əgər bunların ən zəif fiquru bu qədər təxribatçıdırsa, görün, digərlərinin “potensialı” nə qədərdir”.